Zirinc qədim zamanlardan bəri tanınan və istifadə edilən bitkidir. Xalq təbabətində müalicəvi təsirə malik zirinc bitkisinin yarpaqlarından, köklərindən, gövdə və budaqlarının qabığından, meyvələrindən müalicə vasitəsi kimi istifadə olunur. Zirincin bütün hissələrində (yetişmiş meyvələrindən başqa) protoverberin təbiətli alkolidlər aşkar edilibdir. Bunlardan ən mühümü berberindir. Köklərində 1,5, qabıqlarında 0,4-0,5 faizə qədər berberin, 1,5 faiz aşı maddə, 1,2 faiz qətran, 38,6 milliqram C vitamini var. Yarpaqlarında berberin alkolidi, pirokateksin təbiətli aşı maddə, qətran, üzvi turşular (alma, limon), həmçinin S vitamini müəyyən edilmişdir. Meyvəsinin tərkibində çoxlu üzvi turşular, şəkər, pektin maddələri, korotinoidlər var. Adi zirincin yarpaqlarının tinkturasından qankəsici dərman kimi istifadə edilir. Spirtli cövhəri sidik kisəsinin və qaraciyərin iltihabında işlədilir, köklərindən alınan berberin alkolidindən sulfat duzu şəklində tablet formada preparat hazırlanır və ondan ödqovucu dərman kimi istifadə olunur.
Zirincin meyvələrində olan S vitamini qan təzyiqini aşağı salır, soyuqdəymədən və ciyər zəifliyindən əmələ gələn ishala qarşı şirəsini içmək məsləhətdir. Şirəsi həm də ürəkbulanmanı yatırır. Ona özü qədər alma şirəsi, yarısı qədər limon şirəsi qarışdırıb şirinləşənə qədər şəkər əlavə edir, qaynadır və qatılaşdırırlar. Bu cür şərbət iştaha zəifliyində, ürəkbulanmada və ürək döyüntüsü hallarında da faydalı hesab olunur.
Zirinci “Şimal limonu” da adlandırırlar. Bu, səbəbsiz deyil. Ona görə ki, zirinc C vitamini ilə zəngindir, tərkibində orqanik turşular, alkolidlər, efir yağları, pektinlər və s. faydalı maddələr vardır. Zirinc ağır qidaların həzmini sürətləndirir və asanlaşdırır. Ona görə də tez-tez xörəklərə əlavə olunması məsləhətdir. Antibakterial və virus əleyhinə etibarlı vasitədir, iltihabı azaldır. Dəmlənməsi öskürək, angina, nəfəs orqanlarının iltihabı zamanı çox yaxşı effekt verir. Dəmləmə zamanı bir çay qaşığı qurudulmuş zirinc meyvəsi bir fincan qaynar suda yarım saat saxlanılır, çay qaşığının yarısı həcmində bal əlavə olunur. Bu dəmləmə immun sisteminə də çox yaxşı təsir göstərir, orqanizmi möhkəmləndirir, virus və bakteriyalara qarşı davamlılığı artırır. Zirinc arterial təzyiqin və qanda şəkərin tənzimlənməsinə də müsbət təsir edir.
“Yeni həyat” qəzeti