“Vikipediya”da özbək dilində Cəbrayıl rayonu haqqında bölmə istifadəyə verilib - FOTOLAR

A- A A+

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) layihəsi ilə 27 ildən sonra işğaldan azad olunan Cəbrayıl rayonu haqqında “Vikipediya”da özbək dilində bölmə istifadəyə verilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bölmədə Cəbrayıl rayonunun 1993-cü il avqustun 23-də Ermənistan ordusu tərəfindən işğal edildiyi və 2020–ci il oktyabrın 4-də rayonun mərkəzi və bir sıra kəndlərinin şanlı Azərbaycan ordusu tərəfindən işğaldan azad olunduğu bildirilir.

Bölmədə qeyd olunur ki, rayon kimi Cəbrayılın keçmiş sovet dövründə yaradılmasına baxmayaraq, bu bölgə olduqca qədim tarixə malikdir və buradakı abidələr, qəsrlər, dini ibadətgahlar, habelə aşkar olunan qəbirlər, kurqanlar bu faktı bir daha təsdiq edir.

Yazıda vurğulanır ki, ərazinin adının VIII əsrdə yaşamış Cəbrayıl atanın adından götürülməsi ilə bağlı fikirlər var. Amma qeyd olunur ki, Cəbrayıldakı saysız-hesabsız abidələrin, mağaraların, qalaların, bürclərin, məbədlərin qalıqları bu yaşayış ərazisinin yaşının daha qədim olmasından xəbər verir.

Bölmədə Cəbrayıl rayonunun ərazisində eyni adlı şəhər, 4 qəsəbə, 92 kəndin yerləşdiyi, ölkədə ən böyük ərazisi olan inzibati rayon olduğu öz əksini tapıb. Ermənistanın işğalı nəticəsində Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəydiyi və rayondan məcburi köçkün düşən azərbaycanlıların respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, çadır düşərgələrində, yük vaqonlarında, yataqxana, müvəqqəti salınmış yaşayış məntəqələrində məskunlaşdığı qeyd olunub.

Özbək dilində “Jabrayil tumani” adlı bölmədə çoxsaylı faktlar, məlumatlar, statistika, fotoşəkillər, xəritələr, ədəbiyyat siyahısı verilib ki, buraya istifadə olunan bir sıra nəşrlərin siyahısı daxil edilib.

Bölmədə rayonun tarixi abidələrinə də xüsusi yer ayrılıb, Cəbrayılın ətrafında bədii formaya malik qəbir daşları, qoç heykəli olan abidələr, müxtəlif türbələr, habelə Azərbaycan tarixinin simvolu olan VIII-IX əsrlərə aid Xudafərin körpüləri haqqında məlumatlar öz əksini tapıb.

AMM-dən bildirilib ki, yaxın günlərdə Azərbaycanın qədim tarixinin, xalqımızın zəngin mədəniyyətinin və istedadının göstəricisi olan dünya əhəmiyyətli memarlıq abidəsi olan Xudafərin körpüsü haqqında xüsusi bölmə də özbək dilində istifadəyə veriləcək.

Özbək dilində yaradılmış Cəbrayıl rayonu haqqında bölmə ilə https://uz.wikipedia.org/wiki/Jabrayil_tumani linkində tanış olmaq mümkündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: