Türkiyə Azərbaycan münasibətlərinin tarixi kökləri var. Bu münasibətlər zamanla soyudulub, nifaq toxumları səpilərək iğtişaşlara səbəb olub. Amma bütün hüquqsuzluqlar, haqsızlıqlar uzun sürmədiyi kimi, bu gün də ədalət öz gücünü göstərib. Sarsılmaz dostluğumuz müstəqilliyimizin bərpasından sonra daha da qüvvətlənib. Səbəb isə bu qardaşlığın tarixə söykənən bəlli bir keçmişinin mövcudluğudur. Bu həqiqi keçmişi heç nə dəyişə bilməz. Mədəni əlaqələrimizdən bəhs edən elmi əsərlər çoxluq təşkil edir. Bildiyimiz kimi, türk xalqlarının kökü eyni genetik irsdən qaynaqlanır.
Tədqiqatçı Mədət Çobanov “Türkün qızıl kitabı”na (Rəfiq Özbək) istinad edərək türk xalqlarının 112 tanınmış dövlət qurumu haqqında məlumat verir. Bunlar arasında 15 imperatorluq, 38 dövlət, 34 bəylik, 4 atabəylik, 16 xanlıq, 5 cümhuriyyətin adı çəkilir. A.N.Qumilovun tədqiqatlarında da çox sayda türk uluslarının adı çəkilir ki, bunların bir hissəsi böyük köçlər zamanı adları əvəz olunur, yeni adlar qoyulur, coğrafi adlarla adlandırılır, bəzi hallarda əsarət altına düşərək adları zorla dəyişdirilir. Bizim şanlı tarixi keçmişimizə nəzər salsaq, görərik ki, dillərə dastan olan, ellərə nümunə deyilən bahadırlıq, alplıq, ərənlik tarixi ucu-bucağı görünməyən bir mənəviyyat xəzinəsidir. Türkün böyüklüyü elə bir həqiqətdir ki, onu danmaq və gizlətmək mümkün deyil.
İctimai-tarixi proseslər nəticəsində coğrafiyamız hissə-hissə parçalanıb bölünsə də, mərdliyimizdən, əzəmətimizdən, doğrularımızdan, tariximizdən üz çevirməmişik. Zaman-zaman əlimizdən alınan azadlıq, asılılıq bizi kölə halına salsa da, doğma torpaqlarımız işğal edilsə də, bir gün müstəqil olacağımıza, düşmən tapdağında qalan torpaqlarımızın azad olunacağına inanmışıq. Bugünkü hadisələri xatırlamaq kifayətdir.
Tarixə müraciət edib görürük ki, sovet ideologiyasının təsiri ilə iki dövlət arasındakı dostluğu lazımınca işıqlandıra bilməmişik. Səsini duyurmağa çalışanların isə aqibəti zülmlə, ölümlə nəticələnib. Yalnız müstəqillik illərindən başlayaraq aparılan düzgün siyasət nəticəsində bu məsələlər öz həllini tapıb. Bu haqda sonra məlumat verəcəyəm. İndi isə iki ölkə arasındakı qardaşlığımızın inkişaf təməlinin qoyulduğu ilk, müstəqil Azərbaycan dövləti var olmağa başladığı zamanın məşəqqətli illərindən, mübarizə dolu tarixi həqiqətlərindən söz açacağam. Bu mənada, Azərbaycan Respublikasının ilk diplomatlarından olan İbrahim Əbilovdan bəhs etməyin əsl məqamıdır. Onun haqqında bir çox məlumatlar yayımlanıb, elmi-tədqiqat işləri aparılıb. “Şərq qapısı” qəzetinin 2013-cü il 19 fevral tarixli nömrəsində çap olunan “XX əsrin görkəmli Azərbaycan diplomatı” adlı məqalədə, “Mədəniyyət” qəzetinin 2010-cu il 4 iyun tarixli nömrəsində Anadolu (Əbilovun qızı) xanımla müsahibədə bir çox məqamlar geniş təhlil olunur. Həmin məlumatları gözdən keçirib xatırlayaq: İbrahim Əbilov 1882-ci ildə Ordubadda doğulub. Ordubadda Məhəmməd Tağı Sidqinin yaratdığı “Əxtər” məktəbində təhsil alıb, atasını itirən İbrahim ailəsini dolandırmaq üçün təhsilini yarımçıq qoyub Petrovski şəhərinə – indiki Mahaçqalaya üz tutub. Dövrün yaratdığı çətinliklərdən can qurtarmağa çalışan Əbilov az sonra Bakıya gələrək Balaxanı neft mədənlərində işləyib. Sosial-Demokrat “Hümmət” partiyasına daxil olub, partiyanın öncül üzvlərindən biri kimi ictimai-siyasi fəaliyyət göstərib. “Bakı həyatı” qəzetinin redaktoru işləyib.
