“Qarabağ” dastanının “Qubadlı” boyu

A- A A+

Qədim qalaları, türbələri, mağaraları, körpüləri ilə tarixin özüdür Qubadlı. Əsrlərin o üzündən boylanan, qədimdən qədim tarixi, gözəllikləri-dağları, dərələri, meşələri, fauna və florası, çayları, təbii  zənginliyi ilə şiş dağları, əraziləri, sıldırım qayaları, bu qayaların sinəsinə pərçimlənmiş evləri, yetirdiyi-bitirdiyi nemətləri ilə Naxçıvanımın bənzəridir Qubadlı.  Niyə də bənzəməsin ki bu iki yurd bir-birinə?.. Zəngəzur mahalı vaxtilə Azərbaycandan qoparılıb ermənilərə verilənədək  bir-birilə əl-ələ idi Zəngəzurla Naxçıvan mahalları. Naxçıvandan başlanan dağ silsilələri Zəngilandan Qubadlıya, Qubadlıdan  Cəbrayıla, oradan Füzuliyə, ta Laçına, Xankəndinə uzanırdı. Bu dağların  havası, zirvəsindən süzülən saf suları, hər daşı, hər qayası  bu yurdların həm coğrafi oxşarlığının, həm də insanlarının xaraktercə bir-birinə bənzəməsinin səbəbidir.

Ali Baş Komandandan Qubadlı xəbəri

Oktyabrın 26-sı yeni Azərbaycan tarixinin növbəti şanlı səhifəsinə çevrildi.  Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xalqa müraciəti yenə də işğaldan azad edilən ərazilərimizin xoş müjdəsi  ilə bitdi:  “İndi Azərbaycan xalqının səbirsizliklə gözlədiyi siyahıları böyük məmnuniyyət və qürur hissi ilə xalqımın diqqətinə çatdıracağam.  Beləliklə, dünən azad edilmiş yaşayış məntəqələrinin siyahısını doğma xalqıma çatdırıram. Zəngilan rayonunda azad edilmiş kəndlər: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd. Cəbrayıl rayonunun azad edilmiş kəndləri: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər. Qubadlı rayonunun dünən azad edilmiş yaşayış məntəqələri: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri!

Dünən mən artıq bu barədə Azərbaycan xalqına bu sevincli xəbəri verdim. Bir daha bu şad xəbəri bütün Azərbaycan xalqına çatdırmaq istəyirəm. Zəngilan, Cəbrayıl, Qubadlı rayonunun sakinlərinə, bu kəndlərdə yaşamış sakinlərə xoş xəbər çatdırmaq mənim üçün böyük şərəfdir. Düzdür, o kəndlərdən bir şey qalmayıb. Eybi yoxdur, bərpa edəcəyik. Azərbaycan xalqının da, dövlətinin də buna gücü çatacaq. Təki torpağımız azad olsun. Təki bayrağımız işğaldan azad edilmiş bütün torpaqlarda qaldırılsın. Biz əsgərlərimizin, zabitlərimizin canı-qanı bahasına bu torpaqları azad edirik. Həm döyüş meydanında, həm siyasi müstəvidə özümüzü təsdiqləmişik, dünyaya təsdiqləmişik. Azərbaycan xalqını qürurlu xalq kimi, cəsarətli xalq kimi, yenilməz xalq kimi təsdiqləmişik. Heç bir təzyiq bizə təsir edə bilməz. Heç bir hədə-qorxu bizi yolumuzdan döndərə bilməz. Çünki haqq yolundayıq, yumruq kimi birik. Bu birlik əbədidir və əbədi olacaq!

Əziz həmvətənlər, mən hələ müharibənin ilk günlərində sizə söz vermişdim ki, biz düşməni torpaqlarımızdan qovacağıq, sona qədər qovacağıq. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Ali Baş Komandan,  Prezident cənab İlham Əliyev bu gün Qubadlı şəhəri və Qubadlı rayonunun bir neçə kəndinin işğalçılardan azad olunmasında fərqlənmiş hərbi birlik komandirləri Yaşar Həsənovu və Zaur Quliyevi təbrik edib. Dövlətimizin başçısı onlara Vətən uğrunda gedən döyüşlərdə yeni uğurlar arzulayıb. Təbriklərinin  və təşəkkürlərinin bütün şəxsi heyətə çatdırılmasını tapşırıb.

