Üç şəklin tarixçəsi - FOTOLAR

258

Bir payız axşamı ailə albomumu vərəqlərkən üç şəkilə rast gəldim. Hər üçündə də tanış bir çöhrə məni xatirələrin qoynuna alıb təzə əsrin ilk illərinə apardı. Bu o idi: Canım ağrıyanda dəfələrlə üz tutduğum, şəfqətli həkim, el ağsaqqalı Əqil Mehdiyev. Gördüyünüz  şəkillər onunla yol yoldaşı olduğum zaman çəkilmişdi. 2003-cü il iyulun 12-də Qarsa gedirdik. Gedişimizin səbəbi o idi ki, həmin gün Qarsda ulu öndər Heydər Əliyevin abidə-büstünün və onun adını daşıyan parkının açılışı olacaqdı. Naxçıvandan Ali Məclis Sədrinin rəhbərliyi altında gedən 200 nəfərlik nümayəndə heyəti də bu tədbirlərdə iştirak edəcəkdi. Təbii ki, hamı kimi mən də həmin səfəri səbirsizliklə gözləyirdim.

Həmin gün yola düşəndə iş elə gətirdi ki, mən Əqil həkimlə avtobusda yanaşı oturmalı oldum. Özü dəvət elədi və dəvətini məmnunluqla qarşıladım. Söhbətimiz tuturdu. Oğuz-türk yurdu olan Naxçıvanla Qarsı ayıran 250 kilometrlik bu yolda o qədər deyiləsi, danışılası mövzular vardı ki… Hər ikimiz keçmiş illəri xatırlatdıq, müayinə etdiyi xəstə oğlumun səhhəti ilə maraqlandı və kədərimi duyunca mövzudan yayındı. Qarşıda əzəmətlə ucalan Ağrı dağının ecazkar gözəlliklərindən bəhs etdi. Dağın qoşa zirvəsi həmişəki kimi yenə ağ pambığa oxşayan parça-parça dumana bürünmüşdü. Dedi ki,  təbiətin hər zərrəsində bir gözəllik var, hər gözəllikdə isə Yaradanın qüdrətini görməmək mümkün deyil. Bəzən də bu qüdrəti tam dərk etmək olmur, tam dərk etmək qüdrətində deyilik.

Düşüncələri onun din-iman əhli olduğundan xəbər verirdi. Təsadüfi deyildi ki, Əqil Mehdiyevə ömrünün ixtiyar çağında müqəddəs Kərbəla və Həcc ziyarətləri də qismət olmuşdu.

Onu da əlavə etdi ki, ta uşaqlıq çağlarından bu dağa təbiətin əsrarəngiz gözəlliyi kimi baxmaqdan doymayıb. Hərdən arzulayıb ki, bu dağa əli yetsin, onun ətəyində yaşayan insanlarla təmas tapsın. Bu, mənim də arzum idi və mən Əqil həkimdən fərqli olaraq Sədərək-Dilucu körpüsündən 1992-ci ildə keçmişdim. Həmin il  mayın 28-i bir millətin iki dövlətini birləşdirən “Ümid” köprüsünün açılışı yaddaşıma əlamətdar hadisə ilə həkk olunmuşdu. O zaman ulu öndərimiz Heydər Əliyev körpünün açılışında belə demişdi: “Mən özümü xoşbəxt hesab edirəm ki, gördüyüm bütün başqa işlərlə bərabər, o ümid, həsrət körpüsünün qısa müddətdə tikilməsinin, yaranmasının təşəbbüskarı oldum. Naxçıvan Türkiyəyə açıldı”.        

Bu gün isə Naxçıvan Muxtar Respublikası ilə Türkiyənin yaxın bölgələri arasında bütün sahələrdə mövcud olan qarşılıqlı əlaqələrin dinamik şəkildə inkişafı  Əqil həkimi də arzusuna qovuşdururdu.

Onunla tanışlığım ötən əsrin 70-ci illərindən başlamışdı. O zaman Naxçıvan  Muxtar Respublika Xəstəxanasında baş həkim idi. “Şərq qapısı” qəzetinin müxbiri kimi müsahibə almışdım və bu qənaətə gəlmişdim ki, çalışdığı 11 il 6 ay ərzində bu vəzifəyə şərəf verib, onu hamının gözündə ucaldıb. Baş həkimin yüksək təşkilatçılığı sayəsində xəstəxanda fizioterapiya, laboratoriya və rentgen kabinələri yeni avadanlıqlarla təchiz edilib, əməliyyat bloku yaradılıb, çarpayıların sayı 250-dən 400-ə çatdırılıb. travmatologiya, urologiya, anesteziologiya və reanimasiya şöbələri təşkil edilib, gənc həkimlərin fəaliyyəti üçün geniş imkanlar yaradılıb, Naftalan vannaları ilə müalicə prosedurlarına  başlanılıb.

