Uşaqlar bütün dərs ili boyunca yay tətilini səbrsizliklə gözləyirlər.Onlar üçün tətil oyun oynamaq, dərs xarici fərqli vaxt keçirmək deməkdir.Amma həqiqətən də uşaq üçün tətil bunlardan ibarətdirmi?
Bəzi valideynlər uşaqları yay tətilində də dərs oxumağa məcbur edərkən,bəzi valideynlər tamamilə sərbəst buraxır.Tətili faydalı və əyləncəli keçirmək üçün valideyn və uşaq birlikdə tətil plan cədvəli tərtib edərlərsə, bu zaman həm valideynin uşaqdan tələbləri, həmdə uşağın istəkləri nəzərə alınar. Bu cədvəl əsasən günün müəyyən saatlarında çox ağır olmayacaq şəkildə dərs çalışması və daha sonra əyləncəli fəaliyyətlərlə vaxt keçirməsi ola bilər. Uşaqların əylənərkən də öyrənə biləcəyi fəaliyyətlər seçməyinə də diqqət göstərmək lazımdır.
Beləki yaşadığı şəhərin tarixi abidələri, muzeyləri, gəzintilərə daxil edilə bilər. Bu gəzintilərə uşaq qonşuluqda və ya qohumluqda olan yaşıdları ilə gedərsə daha maraqlı olar. Gəzintiləri planlaşdırarkən gəzintiyə gedəcək digər uşaqların valideynləri ilə razılığa gəlməklə valideynlər və uşaqlar birlikdə, qrup halında səfərə çıxa bilərlər. Uşaqlara aşılanması vacib olan ən əsas vərdişlərdən biri də sözsüzki kitab oxumaqdır. Məktəb dönəmində dərslərin çoxluğu bu vərdişin aşılanmasına imkan vermir. Bu səbəbdən də kitab oxumaq kimi faydalı vərdişin uşaqlarda yaradılması üçün ən səmərəli vaxt yay tətilidir.
Uşaqlara kitab oxumağı sevdirmək üçün əsasən ilk olaraq onların sevə biləcəyi tərzdə kitablar seçmək lazımdır. Bunun üçün valideyn və uşaq kitab mağazasına gedib birlikdə kitab seçməlidir. Bu zaman valideyin həm uşağına seçim üçün istiqamət verə, həm də uşağın maraq dairəsi haqqında daha geniş məlumat əldə edə bilər.Bundan başqa uşaqların məktəb zamanı məşğul olmaq istədiyi, ancaq vaxt ayıra bilmədikləri fəaliyyətləri yay tətilində nəzərə alınmaqla uşağın unutmayacağı bir tətil halına gətirə bilərik. Eyni zamanda bu müddətdə uşaqlar hərəkətsiz qalmasınlar deyə, idman növlərinə də yönləndirmək lazımdır.
Birçox ailənin kəndlərdə və rayonlarda yaxın qohumları yaşayır.Bu da uşaqların tətili təbiət qoynunda keçirməsinə imkan yaradır. Bu mühitdə uşaq təbiətlə, ətraf aləmlə vəhdətdə olur ki, bu da uşaqda təbiətə, heyvanlara qarşı sevgi yaradır. Uşaqlar kənddə vəya rayonda olarkən onların yaşlarına uyğun məsuliyyət hissini aşılayan işlər tapşırmaq lazımdır. Məsələn:
Toyuqlara səhər axşam yem vermək, sularını dəyişmək, yumurtalarını toplamaq və s. Bu uşaqda həm məsuliyyət, həm də özünə inam hissinin formalaşmasına kömək edir.
Hər ailə eyni maddi gəlirə sahib olmaya bilər. Uşaqların gözəl bir yay tətili keçirtməsi üçün, valideynlərin çox da böyük büdcələrə ehtiyacları yoxdur.
Ən başlıcası uşaqlarımızla keyfiyyətli vaxt keçirib, onları tanımağa, anlamağa, yaxşı ünsiyyət qurmağa çalışmalıyıq. Bunun üçün də uşaqlarımızdan sevgimizi, diqqətimizi və qayğımızı əsirgəməməliyik. Bu isə heç bir maddi vəsaitlə ölçülməyəcək qədər qiymətli dəyərlərdir...
Günay Hüseynquliyeva
Uşaq pedaqoqu