Qubadlım, saf sularından içməyə gəlirik

A- A A+

Düz 27 il bundan öncə düşmən səni bizdən alıb apardı. Nə bir hənirti gəldi o isti torpağından, nə də ki bir soraq... Nur saçmadı artıq torpağın. Nə Nəbi göründü, nə də ki boz atı... Soldu sinəndəki tər çiçəklərin. Çünki yadelli işğalçıların əlində idin. Məcbur baş əydin elə ilk gündən bu acı talehinə. Harayladıq, səsimiz sənə yetmədi, əlimizi uzatdıq, tuta bilmədin əlimizdən... Qubadlılar Qubadlısız hayqırdılar. Qaranlıq  gecələrin qara günlərindən  soraq verdi bizə. 

Nəhayət o ağrılı-acılı günlərimiz artıq geridə qaldı. Müzəffər Azərbaycan ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndi  və Qubadlı şəhərini işğalçılardan tam azad etdi. Biz bu günü çox gözlədik. İllər ayları, aylarsa illəri əvəz etdi, Qubadlım. O torpağa ayaq basacağımız günləri və o torpaqlarda yenidən doğulmağı səbirsizliklə gözlədik. Tələsirik indi Vətən torpağına gəlib isti hənirtini nəfəsimizə çəkməyə, yenidən bağlarını əkib-becərib bəhrəsini görməyə. Şaqqıldayan buz bulaqlarından içməyə, Həkəri və Bərgüşad çaylarının seyrinə çıxmağa, Torağac yüksəkliyini görməyə gəlirik.

Keçilməz qayaların, sərt sıldırımların, üzərində ucaldılan müdafiə istehkamları sənin görünüşünü daha əsrarəngiz edib. Xanlıqlar kəndindən o qədər gözəl təsvirlər canlanıb ki düşüncələrimdə. Bax o düşüncələrimdən ayrılıb tez bir zamanda qovuşmaq istəyirəm sənə. Sən Azərbaycanın xalq qəhrəmanlarını- Qaçaq Nəbini və Həcəri bizlərə bəxş edən, Süleyman Rəhimovu, Qasım Qasımzadəni, Eldar Baxışı, Ramiz Rövşəni, Həsən Qorxmazı Azərbaycana yetirən torpaqsan... Sən  xəyallarını hər zaman ağlımda qurub da, ona ünüm yetməyən torpaqlardansan. Artıq şükürlər olsun ki, səsimizi eşidib bizlərə, doğmalarına  geri döndün. 

Hər gün yeni bir torpağımızın işğaldan azad edildiyini eşitdikcə daha qol-qanad açırıq. Bu gün Ali Baş Komandanımızın tapşırığı ilə azad edilən doğma torpaqlarımızın min bir sədasını eşitdikcə, həmin torpaqlarda şanlı bayrağımızın sancıldığını gördükcə bənzəri olmayan sevinc hissləri ilə qanadlanıb uçuruq. Vaxtilə qapı arxasından baxdığımız, əlimizin çatmadığı torpaqlar əsgərlərimizin canı-qanı bahası ilə bizlərə geri qayıdır. Biz öz torpaqlarımızı tələb edən, öz torpaqları üzərində çarpışan millətik. Başqasının torpaqlarında gözümüz yoxdur. Ali Baş Komandanımız İlham Əliyev deyir: “Biz haqq yolundayıq, biz özümüzü müdafiə edirik. Biz heç kimin torpağına göz dikməmişik, Ermənistan ərazisində Azərbaycan silahlı birləşmələrinin heç bir məqsədi, hədəfi yoxdur. Ancaq biz öz torpaqlarımızda özümüzü müdafiə edəcəyik və işğal edilmiş torpaqlarımızı işğalçılardan azad edəcəyik”.

Fəthin mübarək, Azərbaycan... Qələbən mübarək, Azərbaycan... Qayıdışın mübarək, Qubadlım... Bu xoşbəxt günləri bizlərə yaşadan, qürurla hər bir torpağımızın azadlığını ifadə etməyi bizlərə bəxş edən Ali Baş Komandanımıza eşq olsun! Qarabağ Azərbaycandır!

                                                                             

Nuray Əsgərova

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: