Naxçıvandan qardaşı Qarabağa məktub

A- A A+

Ümid sonda ölür deyirlər, qardaş. Bu həqiqətən də belə imiş. Bilirsən bir vaxtlar bu xalqın ən çox qırılan dəyəri ümidləri idi. Parça-parça, qırıq-qırıq, ilmə-ilmə olmuşdu ümidlərimiz. Darı kimi səpələnmişdi dünyanın dörd bir yanına. Hər yerdə - meşələrdə ağacların gövdəsində, dağların yüksək zirvələrində ulduz-ulduz yanır, ocaq kimi közərirdi ümidlərimiz.

Onlar var idi, onlar şölə saça bilirdilər. Amma yol göstərə, məşələ çevrilə bilmirdilər. Bir araya toplana bilmirdilər. Şuşa nisgili, Qarabağ dərdi, Kəlbəcər harayı, Laçın kədəri, Zəngilan qubarı, Cəbrayıl, Qubadlı, Füzuli, Ağdam həsrəti param-parça etmişdi  ümidlərimizi.

İlahi, ümidlər bir yerə toplaşanda, bir yerdə işıq saçanda, bir məslək uğrunda səfərbər olanda yaşamaq necə də gözəl olurmuş! Ümidlər çöhrələrdə təbəssüm, süfrələrdə nemət, torpaqda bar-bərəkət, ürəklərdə yaşamaq eşqidir.

Ümidlər keçmişə sayğı, gələcəyə inamdır. Ümidlər, övladlarımızın saçında sığal, gənclərimizin taleyində xoşbəxt sabahdır.

Ümid. O rəngsiz, formasız, dadsız və çalarsızdır. Amma hər şeydir.

Bir vaxtlar bizim gəncliyimiz, gələcəyə inamımız, həyat eşqimiz, sevgimiz, sabahlarımız işğal altında qalan torpaqlarımızın sərhədlərində dən-dən olmuşdu. Axı insan nisgilli olanda nə edirsə, ürəyinə yatmır. Doğmasından, əzizlərindən, ciyər parasından aralı düşəndə yaşamaq həvəsi itir, hövsələsiz, həvəssiz yaşayır.

Qarabağ bizim hər şeyimizdir. Babamızın qeyrəti, nənələrimizin isməti, qadınlarımızın namusu, oğullarımızın gücü, qızlarımızın həyası, balalarımızın gələcəyidir. Bu torpaq beşikdir, nənnidir, layladır, muğamdır, azandır. Bu torpaq Pənah xandır, Natəvandır, Vaqifdir, Zakirdir, Üzeyirdir.

Böyük imperiyaların qanlı caynaqları səni bizdən ayırmışdı. Səni bizdən qəsb eləmişdilər, qardaş. Axı sən bizim sevgimizlə, nəğməmizlə, nəvazişimizlə, gülüşümüzlə rövnəqlənirdin. Axı sən bizim bağrımızın "QARABAĞISAN". Səni, sənə doğma olan nə vardısa hamısına həsrət qoymuşdular, qardaş. Köksündə toplardan, güllələrdən yaralar, yağı düşmənlərin tapdağından qabarlar yaranıb. Sənin nisgilin bizim hamımızdan çoxdur. Düz 27 ildir ki, İbrahim xanın qartal oylağı Qurana, azan səsinə həsrət qalıb. 27 il idi ki, bulanmışdı Həkəri çayının suları. Düz 27 il idi ki, düşmənin nəfəsi murdarlamışdı doğma torpaqlarımızın havasını. Yıxılmışdı Şuşa qalasına taxılacaq üçrəngli, aylı-ulduzlu bayraqların tirləri.

Suqovuşandan yuxarıya, Füzuliyə, Xocalıya, Şuşaya doğru əsgərlərimiz addım-addım irəlilədikcə payız fəslində torpaqlarına sanki bahar nəfəsi gəlir. Çəmənləri solmuş çöllər, ağacları qurumuş meşələr, suyu çəkilmiş çaylar, sonası küsmüş göllər, obaları dağılmış dağlar yenidən canlanırlar. Qədim yurd yerlərimizdə dağlar dumana bələnib. Evləri uçmuş, bağları qurumuş, ayaq izləri kəsilmiş kəndlərimizdə igidlərimizin nəfəsi, onların ayaq səsləri, doğma ana dilimizdə oxuduqları nəğmələri,  yurd yerlərimizə yeni həyat, yeni ruh bəxş edir. Sənin nisgilin, sənin dərdin, sənin düşmən əsarətində çəkdiklərin bizim sinəmizdə çalım-çarpaz dağlar basıb, Qarabağ.

Bu qədər də ayrılıq olar?! Bu qədər də qəribçilik olar?! Ay qardaş, axı bu qədər də həsrətmi olar?! Heç bilirsənmi sənin həsrətindən  nə qədər insanın ürəyi partladı, nə qədər insanın ömrü yarıda qırıldı? Sənin həsrətin ürəklərdə qubar bağladı.

Bu gün Füzulidən, Cəbrayıldan, Zəngilandan azan səsləri yüksəlir. Övladların qanla suvarırlar torpaqlarını. Güllələr, süngülər, top mərmiləri sağalmayan yaraların üzərindən yeni yaralar açır. Amma sən bizə qovuşursan. Anamız Azərbaycanın nəfəsi sənin dərmanın, məlhəmin olacaq. Biz hamımız doğma anamızın xeyir-duasıyla layiq olduğumuz xoşbəxt gələcəyə qovuşacıyıq.

Qardaşım Qarabağ, sən bizi bağışla, bağışla ki, bu həsrət uzun çəkdi!

Müzəffər Zəfər

Naxçıvan televiziyasının baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: