Qələbənin rəngi hopub Qarabağa

464

Hər gün bir yeni xəbər, hər gün bir qələbə sevinci...

İndi təkcə bizim coğrafiyada deyil, planetimizin hər yerində  yaşayan azərbaycanlıların və türklərin əhval-ruhiyyəsi bunun üzərində köklənib. Hər səhər yuxudan oyanan kimi əl atdığımız smartfonlardan Vətən müharibəsinin Qarabağ cəbhəsində baş verən  yeni müjdə dolu xəbərlərini acgözlüklə izləyirik. Dağıdılan düşmən ordusuna məxsus silah-sursat, hərbi texnika  və canlı qüvvənin görüntüləri  ürəyimizdən sanki 30 illik həsrətin yanğısını, nifrətini çıxarır. İşğalçı düşməni məhv edən hər mərmi şəhid oğulların qisas səsidir. İndi bu xəbərlər təkcə zəfər himninin söz-söz yazılan misraları deyil, həm də hamımızı birləşdirən dəyərdir.

Torpaqların işğaldan azad olunmasının sevincini az qala unutmuşduq. Ancaq 2016-cı ilin şanlı Aprel döyüşlərində və 2018-ci ilin Günnüt əməliyyatında yenidən bu xəbəri eşitmə haqqımız olduğunu bizə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, ölkə başçısı cənab İlham Əliyev  yaşatdı.

Bu gün isə... Hər saatbaşı televizorun, kompüterin qarşısında,  mobil telefonların ekranlarında axtarırıq işğaldan azad edilən kəndimizin, qəsəbəmizin, şəhərimizin yeni müjdəsini. Hələ bu xəbəri sadə vətəndaş qədər sevinərək, dünyanın ən güclü sərkərdəsi kimi qətiyyətli, tutarlı  ifadələri, işğalçı düşmənə nifrəti,  emosiyası  ilə ölkə başçısının statusundan,   öz dilindən eşitməyin ayrı bir həzzi, unudulmazlığı, qüruru var. Şükürlər olsun sənə, ulu Tanrı, bu sevinci bizə məhz bu cür yaşatdığın üçün. Sentyabrın 27-dən bu günə qədər azad edilən 150-yə qədər yaşayış məntəqəsi, mühüm, strateji yüksəkliklər, azad edilən hər qarış torpağımız- Qarabağ  üçün necə darıxmışdıq?!

 İndi nəinki türk dünyasının, bütün dünyanın diqqəti Azərbaycanda, Qarabağdadır. Hər kəsə isə bu savaşdan bir pay düşür: bizə geri qaytarılan minillik torpaqlarımız, dünyanın müxtəlif ölkələrinin hərbi mütəxəssisləri üçün göylə yerin arasında gedən yeni döyüş taktikası, torpaqlarında Qarabağ kimi süni problem yaradılan ölkələr üçün unikal həll yolu, kiminsə oyuncağına çevrilərək yaradılan qondarma qurumlar üçün fiaskonun bariz nümunəsi!

...Hər dəfə Müdafiə Nazirliyinin işğaldan azad edilən kəndlərimizdən  yayımladığı videomateriallarda bir məqam diqqətimi çəkir. Yaşayış infrastrukturu tamamilə dağıdılan kəndlər, şəhərlər, talan edilən evlər, binalar. İlk baxışdan işğalçı ermənilərə yönələn bir sual doğur: Əgər bu kəndlərdə, şəhərlərdə yaşamayacaqdınsa, niyə onları dağıdıb, əhalisini zorla çıxmağa məcbur edirdin? Amma cavab da elə həmin anda gəlir: həmişə türkə-azərbaycanlıya nifrət edən vətənsiz erməni yaxşı bilir ki, bu torpaqlar onun deyil. İstəsə belə ondan zorla özünə vətən düzəldə bilməz. Çünki gec-tez sahibi onu geri qaytarmaq üçün qayıdacaq və onda əsl erməni xisləti üzə çıxır; dağıtmaq, yandırmaq, talamaq və bayquş kimi xarabalıqdan zövq almaq!

Bir məqam isə insana daha çox xoş gəlir. Azərbaycan əsgərinin ayağı dəyən, işğaldan azad olana qədər ermənilər tərəfindən xarabazarlığa çevrilən  hər bir kənd, qəsəbə və şəhər sanki bizim üçün dünyanın ən yaraşıqlı yeridir. O dağıdılan evlərdə, uçuq divarlarda belə doğmalıq, hərarət  hələ də qalır. Vallah, bir payız günündə mənə elə gəlir ki, o torpaqlara yaz yaşıllığı, yaraşığı, Qələbənin rəngi  gəlib!!!    

                                                                                Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: