Naxçıvan şəhərinin baş meydanında ucalan, əzəməti ilə bərq vuran 57 metr hündürlükdəki bayrağın kölgəsində dayanıb seyr edirəm səni, Vətən. Ən gözəl bayramındır bu gün. Küçələrin, evlərin, binaların, hər bir bucağın göy, qırmızı, yaşıldır. Qəlblərdə bir bayraq sevgisi yaşanır bu günlərdə. İşğaldan azad olunmuş ərazilərimizə qəhrəman oğullarımız üçrəngli bayrağımızı sancmaqla Ali Baş Komandanına, o da xalqına müjdəli xəbərini çatdırır. 30 ildir həsrət qaldığı vətən torpaqlarında da dalğalandığı üçün bu gün daha sevincli, daha qürurludur bayrağım.
Buraxınız, seyr edəyim, düşünəyim, oxşayayım,
Şu sevimli: üç boyalı, üç mənalı bayrağı!
Bayraq… Dövlətin varlığını, xalqın amallarını ifadə edən ən mühüm amil, beşcə hərflik söz...
Görəsən, dünyada ilk bayraq harada, necə yarandı?! Necə oldu ki, bir qəbilə, bir tayfa, bir xalq, bir dövlət özünü başqa dövlətlərdən əlvan bir parça ilə fərqləndirdi?! İnsan oğlu sənin uğrunda döyüşdü, yüksəlişinlə öyündü?! Sən ucalasan deyə torpağına qan tökdü, can verdi, ən ağır müharibələrdən, ən çətin mücadilələrdən sonra ucaldılan bayrağa qalibiyyət simvolu kimi baxdı, şərəfi, ləyaqəti bildi.
Tariximizin ən unudulmaz məqamlarına şahidlik edən, şanlı hilalım, dalğalandıqca 102 yaşlı nurani bir qocanın həyat hekayəsindən söz açırsan sanki.
Adın gələndə yada ilk düşən tariximizin cümhuriyyət dövrü olur. Çünki sən Cümhuriyyətimizin əbədi əsəri, “Türkləşmək, müasirləşmək!” deyən Əli bəyin ideyasısan.
Azərbaycan Xalq Cümhuriyyətinin ilk bayrağının ömrü qısa olub. 21 iyun 1918-ci ildə qəbul edilən ağ aypara və səkkizguşəli ulduzdan ibarət olan bu al bayraq 9 noyabr 1918-ci ildən müasir ay-ulduzlu bayrağımızla əvəzləndi. 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdi, sovet hakimiyyəti quruldu və həmin bayraqdan imtina edildi.
Düz 70 il Azərbaycan xalqı bayrağına, ay-ulduzuna həsrət qaldı. Lakin millətimin qəlbindəki istiqlal sevgisi, istiqlalın rəmzi olan üçrəngli bayraq məhəbbəti sönmədi. Tufanlara, qasırğalara sinə gərən bayrağımız uzun illər tarixin yaşadığı ağır və məşəqqətli illərin qaranlıq pərdəsi arxasında gün işığına, dalğalanmağa həsrət qaldı. Lakin o bayrağın nə vaxtsa yenidən başı üzərində dalğalanacağına həmişə böyük ümid bəslədi xalqım...
O bayrağı işıqdan əbədi məhrum edənlər bilmədilər ki, yeri-göyü nurlandıran ay və ulduzu qaranlığa gömə bilməzlər... Və o gün gəldi. 70 il sonra ümidlər dirçəldi, arzular çiçək açdı. 5 fevral 1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti ilə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızın Azərbaycan Respublikasının Dövlət Bayrağı kimi qəbul edilməsi barədə qərar qəbul etdi.
Cəmi bir neçə ay sonra, 1991-ci ilin oktyabrın 18-də Azərbaycan müstəqilliyini yenidən bütün dünyaya bəyan etdi və üçrəngli bayrağımız müstəqil dövlətimizin ilk müqəddəs nişanəsi kimi bütün yer üzündə göründü.
Ulu bayraq! Tarixin gerçəkliyindən, döyüş meydanında igidlərin nərəsindən, milyonların arzusundan, şəhid övladlarının qanından yoğrularaq yüksəklərə, çox ucalara, lap elə göylərin bağrına sancıldın. Aləmdə dalğalandın, aydın səmalarda bir gözəllik oldun. Bu qürurdan, bu gözəllikdən vətənimin köksü qabardı, millətimin damarında axan qanı cuşa gəldi.
Şənini vəsf etməyə yetər, qüdrətim yetər,
Ulduzunu, ayını göydə mələklər öpər,
Hər rəngində “ya qazi, ya şəhid” bir mən bitər,
Sən ey istiqlalımın əbədiyyət sancağı-
Azərbaycan bayrağı.
Şair oğulların Cəfər Cabbarlı, Məhəmməd Hadi, Əhməd Cavad, Bəxtiyar Vahabzadə şeirlərində səni böyük sevgiylə öydü, ulduzlardan da yüksəklərdə dayanan nazlı hilala bənzətdi.