Əsrlərin o üzündən boylanan QUBADLI 

IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah,  Muradxanlı kəndindəki V əsrə aid “Qalalı”, Əliquluuşağı kəndindəki “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər” türbəsi, Yazı düzündəki “Cavanşir” türbəsi,  Hacı Bədəl, Laləzar körpüləri, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr,  Gürcülü kəndində olan XVII əsrə aid türbə, XVIII əsrə aid Xocamsaxlı kəndində olan türbə, ərazisində inşa olunan yaşı bir əsrdən artıq ilk dünyəvi məktəb Qubadlının qədim tarixindən danışır.  Bu yurdun elm, mədəniyyət mərkəzlərindən, tarixi-dini abidələrindən, insanların ibadətindən,  xüsusi maraq doğuran “Qubadlı” toponiminin mənşəyindən  söhbət açır. Tarix danışır, Qubadlının 1993-cü ildə işğalı ərəfəsində rayona çox yaxın yerdə, Hacılı kəndi yaxınlığında bir qazıntı yerində Sasani şahı Qubadın (488-531) adından zərb edilmiş 60-a qədər gümüş sikkə nümunələrinin tapıldığını, dəfinənin olduğu küpün hündürlüyünün 10,5, oturacağının diametrinin 6,5 santimetr olduğundan söhbət açır. Tarixçilər sübut edir ki, bu sikkələr 521-522-ci illərdə kəsilmişdir. Qubadlı adının mənşəyi tarixi mənbələrə əsasən I Qubadın adı ilə bağlı olsa da, yaşayış məskəni kimi lap qədim dövrlərə gedib çıxır. Tədqiqatçıların araşdırmalarında  Qubadlı  əvvəllər Azərbaycanın şimalında mövcud olan Albaniyanın tərkibində olduğundan, sonra ərəb xilafətinin əsarəti altına düşdüyündən, xilafətin süqutundan sonra,  IX-X əsrlərdə Sasanilərin, X əsrdə Sacilərin, XI-XII əsrlərdə Şəddadilərin, XII-XIII əsrlərdə Atabəylər-Eldəgizlərin, Qaraqoyunlu və Ağqoyunlu dövlətlərinin tərkibinə daxil edildiyindən danışır. Bu tarix qərbdən  120 kilometr  məsafədə Ermənistanla, şimaldan Laçın, cənubdan Zəngilan, şərqdən Cəbrayıl rayonları ilə həmsərhəd olan Qubadlının Azərbaycanın qədim yaşayış məskənlərindən olduğunu hər daşı, qayası, bu torpağın hər qarışı ilə sübut edir.  

Qubadlı şəhəri Qubadlının açarıdır

Qubadlı haqqında bir yazıda oxuyuram: “Palıd bu meşələrin arxası, vələs dövləti, alma, armud, fındıq, əzgil, zoğal, yemişan... sərvəti, dağ çayları, şəlalələr, buz bulaqlar şöhrəti, qara gözlü əliklər, xınalı kəkliklər, qırqovullar, turaclar, göyərçinlər... gözəlliyi idi”.  Bəli, bu yazı o vaxt yazılmışdı ki, rayonun olduqca gözəl təbiətinin yetirdiyi meşələr ermənilər tərəfindən qırılaraq Ermənistana və ya xarici ölkələrə daşınırdı. Bu, müəllifin yanğısı idi, dağıdılan meşələr fonunda Qubadlının gözəlliklərinin ürək yanğısı ilə vəsfi idi.  Sanki bu gözəl məkana bir təəssüf hissi idi o cümlələr...

