Türkiyənin Elazığ şəhərində Azərbaycan Ordusuna dəstək aksiyası təşkil olunub - FOTOLAR

A- A A+

Türkiyənin Elazığ şəhərində Azərbaycan Ordusuna möhtəşəm dəstək aksiyası təşkil olunub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aksiya Elazığ Müəllimlər Evinin qarşısındakı meydanda “Elazığdan Qarabağda dastan yazan qəhrəmanlarımıza məktub” adı altında reallaşıb.

Türkiyəli qardaşlarımız, eləcə də bu ölkədə təhsil alan və çalışan soydaşlarımız səmimi ürək sözləri ilə müzəffər Ordumuzun sıralarını şərəfləndirən qəhrəman igidlərə mənəvi dəstəklərini ifadə ediblər.

Aksiya keçirilən meydanda qurulmuş lövhələrdə Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti və Azərbaycan Silahlı Qüvvələrinin düşmənin hücumlarına qarşı cavab tədbirləri barədə geniş məlumatlar yerləşdirilib. Meydanda Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalanıb.

Aksiya bölgədə fəaliyyət göstərən Azərbaycan Gənclər və Tələbələr Mədəniyyət Birliyinin və Elazığ Bələdiyyəsinin dəstəyi ilə gerçəkləşib.

Azərbaycan Gənclər və Tələbələr Mədəniyyət Birliyinin sədri Nail Babayev deyib ki, aksiyanı təşkil etməkdə məqsəd Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərinə daha bir töhfə vermək olub: “Yaşından asılı olmayaraq insanların böyük sevgi ilə aksiyaya qoşulmasını qürurla qarşıladıq. Tədbirə qoşulan hər kəs torpaqlarımızın bir hissəsinin illərdən bəri erməni işğalında qalması ilə bağlı qəlblərində yaşadıqları nisgili və bu ləkəni mərdliklə üstümüzdən silən Azərbaycan əsgərinin şərəfli missiyasına təşəkkürlərini ifadə edirdilər. Aksiyada dəfələrlə səsləndirilən “Qarabağ Azərbaycandır!” şüarı bir daha təsdiq etdi ki, müzəffər Ordumuzun qazanacağı zəfər günü Azərbaycanda olduğu kimi Türkiyədə də böyük səbirsizliklə gözlənilir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: