Fərqli peşə sahibi olmağıma baxmayaraq, bəzən vaxt tapdıqca əlimə qələm də alıram. Boşuna deməyiblər ki, insan yazarkən özünü daha yaxşı ifadə edir. Düşünürəm ki, böyük qürur hissləri keçirdiyimiz bu günlərdə hər kəsin yazmağa, deməyə nəsə bir sözü vardır. Qələbəyə gedən yolda müşahidə etdiyim iki məsələ barədə yazmağa qərar verdim. Bunlardan biri malik olduğumuz vətənpərvər gənclik, digəri isə dövlət-xalq-ordu birliyimizdir.
Deyirlər, müharibə təkcə maddi deyil, həm də mənəvi itkidir. Lakin Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun torpaqlarımızı işğaldan azad etmək üçün apardığı haqq mübarizəsi hər bir Azərbaycan vətəndaşında böyük qürur və fərəh hissi yaradıb. İnsanlarda böyük ruh yüksəkliyi vardır. Bu gün böyüklü-kiçikli hər kəs Vətən yolunda müsəlləh əsgərdir.
15 illik müəllimlik həyatımda yaşadığım bir hadisə məni xeyli qürurlandırdı. Adətim üzrə Naxçıvan Dövlət Universitetində auditoriyaya daxil olan zaman ötən dərsin mövzusunu tələbələrlə qısa müzakirə edir, sual-cavabdan sonra yeni mühazirəyə başlayıram. Lakin bu dəfəki dərsimizdə qaydaları dəyişdik: dərsimiz Qarabağla başlayıb, Qarabağla bitdi. 18-19 yaşlı gənclərin Vətən və xalq sevgisi, vətənpərvərlik hissi qarşısında heyran qaldım. Bu gənclərin çoxu anadan olduğu zaman artıq Qarabağ işğal olunmuşdu. Onlar Qarabağı heç vaxt görməyiblər. Lakin bu gün Qarabağ uğrunda – Vətən yolunda hər biri döyüşə, hətta canından keçməyə hazırdır. Bax qələbəyə gedən yol da burdan başlayır. Ordusu güclü maddi-texniki təminata malik olan ölkə yox, vətənpərvər gəncliyə malik ölkə hərb meydanında hər zaman qalib gəlir. Necə ki, bu gün Azərbaycan bunu edir. Ötən 30 ildə ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında əldə etdiyimiz ən böyük nailiyyətlərdən biri də tariximizə, dilimizə, dəyərlərimizə, ən əsası isə Vətənimizə sahib çıxan, dövlətinə və xalqına sədaqətli vətənpərvər gənclik yetişdirməyimizdir.
Bu yerdə bir haşiyə çıxaraq düşmən ölkədə gəncliyin düşdüyü acınacaqlı vəziyyətə diqqət çəkmək istəyirəm. Hazırda Ermənistan məğlubiyyətini etiraf etməyin yollarını axtarır. Özbaşınalıq hallarının çoxalması, xüsusilə erməni gənclərin səfərbərlikdən yayınmaq üçün ölkəni tərk etməsi, saxta xəstəlik sənədləri düzəltməsi, fərariliyin baş alıb getməsi bir daha təsdiq edir ki, işğalçı ölkə bütün sahələrdə iflasa uğrayıb. Artıq haqq-ədalət öz yerini tapır. Mələk donuna girmiş iblislər - ermənilər tarix qarşısında cavab verirlər.
Kimin kim olduğu ortaya çıxıb. Bir tərəfdə məğlub Ermənistanın başını soxmağa deşik axtaran miskin, xain və ümidsiz gəncliyi, digər tərəfdə isə qalib Azərbaycanın vətənpərvər, məğrur və sabaha inamla baxan GƏNCLİYİ.
40 gündən çoxdur ki, Azərbaycan ordusu düşmənə qarşı mübarizə aparır, döyüşür, qələbə çalır, şəhərlərimiz, kəndlərimiz bir-bir işğaldan azad olunur. Bu gün biz 30 il əvvəlki müharibənin izlərini tarixdən silirik. Tarixi yenidən yazaraq ərazi bütövlüyümüzü bərpa edirik. Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu müstəqil dövlətçilik strategiyası, ölkəmizdə yenidən siyasi hakimiyyətə gəldikdən sonra bütün sahələrdə həyata keçirdiyi tədbirlər artıq öz bəhrəsini verib. Ölkə Prezidentinin rəhbərliyi ilə Azərbaycan qüdrətli dövlətə çevrilib. Bu gün dövlət-xalq-ordu birliyi gücümüzə güc qatır.
Dövlət başçısının hər dəfə işğaldan azad olunmuş Azərbaycan torpaqlarının adlarını açıqlaması “ədalətsizliklə ədalət bərpa etmək istəyənlərə” ən tutarlı cavabımızdır. Gecə şəhərlərimizə raket atan, günahsız insanları hədəfə alan tarixin ən hiyləgər və ləyaqətsiz toplumuna istər döyüş meydanında, istərsə də siyasi arenada layiqli cavab verir, haqq səsimizi dünyaya çatdırırıq. Qətiyyən birliyimiz pozulmur. Əksinə daha da mətinləşirik. Ali Baş Komandanın ətrafında sıx birləşərək sözümüzü mübarizə meydanında artıqlaması ilə deyirik.
Biz ötən əsrin 90-cı illərinin acı günlərini yaşamışıq. Bu gün isə güclü dövlətimiz və ordumuz sayəsində qələbənin şahidləriyik. 30 ildir övladlarına qan yaddaşımız barədə danışan analarımız, atalarımız bu gün böyük qürurla qələbədən, azad olunmuş torpaqlarımızdan, şanlı ordumuzdan, güclü dövlətimizdən, qalib LİDERİMİZDƏN söhbət açırlar.
Ümummili lider Heydər Əliyev demişdir: “Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunun qüvvətini artırır”. Yaşından, cinsindən asılı olmayaraq hər bir azərbaycanlı bu gün dövlətimizə, ordumuza, Prezidentimizə dəstək olmaq üçün yumruq tək birləşib. Bugün hər kəs Azərbaycan xalqının birliyinə həsəd aparır. Apardığımız Vətən müharibəsi Azərbaycan xalqının qəhrəmanlığını tarixə yazmaqla yanaşı, həm də dünyaya malik olduğumuz dövlət-xalq-ordu birliyini bir daha göstərir.
Qələbə yolun daim açıq olsun, qalib ORDUM, şanlı AZƏRBAYCAN!
Gözəl Şahməmmədova
Ali Məclis Aparatının şöbə müdiri