Əziz müəllif, artıq “idi”lər arxada qaldı. Qubadlı şəhəri bütün rayonun açarıdır ki, o açarı da milli ordumuzun qəhrəman əsgər və zabitləri əldə ediblər. Bəli, bu bir möcüzədir. Qədim Azərbaycan nağıllarında  divin əlindən igidimiz tərəfindən padşahın  qızının alınması kimi... Məmləkətə gələn suyun qarşısını kəsən əjdahanın igid oğlan tərəfindən öldürülüb suyun qarşısını açması kimi... Qubadlının-bu gözəlliklər məkanının açarı da 30 il ərzində  bu əzəli, həm də strateji əhəmiyyətli  torpağımızda keçilməz barrikadalar yaratmış ermənilərin əlindən alındı. Bu açar  inzibati bölgüsünə 1 şəhər, 93 kəndin  aid olduğu Qubadlının yaxın günlərdə işğaldan tamamilə azad olunacağının rəmzidir.

Gözəlliklər məkanı yurd yeri

Çox az qalıb bu gözəl məkanın illərdən bəri susan  iki böyük dağ çayının- Həkərinin, Bərgüşadın çağlamasına.  Öz mənbəyini Kəlbəcərdən götürən, Araza qovuşana kimi bir çox dağ çaylarına da qoyun açan, illərdir suları həm Kəlbəcərin, həm Qubadlının göz yaşı olan  Həkərinin,  mənbəyi Ərikli dağlarından başlayan  Bərgüşadın sularının göz yaşından arınmasına. Dağ bulaqlarından süzülüb gələn sulardan,  Dəli çaydan, Şəki çaydan, Sisyan, Taxtakörpü çayı, Daşlı dərə, Bəxtiyarlı, Ağa çaylarından güc alan  Bərgüşadın və  Həkərinin  Qaralar kəndinin yaxınlığında birləşib Araza qovuşmasına az qalıb. Axı onlar  da bu yurdun insanları kimi məskənlərindən dərbədər edilmişdilər. İnsanların taleyinə qaçqınlıq, köçkünlük yazıldığı kimi, çayların da axınının səmti dəyişdirilmişdi.  Qubadlılılar indiyədək Vətəninin ayrı-ayrı yerlərində yurd həsrətlilərinə çevrildikləri kimi, Qubadlının çayları, bulaqları, meşələri, ağacları, bitkiləri öz yurdlarında qəribçilik ömrü yaşamağa məhkum olunmuşdular. Hələ üstəlik meşələr düşmən əli ilə Vətəndən  kənara çıxarıldı, bitkilərin kökü kəsilərək Qubadlıya həsrət qaldı, çaylar öz məhvərindən çıxarıldı.

İqlimi əsasən mülayim isti və quru subtropik olan rayonun bir hissəsi aran olsa da, əsas hissəsi dağlıqdır. Buradakı 13,2 min hektar meşə sahəsi dağlıq yerləri öz örtüyünə bürümüşdür.  Hərtiz və Səngər dağlarındakı şəfalı bulaqlar can dərmanıdır. Qubadlılılar taxılçılıq, tütünçülük, baramaçılıq, üzümçülük və heyvandarlıqla  məşğul olurdular. Qarşıdakı bahar onların həm öz ömrünə, həm də torpaqlarına, təsərrüfatlarına yeni  həyat gətirəcəkdir. Bu zəngin yurdun torpaqları taxıl zəmilərinə, üzüm, barama, tütün sahələrinə bürünəcək, dağlarının yamaclarından yenidən qoyun-quzunun, mal-qaranın səsi gələcəkdir. Çobanların neyindən süzülən  “Qarabağ” şikəstəsi  doğma səsə 30 illik təşnə yurdun  bu həsrətini vüsala çevirəcəkdir.

Qubadlıda böyük işlənməmiş əqiq yatağı,  mərmər karxanası da var idi, indi qalırsa əgər... Qalmasın heç, qoy gözüaclar, bu xalqın hesabına torpaq sahibi olanlar onları da aparmış, talamış, satmış olsunlar. Təki torpağımızdan çıxsınlar. Çünki Azərbaycan xalqı üçün torpaqdan qiymətli heç nə yoxdur.

