Şəhidlik zirvəsini fəth edənlər Naxçıvanda son mənzilə yola salınıb - VİDEO
Azərbaycan xalqı xoşbəxtdir ki, onun müstəqil dövləti, yüksək zirvələrdə vüqarla dalğalanan bayrağı vardır. 70 ildən sonra ilk dəfə qədim və müqəddəs Naxçıvan torpağında səmalara yüksələn bayrağımız indi isə Cəbrayılda, Zəngilanda, Füzulidə, Qubadlıda, Hadrutda, Suqovuşanda, Xudafərində dalğalanır. Bayrağımızın Şuşada, Laçında, Xankəndidə əzəmətlə dalğalanması üçün minlərlə igid oğullarımız canlarını fəda edir. Bayrağımız, Vətənimizin bütövlüyü uğrunda şəhidlik adlı zirvəni fəth edən həmyerlilərimiz bu gün Naxçıvanda qarşılanaraq doğma torpaqda son mənzilə yola salınıblar.
Qəhrəman şəhidlərimizin nəşi Naxçıvan Beynəlxalq Hava Limanında qarşılandıqdan sonra doğulduqları şəhər və rayonlara aparılıb. Şəhidlərin dəfn mərasimlərində dövlət və hökumət nümayəndələri, Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmiləri, Ali Məclisin deputatları, ictimaiyyət nümayəndələri, minlərlə sakin iştirak edib.
Zeynalov Azad Rafiq oğlu, Meydanov Elməddin Bahaddin oğlu, Sadiqli Məmmədhəsən Meydan oğlu, Gözəlov Rüfət Əzim oğlu, Əhmədov Mərhəmət Adil oğlu Şərur Şəhidlər Xiyabanında, Cəlilov Həsən Məhərrəm oğlu Şərur rayonunun Qarahəsənli kəndində, Sadiqov Emin Rəşadət oğlu Şahbuz rayonundakı Şahbuzkənddə, Bağırov Ramin Nəriman oğlu Şahbuz rayonunun Badamlı kəndində, Məmmədov Zaman Habil oğlu Kəngərli rayonunun Şahtaxtı kəndində, Əsgərov Elçin Yalçın oğlu Kəngərli rayonunun Qıvraq qəsəbəsində son mənzilə yola salınıblar.
İzdihamlı mərasimlərdə çıxış edənlər şəhidlərin ailələrinə başsağlığı verib, Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qisasının artıqlamasıyla alındığını, onların uğrunda canından keçdiyi hər qarış Vətən torpağının mənfur düşmən tapdağından azad edildiyini bildiriblər. Qeyd edilib ki, Ordumuz ən müasir texnika və döyüş vasitələrindən istifadə edərək düşmənə sarsıdıcı zərbələr vurur. Bütün dünya tərəfindən tanınan ərazi bütövlüyümüzü bərpa edir. İşğalçı Ermənistan ordusundan fərqli olaraq, Azərbaycan əsgəri öz torpaqlarında və öz tarixi torpaqlarımızın azadlığı uğrunda mübarizə aparır. Ona görə də müharibə Ermənistana sosial-iqtisadi böhran, iqtisadi tənəzzül, xaos və anarxiya gətirir, əhali etiraz aksiyaları keçirərək Paşinyan iqtidarının istefasını tələb edir. Azərbaycanda isə xalq-dövlət-ordu birliyi düşmən üzərində hər gün yeni-yeni qələbələrin qazanılması ilə nəticələnir. Hər bir vətəndaş Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında bir yumruq kimi birləşərək Qarabağa böyük qayıdışımıza öz töhfəsini verir. Övladları şəhid olan ata-analar bir ağızdan “Vətən sağ olsun”, - deyir, gənclərimiz Vətən müharibəmizi Qələbə ilə bitirmək üçün son damla qanlarına qədər vuruşurlar.
Vurğulanıb ki, qədim Naxçıvan diyarı da hər zaman igid, mübariz qəhrəmanları ilə tanınıb. Tarix boyu Naxçıvanın vətənpərvər hərbçiləri istər qədim diyarımızın müdafiə olunmasında, istərsə də digər cəbhələrdə öz şücaətləri ilə bu tarixi daha da zənginləşdiriblər. Naxçıvanda ordu quruculuğu sahəsində atılan addımlar, Əlahiddə Ümumqoşun Ordunun yaradılması, davamlı olaraq keçirilən hərbi döyüş təlimləri bu gün Naxçıvandan olan hərbçilərimizin Günnüt zəfərini Qarabağın döyüş meydanlarında davam etdirməsi ilə nəticələnib.
Vətən müharibəsində şəhid olan həmyerlilərimizin qəhrəmanlığı bir daha sübut etdi ki, 1998-ci ildə ulu öndərimiz tərəfindən Naxçıvanda hərbi liseyin əsasının qoyulması Vətənimizin bütövlüyü, müstəqilliyimizin qorunması uğrunda atılmış ən mühüm addımlardandır. Burada təhsil alan kursantlar peşəkar zabitlər kimi indi ön cəhbədə ən mürəkkəb döyüş əməliyyatlarına uğurla başçılıq edirlər, yüksək vətənpərvərlik nümunəsi göstərərək, qəhrəmanlıq dastanı yazırlar.
Dəfn mərasimlərində şəhidlərimizin ruhuna dualar oxunub, yaylım atəşi açılıb, üçrəngli bayrağımız şəhidlərimizin doğmalarına əmanət edilib.
Şəhidlər dünənimizin qəhrəmanlıq simvolu, bu günümüzün qeyrət salnaməsi, sabahımızın əbədi örnək təmsilçiləridir. Vətən yolunda canını fəda edən igid, cəsur, qeyrətli Vətən övladları ölümsüzlük qazanaraq şəhidliyin ən uca zirvə olduğunu bugünkü gənc nəslə nümayiş etdirirlər. Düşmən gülləsindən, mərmisindən çəkinməyən, ölümün gözünə dik baxan, Vətən, torpaq, millət uğrunda canını verməkdən bir an belə tərəddüd etməyən, üçrəngli Azərbaycan bayrağını öz qanları, canları bahasına göylərə ucaldan Vətən oğullarını yad etmək, xatirələrini əziz tutmaq isə hər birimizin vətəndaşlıq borcudur.
Gəldi ürəkdəki arzular dilə
Silahı məhəbbət, son sözü Vətən!
Şəhidlər göstərdi ölümləriylə
Ölüm aşağıdır Vətən eşqindən.
Hər bir azərbaycanlı tam əmindir ki, qəhrəman oğullarımız sayəsində tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Ali Baş Komandanımızın da dediyi kimi, “Dağlıq Qarabağ bizim qədim, tarixi torpağımızdır və biz mütləq o torpaqlara qayıdacağıq. Dağıdılmış bütün tarixi abidələri, evləri bərpa edəcəyik. Küçələrə Azərbaycan adlarını verəcəyik, adları dəyişdirilmiş kəndlərə öz əsl adlarını qaytaracağıq. Biz mütləq bunu edəcəyik. Çünki haqq-ədalət bizim tərəfimizdədir. Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”
Bu gün hər kəs alınan hər qarış torpaq üçün tökülən qanların, verilən canların şahididir. Yaşasın Azərbaycan Ordusu! İrəli, Azərbaycan əsgəri!
Nurlana Əhmədova