Etibarlı ərzaq təminatına nail olunmasında taxılçılıq strateji əhəmiyyət daşıyır. Bu mənada muxtar respublikada aqrar sahənin inkişafı xüsusilə diqqət mərkəzindədir. Şahbuz rayonunda taxılçılıq əsas təsərrüfat sahələrindən hesab olunur. Bu sahəyə torpaq mülkiyyətçiləri tərəfindən böyük maraq göstərilməsi, mütərəqqi üsullardan istifadə edilməsi və dövlət qayğısı hesabına rayonda əkin sahələri ilbəil genişlənir, məhsuldarlıq artır.
Hazırda payızlıq taxıl səpini uğurla davam etdirilir. Şırım üsulundan istifadə edilməsi məhsuldarlığın artırılmasında, torpaqların şoranlaşmasının qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır. Ərazidə torpağın münbitliyinin artırılması məqsədilə meliorativ tədbirlər həyata keçirilib, şoranlaşmanın və eroziyanın qarşısı alınıb. Əkin zamanı yerli iqlim şəraitinə uyğun yüksək reproduksiyalı toxum sortundan istifadə olunur. Çünki sağlam cücərtilərin alınmasına həm də keyfiyyətli toxum sortlarından istifadə etməklə nail olmaq mümkündür. Əkinə “Naxçıvan Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayon Bazasının texnikaları cəlb olunub.
Rayonun Sələsüz, Mərəlik və Türkeş kəndlərinin ərazilərində səpin işlərinə başlanılıb. Bu günə qədər 450 hektar sahədə şum qaldırılıb, 70 hektara yaxın sahədə səpin aparılıb. Ümumilikdə 15 hektar sahə isə suvarılıb.
Taxılçılar səpini optimal müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini səfərbər ediblər.
“Oğuz səsi” qəzeti