Yolboyu keçdiyi həyat yoluna güzgü tutduq. Söhbət əsnasında dedi ki, əgər həkimin işığı başqasının üzərinə düşmürsə, özünün sönməsi yaxşıdır. Onun özü şəfalı əlləri ilə xəstələrə ümid çırağı idi. Bəzən belə həkimlərin qədrini ağır xəstəliyə düçar olub onların möcüzəli əlləri ilə yenidən həyata, sağlam yaşamağa qayıdandan sonra daha yaxşı bilirik. Bəzən isə onların etdiyi bu misilsiz yaxşılığı tez unuduruq.

Əqil həkim 1984-cü ilin iyul ayında heç bir səbəb olmadan tutduğu vəzifədən azad edilib sıravi həkim kimi Nehrəm kənd xəstəxanasına  göndəriləndə də taleyin belə bir qismət payını yaşamalı olmuşdu. O özünəməxsus soyuqqanlılıq, dözüm və səbir göstərərək, öz ləyaqət və vicdanı ilə həkimliyini davam etdirib,  kənd əhalisinin sağlamlığı keşiyində dayanıb. Kənd sahə xəstəxanasının və doğum evinin yeni binalarının istifadəyə verilməsi, Nehrəm kənd sahə xəstəxanasında Cərrahiyyə  şöbəsinin yaradılmasında müstəsna xidmətləri vardı.                

Əqil həkim   1990-cı il iyulun 22-də ümummilli lider Heydər Əliyevin Naxçıvana gəlişinin bu qədim diyarın ictimai-siyasi həyatında mühüm canlanma yaratdığından da söz açdı. Dəfələrlə onun görüşünə getdiyini, söhbətlərini xatırlatdı. Ulu öndərin Nehrəm kəndinə xüsusi sevgisi cavabsız qalmayıb. 340 nömrəli Nehrəm seçki dairəsindən Azərbaycan SSR xalq deputatlığına namizəd göstərilib. 1990-cı il sentyabrın 26-da seçicilərlə keçirilən görüşdə Əqil Mehdiyevin çıxışı kənd seçicilərinin yekdil rəyini bir daha ifadə edib. Beləliklə, Ulu öndərin böyük siyasətə qayıdışı Nehrəm kəndindən də keçib.

1991-ci il sentyabrın 3-də ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Naxçıvanın, eləcə də bütün Azərbaycanın xilası ilə nəticələnib. Həmin illərdə digər sahələr kimi səhiyyənin də mövcud vəziyyəti Ali Məclis Sədrini narahat edib. 1992-ci il iyunun 29-da Ali Məclisdə keçirilən müşavirədə o, bu narahatlıqları belə dilə gətirib: “Bizim səhiyyə müəssisələri bərbad vəziyyətdədir. Onlar öz işlərini lazımi səviyyədə qura bilməyiblər. Ona görə də biz təcili olaraq tədbirlər görməliyik. (Bax:”Qayıdış” kitabı, 2008. səh 602)  O illərdə görülən işlər səhiyyənin tədricən dirçəlməsinə şərait yaradıb. Ulu öndər Azərbaycanda siyasi hakimiyyətə qayıtdıqdan sonra da Naxçıvanda səhiyyəni diqqətdə saxlayıb. 1993-cü il noyabr ayının 12-də Əqil Mehdiyev yenidən Nəriman Nərimanov adına Naxçıvan Muxtar Respublika Xəstəxanasına baş həkim və qısa müddətdən sonra 1995-ci il iyun ayının 12-də  muxtar respublikanın  Səhiyyə naziri təyin edilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun Əqil Mehdiyevin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamında deyildiyi kimi,  ömrünün 50 ildən çoxunu səhiyyə təşkilatçısı və həkim kimi muxtar respublika səhiyyəsinin inkişafına həsr edən Əqil Mehdiyev Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri vəzifəsində səmərəli fəaliyyət göstərib. Əqil Mehdiyev muxtar respublikanın ictimai və sosial həyatında da yaxından iştirak edib, birinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı seçilib, Naxçıvan Muxtar Respublikası Ağsaqqallar Şurasının sədri olub. Əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilən Əqil Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkimi” fəxri adına layiq görülüb, “Şöhrət” və “İstiqlal” ordenləri ilə təltif edilib.

Qarsda parkın açılışından sonra da xatirələr çözələnirdi. O, ulu öndərin büstünə tamaşa edib köks ötürdü: “Belə şəxsiyyətlər Azərbaycan tarixində yüz ildə bir dəfə yetişir”,-dedi.

Foto-müxbir isə öz işində idi, aparatı bir neçə dəfə işə salıb kadrları yaddaşa həkk etdi.

Baxıram, o səfərdən qalan bu üç şəkildir, orada əks olunanlardan  həyatda qalan isə tək mən.  Bir də onların mənimlə qalan xoş xatirələri…

Əqil Mehdiyev indi də bizimlə mənən yaşayır. Onun xoş əməlləri, həkim şəfqəti bütün səhiyyə işçiləri üçün örnəkdir.

                                                                                                   Hüseyn Əsgərov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: