Naxçıvanın 2018-ci ildə İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bu istiqamətdə görülən məqsədli tədbirlərin nəticəsidir. Son illər yenidən bərpa edilən və ya inşa olunan dini obyektlər, tarixi abidələr artıq türk-islam mədəniyyətinin bu gün də yaşadığını və daha da inkişaf etdiyini göstərir. Naxçıvanın İslam Mədəniyyətinin Paytaxtı seçilməsi bizə həm də türk-islam mədəniyyəti kimi indiyədək qazandığımız hər bir yenilik, milli və dini dəyərlər, tarixi abidələrə yenidən baxmaq imkanı qazandırdı.
Naxçıvan abidələrində islam mədəniyyəti və ya təsiri 7-ci əsrdən sonra muxtar respublikanın ərazisində bu günə qədər gəlib çatan hər bir abidədə rastımıza çıxır. Bu mədəniyyət daha çox bəzək elementi kimi işlənən naxışlarda özünü büruzə verir. Məlumdur ki, 7-ci əsrdə yaranan islam bütpərəstlik və çoxallahlığın içərisindən çıxan insanların tərbiyəsinə yönələrək vahid Tanrının olduğunu sübut edən bir din idi. Həmin dövrdə insanların batil inanclara qayıtmaması və özlərinin düzəltdiyi bütlərə tapınmaması üçün islamda insan sifətinin çəkilməsi məqbul sayılmırdı. Naxçıvan ərazisində tapılan qoçların və qəbirüstü daşların bəzilərinin üzərində insanların və digər canlıların təsvirləri olsa da bunların əksəriyyəti islamdan əvvəlki dövrlərə aid edilir. İslamı qəbul edəndən sonra Naxçıvan ərazisində yaranan memarlıq məktəbində artıq insan təsvirlərini nəbati və həndəsi naxışlar əvəz etməyə başladı. Əslində bu naxışlara daha çox 12-13-cü əsrlərdən sonra inşa edilən abidələrdə rast gəlinir. Türk-islam abidələrinin Səlcuqlu dövrünə aid edilən memarlıq nümunələri elə həmin əsrlərdə yaranıb. Bu zaman daha çox məzarüstü məqbərələr inşa edilir və onların sahibləri olan dəyərli insanlara bununla ehtiram bildirilirdi. Bu bir tərəfdən insana verilən qiymət və dəyər idisə, digər tərəfdən sənətin və memarlığın inkişafına təkan verən amil idi. Anadoluda bu cür abidələr yetərincə sayda olsa da maraqlıdır ki, onların əksəriyyətinin üzərində süslü naxışlar demək olar ki, yoxdur. Bunu Türkiyənin Ərzurum və Bayburt şəhərlərində olarkən müşahidə etmişdim. Amma Əcəmi Naxçıvaninin yaratdığı və Naxçıvan memarlıq məktəbinə aid olan abidələrdə artıq süslü naxışlar, mürəkkəb daş şəbəkələr və həndəsi fiqurlara geniş yer verilirdi. Türk-İslam abidələrinin Naxçıvanda nümunəsi sayılan Yusif Küseyr oğlu türbəsindən başlayaraq digərlərində Qurandan ayələr, müxtəlif simvollar və kitabələr işlənməyə başladı. Əslində bu kitabələrdə memarın adı, abidənin tikilmə məqsədi, kim tərəfindən inşa edilməsi və ya kimə məxsus olması bildirilsə də onlar həm də çox ustalıqla abidənin naxış elementi kimi də işlənib. Bayaq qeyd etdiyimiz kimi, İslam abidələrə yeni bir bəzək sistemi verdi. İslam həm də memarların, ustaların yaradıcılığına yeni bir yanaşma yaratdı. Bu da təbii ki, müxtəlif naxışlarda özünü göstərirdi. Bu naxışların ən zəngin toplusu sözsüz ki, Naxçıvanda inşa edilən Mömünə Xatın türbəsində öz əksini tapıb. Buradakı naxışları bir neçə istiqamətdə ustalıqla işləyən Əcəmi Naxçıvani simvollarla yazıların elə gözəl vəhdətini yaradıb ki, ilk baxışdan onların fərqini seçə bilmirsən. Mömünə Xatın türbəsində qədim türklərin inanclar sisteminə və mistik düşüncəsinə daxil olan çərxi-fələk (svastika), bir-birinin içərisinə keçərək çoxbucaqlı fiqur yaradan daş şəbəkələr, kiçik ölçüdə ərəbcə yazılan “Allah” kəlməsi və nəbati naxışlar (çiçəklər, yarpaqlar) çox ustalıqla hazırlanıb. Bu təkcə süsləmə üsulu deyil, həm də həmin dövrün düşüncə tərzi, islam və şərq fəlsəfəsindən doğan türk-islam düşüncəsinin təzahürüdür. Maraqlı burasıdır ki, Mömünə Xatındakı ərəbcə “Allah” kəlməsi sonradan 13-15-ci əsrlərdə inşa edilən Qarabağlar türbəsində daha böyük şəkildə, təkrarlanaraq işlənib və çox gözəl yazı-naxış elementinə çevrilib. Bu isə artıq onu inşa edən ustanın peşəkarlığı və yaradıcı təxəyyülünün pik nöqtəsidir. Yəni yazıdan ustalıqla naxış düzəltməyi bacarmaq memarın fantaziyasının zənginliyini və islamın dəyərlərini incəsənətə məharətlə tətbiqi deməkdir. Təbii ki, həmin illərdə xəttatlıq daha geniş inkişaf edən bir sahə idi. Gözəl xəttə malik olan mirzələr həmin dövrdə bütün şərqdə tətbiq edilən ərəb əlifabasından istifadə edərək elə ustalıqla yazılar yazırdılar ki, onlar həm də sənət əsəri hesab edilirdi. Naxçıvan memarlığında isə bu xəttatlıq kağız yox, artıq abidələrin, tikililərin üzərində tətbiq edilirdi. Bu bütün dünya mədəniyyətində tamamilə yeni bir memarlıq üslubunun təməli idi. Naxçıvan memarlığında islam dəyərlərinə uyğun naxışların tətbiqi və gözəlliyi sözsüz ki, Yaxın Şərqin və Orta Asiyanın memarlığına da ciddi təsir edib. Bəzən yanlış olaraq islamı incəsənətə əngəl olan bir qüvvə kimi təqdim etməyə çalışırlar. Amma əslində İslam dini insanın yaradıcılıq imkanlarını daha geniş şəkildə işlətməyə, öz təxəyyülünün məhsulunu ortaya qoymağa sövq edirdi. Sadəcə bunu dərk edən ustaların yaratdığı əsərlər həm milli sənət nümunəsi, həm də islamın yaradıcı bir din olduğunu sübut edir.
Səməd Canbaxşiyev