Bayraq bir ölkənin müstəqilliyinin simvoludur... Azərbaycan üçün isə simvoldan ziyadə daha dərin anlamlar ifadə edir şanlı sancağımız... Hürriyyətimizin yadlar qarşısında sonsuz olduğunu göstərməklə birlikdə uğruna nə qədər qanlar tökdüyümüzün ən bariz nümunəsi olan bayrağımız həm də Şərqdə və Türk-İslam dünyasında ilk demokratik və dünyəvi dövlətin timsalı olaraq parlament binası üzərində qaldırılan ulu bayraqdır. Əsrlərdən bəri müxtəlif formalarda, müxtəlif rənglərdə olan nazlı hilalla bəzədilmiş bu tarixi bayraq artıq 102 ildir ki, türk milli mədəniyyətinin, müsəlman sivilizasiyasının və müasir Avropa demokratik əsaslarının simvolu olan üç rəngi, bəyaz ayparası və səkkizguşəli ulduzu ilə bərabər ürəyimizi oxşamağa, bizi gözyaşardacaq qədər duyğulandırmağa və qürurlandırmağa davam edir. Lakin bu qürur hissi asan qazanılmayıbdır...
30 ilə yaxın bir müddətdə xalqımız matəmə bürünmüşdü... Mütləq bu səbrin bir sonu olmalı idi və oldu da. Tarixi diləyimizdə yaşadaraq bir yumruğa dönmüşük artıq. O yumruq ki torpağımıza dikilmiş gözləri daşıyan nadinc başları layiqincə əzir. İndi savaş meydanında ordu-xalq-dövlət birliyi öz sözünü çəkinmədən, şücaətlə deyir və düşmənə illərdir törətdiyi çirkin əməllərin hesabını bir-bir ödədir. 27 sentyabr və ondan əvvəlki tarixlərdən bəri Azərbaycan öz gücünü, mübarizə əzmini, keçilməzliyini həm döyüş meydanında, həm də danışıqlar masasında Ermənistan və onun havadarlarına əyani şəkildə sübut edir.. Bir kərə yüksələn bayrağımız daha əlçatmaz görünən zirvələrə ucaldıqca ucalır. Azadlığımızın uca heykəl daşı olan şəhidlərimizin ölməz ruhları özləriylə birlikdə şanlı sancağımızı da göylərə qaldırır. Bir yandan nisgilimiz, ürək ağrımız, gözyaşımız, kədərimiz, digər yandan vüqarımız, fəxrimiz, ölməzliyimiz, qürur mənbəyimiz olan şəhidlərimizin, cəsarətli, igid əsgərlərimizin və möhkəm siyasi idarəçiliyimizin sayəsində bu gün bayrağımız öz gününə yaraşar şəkildə naz-qəmzə ilə Qarabağın ürəyi olan Şuşada dalğalanır.
Tökülən qanlar, gözyaşları, torpağın bağrına istiqlal toxumları kimi səpilən şəhidlərin ölməz bədənləri boşuna deyil! Edilən dualar, verilən canlar, həyata keçirilən vədlərin nəticəsi kimi Azərbaycan bayrağını Qarabağdan biz asırıq! Xalqımızın mənliyini qoruyan qeyrətli oğullarımız olduğu müddətdə bu vətənin bircə qarış torpağına da düşmən ayağı dəymir, dəyməyəcək, ulu bayrağımız daim vətənimizin bütün torpaqlarında öz məğrurluğu ilə dalğalanacaqdır!
Bayraq günün mübarək, Azərbaycan əsgəri! Bayraq günün mübarək, Şəhidimin şanlı ruhu! Bayraq günün mübarək, Qarabağ qazisi! Bayraq günün mübarək, Şuşa dağları! Və bayraq günün mübarək, bütün Azərbaycan!!!
Çilənay Ələkbərova
AMEA Naxçıvan bölməsi Bioresurslar İnstitutunun əməkdaşı