Tarix müəllimimiz deyirdi ki, Dara ilə böyük İskəndərin ordusu qarşı-qarşıya gələndə məşvərətçilər İran ordusunun sayca çox üstün olduğunu xatırladır. İskəndər isə özündən əmin şəkildə deyir: “Mənim ordum qələbə çalmaq üçün, Daranın ordusu isə ölməmə k üçün döyüşür.”
Bir ay bundan öncə yalnız və yalnız qələbə çalmaq üçün başlanan Vətən Müharibəmiz otuz günü geridə qoydu. “Sayca çox olduğunu” zənn etdiyimiz düşmən isə ölməmək üçün döyüşdü. Ya da zorla əlindəki silahla sərhəddə zəncirləndiyindən oturub ölümünü gözlədi... Paşinyan hakimiyyəti onu “sayca üstün” edənlərin, arxasına qısıldığı böyük güclərin qəfildən yox olduğunu görəndə isə, necə deyərlər, “quyruğu tapdanmış küçük” vəziyyətində qaldı.
Azərbaycan isə qələbə çalmaq üçün döyüşdü-səngərdə, siyasi arenada, siyasət meydanında, informasiya savaşında. Müharibə apardığımız ölkənin təkcə ermənilərdən ibarət olmadığını düşündükcə qələbəmizin miqyası daha da böyüyür. Görünən və görünməyən düşmən bu döyüşdən payını aldı. Bir ayın sonunda Azərbaycanın qazandığı zəfər isə 30 illik Azərbaycan ordusunun hesabatı idi. Dosta da, düşmənə də göstərdik ki, bu ötən illərdə dərdimizi, kədərimizi, itkimizi bir kənara qoyub ən müasir silahlarla silahlandıq, o silahdan, texnikadan daha möhkəm, daha ötkəm olan sərkərdələr ordusu yetişdirdi Azərbaycan. Ali Sərkərdə müsahibəsində də söylədi: “Əlbəttə ki, biz silahlara görə ödəniş edirik, biz yaxşı silahları alırıq və onlar bizə yerində kömək edir. Lakin ərazilər dronlar vasitəsilə işğaldan azad edilmir. Ərazilər əsgərlər, orada öz vəzifəsini yerinə yetirən insanlar tərəfindən azad edilir”. Bu Ali Sərkərdənin Azərbaycan əsgərinə verdiyi dəyərdir. Əli tətikdə olan hər bir döyüşçü bu inamdan, bu dəyərdən güc alır. Bu gün Azərbaycan əsgəri, zabiti, döyüşəni, döyüşməyəni, arxa, ön, fərq etməz, hansı cəbhədə olursa olsun, Sərkərdəsinə inanır. Bir şəhid xəbərinə “on igid könüllü döyüşə yazıldı” xəbəri gəlir. Şəhid atası başını dik tutur... Elə bu birlikdən doğur 30 günün qələbəsi - Cəbrayıl, Suqovuşan, Qubadlı, Zəngilan… Daha da artmaqdadır, hər gün genişlənməkdədir al bayrağımızın dalğalandırdığı ata yurdlarının xəritəsi...
Yola saldığımız 30 ildə bərəkətli 30 günü təkcə arzu, xəyal etmədik, həm də inandıq. Erməni və onun havadarları ilə də türkün sözü ilə desək, “sahada və masada” hesablaşmağı bacardıq. Ali Sərkərdənin başlatdığı müqəddəs torpaqlara qayıtmaq uğrunda başlanan böyük müharibədə Azərbaycan xalqı bütün tarixi döyüş ənənələrini, milli kimliyini ortaya qoydu. Milli qürurumuz, türkün döyüşkən ruhu sanki əsrlərin o üzündən baş qaldırdı. Təkcə Cənubi Qafqazda deyil, bütün dünyada “Azərbaycanlı kimi döyüşmək” meyarını yaratdı. Qadına, uşağa, gücsüzə atəş açmadan, günahsıza toxunmadan, sadəcə silahlı qüvvələrlə haqq mübarizəsi aparmağın mümkün olduğuna inandırdı dünyanı.
Azərbaycan ordusu cəmi bir ay ərzində 4 şəhər, 4 qəsəbə, 165 kənd azad edib - bu gün oxuyub paylaşdığımız ən gözəl xəbər. Bu təkcə bir ayın qələbəsi deyil. 30 il boyu aparılmış düzgün siyasətin, yaradılan ordu quruculuğunun, ötən əsrdən bəri torpağını itirə-itirə gələn Azərbaycanın tarixi ”kükrəməsi”, yenidən özünə qayıdışı, şair demişkən “yatmış vulkanın oyanmasıdır”.
“Qarabağ Azərbaycandır! - bu Qarabağın Azərbaycan üçün nə qədər böyük dəyəri olduğunu anlamaq üçün ən gözəl ifadədir. Qarabağdan keçmək həm də bütöv Azərbaycandan, sərhəddindən, səngərindən, suyundan, havasından, günəşindən keçməkdir. Və biz bu yoxluğu iliklərimizə qədər hiss etdik. Nə böyük yanğı, nə böyük kədər olduğunu qundaqdakı körpədən ahıl qocaya qədər yaxşı bilir. Elə o əzbərə bildiyimizi də 30 ildir dünyanın kar qulağına qışqırırıq: “Ay dünya, onlar bizim təkcə tarixi torpaqlarımızı almadı, bir milyon insanımızı öz evindən didərgin saldı. Qundaqdakı körpəmizə atəş açdı. Tariximizə, mədəniyyətimizə sahib çıxırlar, ocağımızı, odumuzu dağıdırlar”. Onlarsa özlərini karlığa, korluğa, lallığa vurmuşdular... Ancaq indi dinləyirlər. Ali Sərkərdə ötən bir ayda dünyanın ən məşhur, ən çox oxunan, dinlənən, izlənən medya sahiblərinə müsahibə verdi. Azərbaycan dərdini, istəyini böyük arenada dilə gətirdi. Həm də dünyanın ən çox eşidilən dillərində. Sərkərdəlik etdiyi ordunun səngərdəki gücündən, xalqın qırılmaz iradəsindən güc aldı. Hər müraciətində, hər müsahibəsində xalqa inamını ifadə etdi, xalqı inandırdı. Bu bir ay müddətində necə həyəcanla dinlədik, cümlə-cümlə əzbərlədik...
...Və bir ay sonra. Bu gün səhərdən Nuhçıxan İnformasiya Agentliyində paylaşdığımız xəbərlərin sərlövhələrindən sadəcə bir neçəsi müharibənin gedişatından xəbər verir - "Azərbaycan Zəngəzura çatıb" - Ermənistan Müdafiə Nazirliyi”, “Yiyəsiz şəraitdə qalmışıq - Ermənilər xidmət etməkdən imtina edirlər”, “Qondarma rejimin "müdafiə naziri" ölüb”, Erməni "milli qəhrəmanı" GƏBƏRDİLDİ, “Başıaşağı erməni zabitləri-Bunkerdə keçirilən iclas,” Vazgen Manukyan Paşinyanı istefaya çağırdı”, “Ermənistan Dağlıq Qarabağda həlak olan hərbçilərinin yeni siyahısını açıqlayıb”, “Paşinyan Trampa gileyləndi”, “Ermənistanda ərzaq bahalaşdı”, “Düşmən dövlət uşaqları müharibəyə cəlb edir” və s. Siyahını böyük məmnuniyyətlə uzada bilərəm.
Bir yandan təlxək birinin əlindəki idarəçilik, məğlub bir ordu, aclıq, susuzluq - budur ermənilərin müharibə həqiqəti. Etiraf edim, bəzən düşmən ölkənin düşdüyü vəziyyəti, dövlət idarəçiliyində təmsil olunanların “bəyanatlarını” oxuduqca gülürəm. Bəs hanı sizin “dənizdən dənizə böyük Ermənistanınız”? Yəqin indi Paşinyanın xəyal gəmiləri üzür o “dənizlərdə”... Ya da siyasətdən əl çəkib “ev tapşırığını” həll edir: Azərbaycan ordusu bir aya Laçın dəhlizinə çatıbsa, Yerevana neçə günə çatar?
Armen Sarkisyan, Nikol Paşinyan, Arayik Harutyunyan isə hakimiyyətlərini düşünür, nəinki “erməni xalqının müqəddəratını”. Bir qan gölü yaratdılar Qafqazda, indi o göldə özləri boğulur...
Biz isə Ali Baş Komandanın açıqlayacağı yeni xəbərləri həvəslə gözləyirik... Hər gün bir yenisi əlavə olunacaq azad olunmuş torpaqlarımıza, buna əminik... Gələn ayın sonu hesabat siyahısı daha geniş olacaq...
Fizzə Bağırova