Sən şəhidimin qanından köynəklənən, Göytürk babamın ruhundan maviləşən, müqəddəs dinimin yaşılına bürünən üç rəngsən. Sinəndəki mavi- türk dünyası ilə vəhdətimizə, yaşıl- islam dünyası ilə din birliyimizə, qırmızı- dünya xalqları ilə beynəlmiləlçiliyimizə, dünyəviliyimizə, bərabərliyimizə, dostluğumuza bir işarə, səkkizguşəli ulduzun şumer türklüyündən bizə qalan anlam, çevrəndəki ay isə İslam dininin dünyəviliyinin, müqəddəsliyinin rəmzi oldu.
Adına meydanlar salınır. Vətənimin paytaxtındakı bayraq meydanında göylərin sonsuzluğuna ucalan dünyanın ən uca bayrağı kimi bərq vuraraq dünyaya müstəqil bir dövlətin varlığını bəyan edirsən. Budur bu xalqın böyüklüyü, qüdrəti, vətən sevgisi…
Qürur duyduğum nişanə, dövlətimin varlığının daşıyıcısı, milllətimin imzasını imzalar içində təsdiqlədən ən böyük milli dəyər, başımızın üstündə dalğalanan dəniz, zəfər günlərinin sevinci BAYRAQ. Biz kölgəndə bir yumruğa dönmüşük. Uğrunda nələrdən keçərik, nələrdən…
Sən vətən uğrunda canından keçən şəhidlərin xatirəsini yaşadırsan. Məzarının üstündə səni görüb rahat yatır şəhidim. Səni öpüp alnına qoyan, bağrına basan şəhid anasının, atasının ən gözəl, ən müqəddəs nemətisən. Qaraca torpağı vətənləşdirən, qəhrəman babalarımızın bizə qoyub getdiyi, 50 milyonluq insanı birləşdirən ən böyük dəyər, ən böyük sevgi, and yerisən. Məğlubedilməz əsgər sənin önündə baş əyir, sənə and içir.
Hər bir azərbaycanlı ailəsinin evinin ən əziz bir dəyərinə çevrilmisən. Evinə mənfur düşmən tərəfindən atılan raket atəşindən qaçan oğlun səni bağrına basaraq özü ilə birgə oddan, alovdan xilas edir. Beynəlxalq İdman yarışlarında qalib gələn idmançılarımız səni çiyinlərinin üstünə qaldıranda xalqımın sevinci yerə-göyə sığmır.
Bu gün işğaldan azad olunmuş vətən torpaqlarında da dalğalanmaqla sanki əyilmiş qəddini düzəltmisən. Əzəli vətən torpaqlarına dirəyin sancılanda, rahat nəfəs alıb, qürurla dalğalanırsan. Biz isə bir daha duyuruq, yaşayırıq bayraq sevgisini, sevincini. İndi sən Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Suqovuşanda, doğma Qarabağ səmasında dalğalandıqca babamız Məmməd Əmin Rəsulzadənin bu sözləri bir daha dilimizdə səslənir-“Bir kərə yüksələn bayraq bir daha enməz”. Yolun Şuşadı, Laçındı, Kəlbəcərdi... Şuşa qalasına sancıldığın, Xankəndinin mərkəzində dalğalandığın gün dünya bir daha heyran qalacaq gözəlliyinə, oğullarının hünərinə. Və o torpaqlarda dalğalandıqca uğrunda canından keçən şəhidlərimizin ruhu şad olacaq! Qəlbimizdən bu fikirlər rövnəqlənəcək: “Üçrəngli bayrağınla məsud yaşa, Vətən”
Təkcə səmada yox, həm də hər bir azərbaycanlının ürəyində dəniz kimi dalğalanan bayrağım, kölgənin düşdüyü hər yer vətəndir. Bu gün sənin doğulduğun, var olduğun gündür. Vətənimin təmtəraqla qeyd etdiyi milli bayramıdır. Axı sən milli birliyin, milli qeyrətin rəmzi, dünyaya səpələnmiş milyonlarla azərbaycanlını kölgənə cəm edən uca bir zirvəsən. Ulu bayraq, göylərin azad quşu hər zaman zirvələrdə dalğalan. Dünyanın bayraqları arasında üçrəngli görkəmin, əzminlə bərq vur, dalğalan ki, bu millətin, bu xalqın, bu dövlətin varlığını yaşat, onun gücünü, qüdrətini bəyan et aləmə… Daim zəfər soraqlı ol. Biz dünən var idik, bu gün yaşayırıq, sabah da var olacağıq səni əbədi yaşatmaq üçün. Və şükürlər olsun ki, bu gün biz sənin Qarabağ torpağında da dalğalanmağının şahidiyik. Səni Qarabağ torpağına qovuşdurmaq isə yumruq kimi birləşən, bütövləşən millətimin tək amalı idi...
Türkanə Əmoyeva
“Nuhçıxan”