Bu barədə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib.
Qeyd olunub ki, muxtar respublikada ailə, qadın və uşaq hüquqlarının qorunması, müvafiq sahə ilə bağlı təbliğat işinin aparılması oktyabr ayında diqqətdə saxlanılıb. Ailələrin hüquqlarının qorunması, sosial problemlərinin öyrənilməsi və həll edilməsinə diqqət artırılıb. Belə ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində yaşayan aztəminatlı Məmmədovlar, Şərur rayonunun Düdəngə kəndində yaşayan aztəminatlı Qurbanovlar ailəsinə baş çəkilib, onların problemləri ilə maraqlanılıb, ailələrə ehtiyaclarına uyğun köməklik göstərilib.
Həmçinin ay ərzində 15 nəfəri məktəbəqədər yaşlı olmaqla, 50 sağlamlıq imkanları məhdud uşaqların valideynləri ilə əlaqə yaradılıb və onlarla geniş maarifləndirici söhbət aparılıb. Uşaqlardan 4-ü ümumtəhsil məktəblərinin I sinfinə, 5-i ümumtəhsil məktəblərinin hazırlıq sinfinə, 1-i Məhdud Fiziki İmkanlılar üçün Regional İnformasiya Mərkəzinə cəlb olunubdur. Oktyabr ayı ərzində elektron məlumat bankına 679 uşaq haqqında fərdi məlumatlar daxil edilib.