Naxçıvan ilkin sivilizasiyanın, eləcə də incəsənət, ədəbiyyat və mədəniyyətin beşiyidir. Gəmiqaya qayaüstü rəsmlərinə, zəngin folklor materiallarına malik olan Naxçıvan həm də qədim dövlətçilik yurdu olmaqla ədəbiyyat və mədəniyyətə də beşiklik etmişdir. Təsadüfi deyil ki, bu qədim Azərbaycan torpağı tarixdə və mədəniyyətdə öz liderliyini qorumaqla dünya və bəşər mədəniyyətinə zəngin töhfələr bəxş edib. Bu qədim oğuz-türk yurdu həm də dünyanın ilk duzçıxarma mədəniyyətinə sahib olmaqla müxtəlif sənət və peşələrin inkişaf etdiyi, ticarət yolları və Böyük İpək Yolunun üzərində yerləşən əhəmiyyətli coğrafi məkanlardan biridir. Odur ki, burada həmişə mədəniyyət və ədəbiyyat da inkişaf etmiş, zəngin ədəbiyyat materialları, görkəmli şəxsiyyətləri ilə diqqəti cəlb etmişdir. Görkəmli elm adamı akademik İsa Həbibbəyli yazır ki: “Ən müxtəlif tarixi dövrlərdə Naxçıvanda yaşayıb-yaratmış Əcəmi Əbubəkr oğlu Naxçıvani, Qətran Təbrizi, Əsədi Tusi, Kəmaləddin Naxçıvani, Əbubəkr ibn Xosrov, Əmirəddin Məsud, Cəmaləddin Naxçıvani, Aşıq Alı, Ağ Aşıq, Heyran xanım, Qönçəbəyim və Naxçıvandan çıxmış Həddad ən-Nəşəvi, Əhməd ibn Hacat Əbubəkr ən Nəşəvi, Əbu Abdullah Nəşəvi, Həsən ibn Ömər Naxçıvani, Nəsirəddin Tusi, Nəcməddin Naxçıvani, Məhəmməd Hinduşah Naxçıvani, Baba Nemətullah Naxçıvani kimi şairlər, alimlər, mütəfəkkirlər, siyasətşünaslar, memarlar, el sənətkarları Naxçıvanda mövcud olmuş dövlət tipli qurumların formalaşdırdığı ictimai, ədəbi-mədəni mühitdə yetişib formalaşmışlar. Bütün bunların sayəsində qədim və orta əsrlərdə Naxçıvanda ictimai fikir, elm, mədəniyyət, ədəbiyyat, maarifçilik geniş şəkildə intişar tapmışdır”.
XI əsrdə Naxçıvanda ən görkəmli nümayəndələri sırasında məşhur alim və şair Qətran Təbrizinin adı xüsusilə çəkilir. Naxçıvanşahlıq haqqında tədqiqatlarda bildirirlər ki, Naxçıvan şahı Əbu Düləfi o qədər elmcanlı, ədəbiyyatsevər bir şəxsiyyət idi ki, söz sənətinə xüsusi əhəmiyyət verən bu şair-hökmdar kimi onun sarayı elm və ədəbiyyat adamları ilə zəngin idi. Akademik Nailə Vəlixanlı qeyd edir ki, “Əbu Duləfin adı çox uzun, təqribən, 77 il müddətinə tarixi qaynaqların səhifələrindən çıxır və yalnız XI əsrin 60-cı illərinin ortalarına yaxın öz mədhiyyələri ilə məşhur olan Qətran Təbrizinin və Tusdan olan Əli Əsədinin əsərlərində görünür”. Bütün bunlar onu deməyə əsas verir ki, qədim dövrlərdə də Naxçıvanda ədəbiyyat yüksək inkişaf yolunda olmuş, zəngin ədəbi və mədəni mühitə malik olmuşdur.
Qətran Əbu Mənsur Təbrizi (1012-1088) XI əsrin görkəmli şairi olmuş və geniş şöhrətə malik olmuşdur. Şairin haqqındakı tərcümeyi-hal materiallarından məlum olur ki, o, gənc yaşlarında Gəncəyə gəlmiş, Şəddadi əmirlərinin sarayında şöhrət qazanmışdır. Şairin bir müddət Naxçıvanda Əbu Düləf Deyraninin sarayında yaşaması haqqında fikirlər də özünə yer almaqdadır. Şair haqqında ən sanballı tədqiqat əsərlərinin müəlliflərindən olan Qulamhüseyn Beqdeli yazır: “Qətran Təbrizi ... Azərbaycan şəhərləri olan Təbrizdə, Gəncədə, Naxçıvanda yaşayıb yaratmışdır”. Hətta Qulamhüseyn Beqdeliyə görə “Qətran Naxçıvanda yaşayıb-yaratdığı vaxt Şəmsül-məali Qabus ibn-Voşmgirin oğlu olan İsgəndərlə görüşüb, olsun ki, onun haqqında mədhiyyədə də yazmışdır”. Şairin haqqında bəhs edən görkəmli şərqşünas alim Y.E.Bertels də məlumat verərək yazır ki, Azərbaycan şairi Qətran Təbrizi Naxçıvan hökmdarı Əbüduləf Deyraninin sarayında yaşayıb-yaratmışdır. Bertels həmçinin Qətran Təbrizinin Naxçıvana etdiyi ikinci səfərindən, orada Şəddadilər sülaləsindən olan Əmir Fəzlunla görüşməsindən də danışır. Bu barədə geniş tədqiqat aparan alimlər Rauf Məmmədov, Nailə Vəlixanlı və başqaları bir sıra məxəzlərə əsaslanaraq Qətran Təbrizinin Naxçıvanda yaşadığını bildirmişlər. Rauf Məmmədov “Naxçıvan şəhərinin tarixinə dair oçerk” adlı əsərində Qətran Təbrizinin elm və şeir himayəçisi olan Naxçıvan şahı Əbu Düləfinin sarayı ilə əlaqələrini təsdiq edərək bunu da əlavə edir ki: “Əbu Dülaf haqqında Qətran Təbrizinin əsərlərində, Əsədi Tusinin “Gərşasbnamə”sində və Nizami Gəncəvinin “Yeddi Gözəl” əsərində məlumat vardır”. Bu da qeyd edilir ki: “Tarixi məxəzlərdən məlum olur ki, XI əsrin 60-cı illərində, Naxçıvanşahlıq dövründə Yaxın Şərqin bir sıra ölkələrindən Naxçıvana çoxlu şair, alim və mütəfəkkir toplaşmışdı. Bu, hər şeydən əvvəl, şəhərin Naxçıvanşahların – Əbu Düləfilərin mərkəzinə çevrilməsilə əlaqədar idi. XI əsrin 60-cı illərinin ortalarında məşhur fars şairlərindən Əsədi Tusi (1046-1066) Naxçıvanda olarkən saray əyanlarının təklifi ilə “Gerşasbnamə” adlı qəhrəmanlıq dastanı yazmış və onu Naxçıvan hakimi Əbu Düləf Deyraniyə həsr etmişdi... Görkəmli Azərbaycan şairi Qətran əbu Mənsur Təbrizi XI əsrin 60-cı illərində Naxçıvan sarayı ilə sıx əlaqə saxlamış və bir müddət Naxçıvanda yaşamışdır... Bütün bu faktlar belə bir fikir yaradır ki, Naxçıvan hakimi Əbu Dülaf Deyrani yəqin ki, elm və mədəniyyət xadimlərinə xüsusi rəğbət bəsləmiş və onları saray ətrafında toplamışdı. Bu haqda Əsədi Tusinin poemasında xüsusi qeyd belə vardır”. “Azərbaycan tarixi”ndə təsdiq olunur ki: “Saray ədəbiyyatının geniş intişar tapdığı bu dövrdə Qətran Təbrizi də əvvəlcə Gəncədə, Şəddadilər sarayında, sonra isə Naxçıvanda, Naxçıvanşah Əbu Düləfin sarayında yaşamışdır”. Bu barədə “Naxçıvan tarixi”ndə də ayrıca bəhs keçir. Hətta: “Əbu Düləf Deyraninin özünün şair olması da yaradıcı adamlara göstərilən diqqət və hörmət də onların Naxçıvana gəlməsinə təsir etmişdi”, - deyə bəhs edilir.
Qətran Təbrizi Naxçıvanın ictimai-siyasi həyatı, gözəlləri və gözəlliklərini öz poetik ustalığı ilə vəsf və əks etmiş, özünün peşəkar yaradıcılığı ilə Naxçıvan ədəbi mühitində də tanınaraq xüsusi ədəbi mövqeyə malik olmuşdur. Ədəbi mövqeyi, şeiriyyət dəsti-xətti həm köhnə, həm də yeni nəsil yaradıcı ədiblər üçün nümunə, meyar, əsas olan Qətran Təbrizinin şeiriyyət ruhu ola bilməzdi ki, mövcud ədəbi mühit simaları tərəfindən öyrədici təsirlə qəbul edilməsin və ondan nümunə götürülməsin. Artıq bu da müxtəlif alimlər tərəfindən qeyd edilib ki, Qətran Təbrizinin yaradıcılığında öz gözəlliyi, qəlbə yaxınlığı, cəlbediciliyi ilə diqqəti cəlb edən, şairin aşiq könlünü alan gözəllər şairin yaşadığı, yaxından müşahidə etdiyi Təbriz, Gəncə, eləcə də Naxçıvan gözəlləridir. Demək ki, Qətran Təbrizi istedadlı şair kimi Naxçıvanda da olduğu, yaşadığı müddətdə müşahidə etdiyi gözəllikləri əsərlərində əks etdirmişdir və müxtəlif əsərlərində adının çəkdiyi gözəl yer-yurdlardan biri kimi Naxçıvan mühüm yer tutur. Hətta Naxçıvana ayrıca şeirlər də həsr etmişdir.
Beləliklə, Naxçıvan ədəbi mühiti ilə bağlı müxtəlif mənbələrdə dövrün mötəbər alimi, görkəmli şairi və ədibi Qətran Əbu Mənsur Təbrizi və onun müasiri Əsədi Tusinin adları çəkilir. Bu da bir daha təsdiq edir ki, Naxçıvanda dövlət və dövlət tipli qurumların mövcud olması regionda ədəbi mühitin inkişafı və genişlənməsinə geniş təkan vermişdir. Bu da bir faktdır ki, o dövrün iki görkəmli şairi – Qətran Təbrizi və Əsədi Tusi Naxçıvanda davamlı olaraq yaşamasalar da, hər iki sənətkarın Naxçıvana və Naxçıvan şahı Əbu Düləfiyə yazdıqları əsərlər Naxçıvan ədəbi mühitinə təsirsiz qalmamış, Naxçıvanda ədəbi mühitin inkişafına öz töhfələrini vermiş və bir əsas olmuşdur. Naxçıvanşahlığın mövcud olduğu bu zamanda dövrün görkəmli alim və şairi Qətran Təbrizi ilə birgə Əsədi Tusi bu dövlətə səmimi münasibətlərini əks etdirmiş, Naxçıvan şahını xoş sözlərlə mədh etmişlər.
Ramiz QASIMOV
filologiya üzrə fəlsəfə doktoru, dosent
AMEA Naxçıvan Bölməsi