Şəhidlik zirvəsini fəth edənlər Naxçıvanda son mənzilə yola salındı - VİDEO

A- A A+

Doğma Qarabağın azadlığı, Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan həmyerlilərimiz bu gün Naxçıvanda qarşılanaraq doğma torpaqda son mənzilə yola salınıblar. Şəhidlərlə vida mərasimlərində vurğulanıb ki, Naxçıvan yetirdiyi sərkərdərləri, hərbçiləri, vətənpərvər, cəsur və qəhrəman övladları ilə Azərbaycanın hərb tarixində müstəsna yerə malikdir. Ötən əsrin 90-cı illərində müstəqilliyimizin əsasları ulu öndər Heydər Əliyev tərəfindən Naxçıvanda qoyulduğu kimi, Azərbaycanda ilk nizami ordu da Naxçıvanda yaradılmış, ilk hərbi parad keçirilmiş, üç rəngli bayrağımız 70 il sonra Naxçıvan Ali Məclisində qaldırılmışdır. Naxçıvanın Azərbaycanın dövlətçilik və hərb tarixində mühüm yerə malik olan şərəfli missiyası bu gün də davam edir.

Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb. Şəhidlərin dəfn mərasimlərində dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri, minlərlə sakin iştirak edib.

Cəlilov Sahil Oktay oğlu Şərur Şəhidlər Xiyabanında, Məmmədov Əli Abbas oğlu Şərur rayonunun Maxta kəndində, Quliyev Kənan Vaqif oğlu Culfa şəhərində, Seyidov Miryasin Mirqafar oğlu Culfa rayonunun Əbrəqunus kəndində, Rzayev Kənan Əbdürrəhman oğlu Culfa rayonunun Qızılca kəndində, Əsgərov Vüqar Rza oğlu Kəngərli rayonunun Qarabağlar kəndində, Həsənov Elməddin Elşən oğlu Kəngərli rayonunun Şahtaxtı kəndində, Ramazanov Rasim İsmayıl oğlu Babək şəhərində, Teymurov Elvin Mustafa oğlu Babək rayonunun Nehrəm qəsəbəsində son mənzilə yola salınıblar.

İzdihamlı mərasimlərdə çıxış edənlər şəhidlərin ailələrinə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qanının yerdə qalmadığını, onların uğrunda canından keçdiyi hər qarış Vətən torpağının mənfur düşmən tapdağından azad edildiyini bildiriblər.  Qeyd edilib ki, 30 il öncə yurd-yuvasından didərgin düşən vətən övladları bu gün bu torpaqlara qələbə toxumu səpir, Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda, Hadrudda, Suqovuşanda, Xudafərində üçrəngli bayrağımızı yüksəldir, tarixi ədaləti bərpa edirlər.

Vurğulanıb ki, Naxçıvan yetirdiyi sərkərdərləri, hərbçiləri, vətənpərvər, cəsur və qəhrəman övladları ilə Azərbaycanın hərb tarixində müstəsna yerə malikdir. Müasir Naxçıvanın əldə etdiyi ən mühüm tarixi nailiyyətlərdən biri də burada güclü hərbi kadr potensialının yaradılmasıdır. Yurd, Vətən sevgisinin, doğma torpağı qorumaq istəyinin nəticəsidir ki, Naxçıvanda tarixən böyük hərbi sərkərdələr yetişib. Təkcə Kəngərlilər sülaləsi hərb tariximizə altı general bəxş edib. Cəmşid xan Naxçıvanski, Hüseyn Xan Naxçıvanski kimi qəhrəman Naxçıvan oğullarının yolunu davam etdirən yüzlərlə zabit və əsgərlərimiz işğal altında olan torpaqlarımızın azad olunması uğrunda böyük rəşadət göstərir, nəsillərə örnək vətənpərvərlik nümayiş etdirirlər. Hamı bir nəfər, bir nəfər hamı üçün şüarı hər bir zabit və əsgər üçün birlik, qardaşlıq rəmzinə çevrilib. 

Vətən müharibəsində şəhid olan həmyerlilərimizin qəhrəmanlığı bir daha sübut etdi ki, 1998-ci ildə ulu öndərimiz tərəfindən Naxçıvanda hərbi liseyin əsasının qoyulması Vətənimizin bütövlüyü, müstəqilliyimizin qorunması uğrunda atılmış ən mühüm addımlardandır. Burada təhsil alan kursantlar peşəkar zabitlər kimi indi ön cəhbədə ən mürəkkəb döyüş əməliyyatlarına uğurla başçılıq edir, yüksək vətənpərvərlik nümunəsi göstərərək qəhrəmanlıq dastanı yazırlar. 

Dəfn mərasimlərində şəhidlərimizin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, üçrəngli bayrağımız şəhidlərimizin doğmalarına əmanət edilib. 

Vətənin qeyrətini çəkənlərin, onun uğrunda canını qurban verənlərin adları və şücaətləri daim yaddaşlarda yaşayır. Bizim vətənpərvər oğullarımız doğma torpaqlarımız uğrunda döyüşə hər an hazırdırlar. Qoy düşmən bunu bilsin və şahidi olsun ki, öz yurdumuzdan bir qarış da geri çəkilməyəcəyik. Tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Ali Baş Komandanımızın da dediyi kimi, “Biz öz torpaqlarımıza geri qayıdacağıq. Bu, bizim qanuni hüququmuzdur. Bu, bizim üçün tarixi vəzifədir və əminəm ki, biz buna nail olacağıq".

Bu gün bütün Naxçıvan üçrəngli bayrağımızın rənglərinə bürünüb. Bu bayraq şəhidlərimizin, qəhrəman oğulların sayəsində ucalır. Prezident İlham Əliyevin xalqa müraciətində də deyildiyi kimi, bayrağımız işğal edilmiş bütün torpaqlarda qaldırılacaq, Azərbaycan ərazi bütövlüyünü bərpa edəcək. Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

 

Nurlana Əhmədova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: