Bilirəm ki, otuz ildir yad ellərdə sinəndəki şırım ilə darıxırdın, Qarabağım. Otuz ildir sinəmdəki özün boyda yara ilə darıxırdım, Qarabağım. Bu gün sənə gələn yollar qəhrəman şəhidlərin al qanı ilə yuyulub. Keçən hər gün səni Azərbaycan xalqına yaxınlaşdırır, Qarabağım. O günü mərd, igid ərənlərimiz, qorxmaz, mübariz Azərbaycan əsgəri yaxınlaşdırır. Xalqın sevgisi zəncir kimi bağlayır səni Azərbaycana, Qarabağım. Xalqın sevgisi sən boyda bir dərd olub düşmənlərin ürəyinə, halqa olub boğazına keçir indi. Kəndir olub dolaşır ayaqlarına. Bir zamanlar gözlərimin yaş, ürəyimin yas tərəfi idin. İndi mənim yurd eşqiylə cana gələn həyatımın bahar tərəfi, yaz tərəfisən. Çünki bu gün bizim rahatlıqla arxamızı söykədiyimiz ordumuz, qətiyyətli Ali Baş Komandanımız, onun ətrafında səfərbər olan, qəlbinin hər döyüntüsü “Vətən” deyən xalqımız var.
Deyirlər ki, hamılıqla edilən dua Tanrıya tez qovuşarmış. Sən 50 milyonluq Azərbaycan xalqının müqəddəs duasısan, Qarabağım. Biz bu illər ərzində təkcə dua etmədik. Həm də vətənpərvər gənclik formalaşdırdıq, güclü ordu yaratdıq, o ordunun sıralarında xidmət edən ərlər-ərənlər böyütdük. Bu gün yağı düşmən texnikasını, silah-sursatını döyüş meydanında atıb qaçır. Amma bizim arxa cəbhədə olan gənclərimiz könüllü surətdə ordu sıralarına yazılmaq, düşməni məhv etmək arzusundadırlar. Bilirsən, ən böyük istəyim səndə ən gözəl payızı görmək idi, Qarabağım. İndi QƏLƏBƏ ətri duyulur bu payızdan. Zəfər nəğməsi qoşacağıq bu payızın şəninə. Qoy işğaldan azad olunan kəndlərimiz BÖYÜK QƏLƏBƏnin müjdəsi olsun. Xəyalını qurduğumuz, arzusunda olduğumuz ZƏFƏR günü yaxınlaşır. Yenə hər daşından bülbül avazlı Xan səsi gələcək, yenə Cıdır düzünü sevindirəcək Qarabağ atlarının ayaq səsi. İndi sən zəfər, hünər meydanısan, Qarabağım. O qədər vətənpərvər bir xalqın torpağısan ki, sənin uğrunda bu yurdun qızı, gəlini, qocası, uşağı belə hər zaman fədakarcasına döyüşməyə hazırdır. Çünki Vətən bir də doğulmur, ondan pay olmur. Bu günə qədər xalqımın bir dərdi var idi Qarabağ boyda. Bugünə qədər otuz ildir burnumuzun ucunu göynədən bir yara var idi. Çünki ana torpaq yağı düşmən tapdağında idi. Vaxt, vədə çoxdan yetişib, Azərbaycan əsgəri. Ali generalından sıravi əsgərinə qədər səfərbər olmusan ön xətdə. Kəs düşmənin ayağını ulu yurdumdan. Göstər ona gücünü, göstər ona həqiqi vətənpərvərlik eşqini. Bu gün şairlərimizin misraları, Mübarizin geridə qalan məktubunun hər sətri, Larisanın məktəbli çantası belə “Vətən” deyir. Sizin arxanızda on milyonluq Azərbaycan xalqı var. Gözəlliyini zirvələrdən alan üçrəngli qürur mənbəyimi as Şuşadan, Xankəndidən, Laçından, Azərbaycan əsgəri! Ruhən və qəlbən səngərlərdə – sizin yanınızdayıq.
Bu gün gərək
Hər anımız Vətən! – desin!
Qılıncımız, qalxanımız
Vətən! – desin
Ölənlərin əvəzinə
Qalanımız Vətən! – desin.
Vətən! – desin
Zəfər qoxulu şeir
İndi sənin sinən üstə, Vətənim,
Qanlarıyla tarix yazır oğullar.
İndi səni qorumaqçün qadınlar,
Oğul deyil, elə əsgər doğurlar.
Qələbənin meydanına çevrilib,
Şəhid-şəhid qayıdırsan, Qarabağ,
Yuxuda da Vətən...Vətən... deyəni.
Dönüşünlə ayıldırsan, Qarabağ.
Bu gün Cəbrayıldan Murova kimi
Hər daşından zəfər səsi ucalır,
Suqovuşan göyündə süzülən bayraq,
Şəst ilə düşməndən indi öc alır.
Hər sözündə Ali Baş Komandanın,
Qələbə müjdəsi, zəfər ətri var.
Bax, dilində bu möhtəşəm millətin,
Prezidentin hər sözü, hər sətri var.
Dedi: Qovacağıq axıra kimi,
Dedi ki, QARABAĞ AZƏRBAYCANDIR!
Bu gün Vətən üçün, Qarabağ üçün,
Quru canımız da fəda, qurbandır.
Sevinci sonsuzdu bu qurtuluşun,
Yer tapa bilmirəm özümə, Allah.
Mən zəfər qoxulu şeirlər yazım,
Bir az da qüvvət ver sözümə, Allah.
Hələ bu əvvəldi, başlanğıcdayıq,
Gərək al bayrağı Şuşam da geyə.
Onda qışqıracam mavi səmaya,
Qarabağ azaddı, azaddı deyə.
Qızbəsti Sultan
Naxçıvan Dövlət Univeristetinin
Jurnalistika ixtisasının tələbəsi