1986-cı ildə çəkilən “Gecikmiş gündəlik” sənədli filmində qızı Anadolu xanım atası ilə bağlı xatirələrdən danışarkən bu izləri alırıq tarixin səhifələrindən. O dövrün mənzərəsini sözlərlə təsvir etməyə çalışaq.
Peterburq inqilabının tufanlarının sədası Bakıya çatmışdı. Böhtanlı ağ-qara məlumatlar, dövlətə xəyanət adları altında inqilabçı ruhlu, əzmli vətəndaşların kütləvi həbsinə başlanılmışdı. Bu inqilabçılar arasında olan Əbilov da dəmir barmaqlıqlar altına düşür. Çarizmin hədə-qorxuları onu əqidəsindən döndərə bilmir.
Həbsdən sonra İbrahim Əbilov Xəzər Ticarət Donanması Dənizçiləri Tətilinin Təşkilində iştirak edir. 1907-ci ildə ictimai ədalətsizliyə, mütləqiyyətə boyun əyməyənlərdən biri də məhz o olur. 1912-ci ildə “Bakı həyatı” qəzetinin nəşrinə başçılıq edir. Onu qeyri-leqal ədəbiyyat yaydığı üçün ittiham edirlər. Sonrakı dönəmlərdə onun adını “Hümmət” təşkilatının fəal üzvü kimi eşidirik. Siyasətə maraq onu qəzet dünyasına daha yaxın edir, bu yaxınlıq təqiblərlə nəticələnir. Yazılarda (əsasən də, özünün 3 səhifəlik gündəliyində bu barədə məlumat verilib) onun təqiblərə məruz qaldığı, Həştərxana sürgün olunması barədə məlumatlar yer alıb. Bu tarix 1913-cü ilə təsadüf edir. O illərdə Əbilov Azərbaycan inqilabi mübarizəsinin lideri Nəriman Nərimanovun yaxın silahdaşı kimi səmərəli fəaliyyət göstərir. 1917-ci ildə Nəriman Nərimanovun köməkliyi ilə azadlığına qovuşan Əbilovun sonrakı həyatında yeni mərhələ başlayır: Parlament həyatı. Şərq xalqlarının I qurultayında İbrahim Əbilova Təbliğat və Fəaliyyət Şurasının katibi vəzifəsi tapşırılır. Müsavat dövründə parlamentdə çıxış edərkən yüksək, səlis nitqi ilə bəyan edir: “Biz hökumətin rəhbərlərini dəyişdirmək yox, dövlət quruluşunun özünü dağıtmaq istəyirik. Çünki onun əsasları çürümüşdür”.
Azərbaycan Xalq Cümhuriyyəti yaradılandan sonra ictimai-siyasi həyatda yaxından iştirak edən Əbilov Türkiyənin Xarici İşlər naziri Yusuf Kamal bəyin qəbulunda olur. Həmin görüşdə bir çox məsələlərin həllinə nail olan bacarıqlı diplomat Trabzon və Samsunda Azərbaycan konsulluqlarının yaradılmasına razılıq ala bilir. 1921-ci il oktyabr ayının 14-də Mustafa Kamal paşa ilə görüşən İbrahim Əbilov gedən döyüşlərin nəticəsi olaraq türk ordusunun qələbələrindən məlumat verir. Azərbaycan-Türkiyə siyasi, iqtisadi, mədəni münasibətlərinin həlli ona etibar edilir. Azərbaycan bu dövrdə Türkiyənin siyasi həyatında böyük nüfuz qazanır. Elə bir münasibət ki dostluğa xələl gətirən maneələr aradan qalxır. İlk səfir kimi Türkiyədə bir çox işlərə imza atan Əbilovla Atatürk dostluğunun əsası qoyulur. Bu tarixi dostluq gələcəkdə strateji cəhətdən çox əhəmiyyətli bir dostluq olur. Nəticədə, çoxtərəfli və ikitərəfli müqavilələrin başlanğıcı qoyulur. İbrahim Əbilov 1921-ci ildə Naxçıvanın muxtariyyətinin təməlini qoyacaq Moskva və Qars müqavilələrində diplomat kimi iştirak edir, Behbud ağa Şahtaxtinski ilə birlikdə sənədi imzalayır.
Bakıya çağırıldığı vaxt Zaqafqaziya Federasiyası yaranır. Onun Türkiyəyə Azərbaycan, Gürcüstan və Ermənistanın səlahiyyətli nümayəndəsi kimi getməyi təklif olunsa da, bu görüş təxirə salınır. Davamlı təqiblərə məruz qalan Əbilovun üçsəhifəlik yazılmış gündəliyi də məhz onun adını ləkələmək niyyətində olduqlarından, amma bunu heç cür bacara bilmədiklərindən, heç bir əsas gətirə bilmədiklərindən bəhs edir. Gündəlikdə yazılanlar: 28 oktyabr – Serqo Orconikidze mənim adıma kağız verdi ki, cavab yazam. 2 noyabr – Serqonun yanında oldum, məni nüfuzdan sala bilən heç bir əsas yoxdur. 4 noyabr – Zaqafqaziya Vilayət Komitəsinin Qərarının surətini aldım. Yoldaş Əbilovu ləkələmək haqqında material tamamilə etibarsız hesab edilsin. İctimai fəaliyyəti çox çəkməyən Əbilov 1923-cü ildə cərrahiyyə əməliyyatı zamanı vəfat edir (Ölümündə bəzi qaranlıq məqamlar var).