Bu  yurd Əliyar, Şükür, Nəbi yurdudur

Bu yurd 1992-ci ilin iyun ayının 24-də Qubadlı rayon mərkəzini bombalamağa uçan üç vertolyotu döyüşçüləri ilə vurub salan,  avqust ayında həyata keçirilən “Şurnuxu” əməliyyatında iştirak edərək bir gün ərzində ermənilərin 80-dən çox canlı qüvvə və bir neçə texnikasını məhv edən, düşmənin Gorusun Şurnuxu kəndindəki postunu darmadağın edən, həmin ilin payızında 40 könüllü döyüşçü ilə birlikdə işğal altındakı Laçının 40-a qədər kəndini 4 gün ərzində ermənilərdən azad edən I Qarabağ müharibəsi iştirakçısı, milli qəhrəman  Əliyar Əliyevin  yurdudur.

Bu yurd  “Burada ermənilərə yaxşı dərs verdik. Düşmən çaşğınlıq içərisində idi, başlarını itirmişdilər. Ermənilər Lələ təpə istiqamətindəki ərazini “Ohanyan səddi” adlandırırdılar. Onlar hesab edirdilər ki, burada möhkəmləniblər və guya bura keçilməz idi. Amma döyüşçülərimiz bu həddi göz qırpımında keçdilər. 40 dəqiqə ərzində bizim hərbçilərimiz həmin ərazini azad elədilər. 1 saatın sonunda həmin təpədə bayrağımız dalğalanırdı. Bütün istiqamətlərdə düşmən pərakəndə şəkildə qaçırdı.” Düşmən yaxşı döyüş aparsaydı, bu daha zövqlü olardı”,- deyən qəhrəmanlığı ilə erməniləri qorxuya salan II Qarabağ müharibəsi iştirakçısı, Milli Qəhrəman, 23 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Şükür Həmidovun yurdudur, XXI əsrin qəhrəmanlarının yurdudur.

Bu yurd vaxtilə çar hökumətinə, zülmkar mülkədarlara qarşı mübarizə aparan, bir də elə qonşuluqdakı erməniləri cızıqlarında saxlayan, Naxçıvan və Zəngəzur mahallarında qaçaqlıq edən Qaçaq Nəbinin yurdudur. 20 il çar hökumətinin  məhv etməyə çalışdığı, lakin bacara bilmədiyi, başına topladığı igidlərlə insanların haqqı olanlarını ədalətə çevirən, Azərbaycan xalqının unudulmaz xalq  qəhrəmanı Qaçaq Nəbi, Qoçaq Nəbi... Elimizin özü kimi mərd qızı Həcərlə hünər meydanında qoşa adımlayan, düşmənə bu Vətənin XIX əsr vətənpərvərlik  nümunəsini sərgiləyən, adına dastanlar, nağıllar, şeirlər yazılan, hər bir azərbaycanlının qəlbində yaşayan Qaçaq Nəbinin yurdudur Qubadlı. Yəqin ermənilər yaxşı xatırlayarlar:

Nəbinin birçəyi oyma-oymadı,

Qırdı saldatları, birin qoymadı.

Bu davada Nəbi tufan eylədi,

Kazakları qırıb fiğan eylədi.

Burda Nəbi yenə bir ad eylədi,

Erməni Ginkuru bidad eylədi.

Gələcəkdi Əliyarın, Şükürün, Nəbinin davamçıları bir gün bu Vətəni, bu yurdu erməni zorakılığından xilas etməyə. Bunu ki siz ermənilər biz azərbaycanlılardan yaxşı bilirdiniz. Gəldilər də, sizə Füzulidə, Cəbrayılda, Hadrutda, Kəlbəcərdə və Qubadlıda elə bir dərs verdilər ki, tarix durduqca xatırlayacaqsınız.

Mətanət Məmmədova

Əməkdar jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: