Peşəkarlar media aləmində bu fikri çox yaxşı bilirlər: “İnformasiyaya sahib olan dünyanı idarə edir”.
İnformasiya və ya məlumat hər hansı bir hadisəyə zamanında hazırlıq və onun qarşısının alınmasında vacib şərtdir. Ona görə də hər kəs hər şeyi bilmək və harada nə baş verdiyini səbirsizliklə öyrənmək istəyir. Əldə edilən informasiyanın özü də bir neçə istiqamətə bölünür. Bunlara şəxsi, gündəlik həyatın bir hissəsini əhatə edən, vacib, mühüm, dövlət əhəmiyyətli və sirr olaraq qəbul edilən məlumatlar daxildir. İnformasiyanı əldə etmək bəlkə də ən çətin məqamlardan biridir. Çünki insanlar, qurumlar və təşkilatlar özlərinə məxsus olan məlumatları davamlı olaraq sirr kimi saxlayır və ya ustalıqla gizlədir. Amma yenə də bu informasiyaları əldə etməyin xüsusi yolları və ustalığı var. Bunu isə bu sahənin peşəkarları daha yaxşı bilirlər.
Təbii ki, informasiyanı əldə etməkdən başqa, onunla işləmək- qorumaq, yaymaq və ondan məqamında istifadə etmək xüsusi bacarıq tələb edir. Ona görə də informasiya ilə işləməyi mütləq peşəkarlara həvalə etmək lazımdır. Əks halda əldə edilən və düzgün istiqamətləndirilməyən məlumat nəinki insanların, hətta dövlətin də əleyhinə istifadə oluna bilər Ona görə də informasiya ilə sanki odla olduğu kimi, ehtiyatla davranmaq lazımdır. Yəni hər hansı bir məlumatın olması heç də həmin dəqiqə onun faş edilməsi-yayılması üçün sənə verilən imkan demək deyil.
Sentyabr ayının 27-dən başlayaraq Azərbaycanda antiterror əməliyyatları, Vətən müharibəsi gedir. Ermənistanın təcavüzü nəticəsində işğal edilən tarixi torpaqlarımız erməni terrorçularından təmizlənir və azad edilir. Bu günə qədər müzəffər ordumuzun sayəsində əldə etdiyimiz tarixi qələbələr Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən hər dəfə onun sosial şəbəkədəki hesabından, ya da televiziya və digər kütləvi informasiya vasitələri ilə xalqa çatdırılıb.
Bundan başqa isə ölkəmizdə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri olan jurnalistlər, müxbirlər, operator və reportyorlar cəbhə bölgəsindən hər gün qaynar xəbərləri tamaşaçılara, izləyicilərə anında təqdim edirlər. Dövlət və ordu rəsmilərinin brifinqləri, mətbuat konfransları, müsahibələrini də, demək olar ki, hər gün KİV-dən izləyirik.
Bu işlə uzun illər məşğul olan biri kimi deyim ki, peşəkar və səriştəli şəkildə təqdim edilən bu xəbərlərin arxasında dayanan hadisələr heç də tam təfərrüatı ilə açıqlanmır. Bu danılmaz faktdır və işin özünəməxsus xüsusiyyətidir. Çünki xəbərin özünün də tamaşaçı, geniş auditoriya və kütlə üçün çatdırılan məqamları və xüsusi əhəmiyyət daşıdığı üçün hələ ki, təqdim olunmayan məqamları da var. Bu isə artıq döyüş meydanında gedən silahlı savaşdan başqa, peşəkarlar tərəfindən yönəldilən informasiya müharibəsinin bir hissəsidir. Amma...
Təəssüf ki, “amma”sız olmur. Son günlər Qarabağ cəbhəsində sürətlə irəliləyən ordumuzun əsgərləri ilə bağlı müxtəlif kiçikhəcmli videomateriallar yayılmaqdadır. Bunlar indi imkanları məhdudsuz olan smartfonlar vasitəsilə çəkilən və həmin anda sosial şəbəkələrə ötürülən materiallardır. Əsgərlərin hansı kənddə olması, hansı istiqamətdə və hansı texnika, silah-sursatla irəliləməsi, kəndlərin, ərazilərin azad edilməsi ilə bağlı hələ rəsmi təsdiqini tapmayan bu informasiyalar geniş auditoriya tərəfindən “acgözlüklə” qarşılanır və bugün bizim üçün çox təhlükəli olan sosial şəbəkələrdə yayılır. Təbii ki, 30 ildir torpaqları işğalda qalan bir xalqın səbr kasasının dolduğu, uzun illər rayonların işğal günlərini təqvimdə qara rənglə yazan bir xalqın qələbə sevincini yaşamağa və bölüşməyə haqqı var.
Amma döyüş meydanında savaşı udsaq da, bu gün daha təhlükəli olan informasiya savaşını uduzmamalıyıq. Erməni terrorçuları və onların bu döyüşə cəlb etdiyi digər terrorçulara qarşı apardığımız döyüşü tam şəkildə, hərtərəfli, bütöv bir güc olaraq aparmalıyıq. Çünki unutmayaq ki, hiyləgər və məkrli olan düşmən də bizi izləyir və onun da informasiya ilə işləyən xüsusi xidmət orqanları, peşəkar casusları var. Bəs belə olanda bizim üçün dəyərli olan informasiyanı niyə ehtiyatsızlıqla hazır tikə kimi onların ovcuna qoyaq?!
Bu günlərdə sosial şəbəkələrdə cəbhə xəttindən təsdiq olunmayan foto və video yayanların cinayət məsuliyyətinə cəlb olunacağı ilə bağlı xəbərlər yayıldı. Hətta Dövlət Təhlükəsizlik Xidməti döyüş zonasından video yayanlarla bağlı cinayət işinin başlanıldığı ilə bağlı məlumat yayıb. Bildirilir ki, qeyd olunan videogörüntülər düşmən ordusu tərəfindən Azərbaycan Respublikasının qoşun hissələrinin qüvvə və mövqeləri barədə informasiyanın əldə edilməsi, həmçinin kəşfiyyat-təxribat fəaliyyətinin həyata keçirilməsi məqsədləri üçün istifadə olunub. Aşkar edilmiş faktlar üzrə Dövlət Təhlükəsizliyi Xidmətində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 284-cü (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanılıb, hazırda həmin şəxslərin cinayət əməlləri ilə bağlı istintaq aparılır.
Bir daha vətəndaşlara fəal döyüş zonasından icazəsiz videoçəkilişlərin aparılmasının və yayılmasının cinayət məsuliyyətinə səbəb olduğu barədə xəbərdarlıq edilir, Azərbaycan əsgərinin həyatına təhlükə yaradan bütün davranışlardan çəkinməyə çağırılır”.
Bu belə də olmalıdır. Tələsik yaydığımız videomaterialların hansı ağır nəticələrə səbəb olduğu göz qabağındadır. Artıq bu günə qədər sosial şəbəkə istifadəçilərinin bu səriştəsizliyinin ordumuzun əsgər və zabitlərinin qanı bahasına başa gəldiyini yaxşı bilirik.
Ona görə də bir qədər səbirli və məntiqli olmalı, düşmən üzərində tam qələbənin Ölkə Başçısı tərəfindən elan edildiyi günü gözləməliyik. Bu həm də ən gözəl və unudulmaz sevinc anı olacaq. O gün isə uzaqda deyil!
Səməd Canbaxşiyev