Bu tarixi tərəfdaşlıq münasibətləri o zamanlar qınanmağa başlanmış, erməni daşnakları bu güclü birliyə sarsıdıcı zərbələr vurmaq üçün parçalama siyasətini tarixən həyata keçirmişlər. Gücü yetməyənin çarəsi ucuz oyunlar olduğu kimi, düşmən ermənilər də hər zaman bu siyasətdən məharətlə istifadə ediblər. Elə indiki baş verənləri xatırlamaq kifayətdir. Bu siyasət Azərbaycan-erməni münaqişələrində bir aydır ki, davam edən Vətən müharibəsində də açıq-aşkar özünü göstərir. Belə ki, hər cəhətdən onlardan üstünlüyümüzü həzm edə bilməyən məkrli ermənilər yenə provokasiya ilə diqqəti yayındırmağa, hədəfi bizə yönləndirməyə çalışır. Bu dezinformasiyalardan biri də Paşinyanın beynəlxalq təşkilatlar önündə səsləndirdiyi, guya ki, onların əsgərlərini türklər vurub ifadəsi idi. Heç bir əsası olmadan özünü ifşa edən, erməni baş nazirinə yaraşacaq şəkildə ölçüb-biçmədən, sübutsuz danışan, Paşinyan (“Valday” Beynəlxalq Diskussiya Klubunun plenar sessiyasında olduğu kimi) siyasi savadsızlıq nümayiş etdirərək fikirləri yayındırmağa çalışsa da, özünü hər zamankı kimi ifşa edir. Bir tərəfdən də qorxusunu dilə gətirərək üçüncü dövlətləri məsələyə daxil etməyə cəhd göstərir. Hər zamankı kimi ucuz yollara əl ataraq bu çirkinlikləri sərgiləyir.
Bəli, bu gün bizi, siyasi, mənəvi cəhətdən dəstəkləyən Türkiyə Respublikası var. Bizim doğma torpaqlarımızın işğalını öz torpaqlarının işğalı kimi dəyərləndirən Türkiyə Cümhuriyyətinin Prezidenti Azərbaycanın bu haqq savaşında ilk olaraq beynəlxalq təşkilatlara səsləndi. Ermənilər Türkiyə-Azərbaycan arasındakı dostluq, qardaşlıq münasibətlərindən bərk narahat olduqlarını dilə gətirərək bəzi dezinformasiyalarla aranı qarışdırmağa çalışır.
Ötən bir ay ərzində biz, demək olar ki, hər gün belə saxta məlumatlarla rastlaşdıq və bu dezinformasiya axını indi də davam edir. Burada əsas məqsəd Türkiyəni münaqişəyə cəlb etmək, onu müxtəlif müdaxilələrdə günahlandırmaq və Türkiyə-Azərbaycan qardaşlığını sarsıtmaqdır. Lakin hər dəfə Türkiyə-Azərbaycan prezidentlərinin əsaslı faktlarla belə məlumatların reallıqdan uzaq yalanlar üzərində qurulduğunu sübut etmələri erməniləri məyus etməkdədir.
Bu gün də Azərbaycan-Türkiyə dostluğuna, birliyinə kölgə salmağa cəhd edən ermənilər vəziyyətdən sui-istifadə edib haqlı görünmək niyyətindədirlər. “Yalan ayaq tutar, amma yeriməz” atalar sözünə qüvvət olaraq demək istərdik ki, illərdir, beynəlxalq təşkilatları yayındırdığınız kifayətdir. Doğrularımızı sona qədər müdafiə etmək niyyətindəyik. “Doğrularımız bizim hüququmuzdur”, – deyib, əsl bizə yaraşan şəkildə, müharibə vəziyyətində belə, ədalət prinsipinə sadiqlik nümayiş etdiririk.
Bu yazımızda tarixin dostluğundan, əbədi-əzəli qardaşlığımızın qüvvətindən, düşmənin məkrli siyasətindən, son provakasiyalardan az da olsa, söz açmağa çalışdıq. Yenilməz güclərin, qələbələşən zəfərlərin sirri günahsız körpələrimizin, oğullarımızın qanıyla sulanan Vətən torpağı uğrunda çoxdandır, gözlədiyimiz mübarizə, haqq savaşımızdır.
Hazırda güclü dövlətlərin siyasətləri yalan və hiyləyə əsaslansa da, son nəticədə, zəfər ədalətə məxsusdur. Türkün və türkçülüyün təməli də, əməli də haqqa, ədalətə, tarixə, soykökə, qardaşlığa söykənir.
Türkan Hüseynli