“Qarabağ” dastanının “Şuşa” boyu

A- A A+

Salamlar olsun sənə, ey Vətənə qayıdışını Şəhidlər Xiyabanından salıb, şəhidini, torpaq uğrunda canlarından keçənlərini bağrına basan, 1990-cı illərin 20 Yanvarında, Xocalı qətliamında, bir-birinin ardınca işğal olunan qol-budaqlarında can qoyub, qan tökən igid övladlarını ziyarət edib, azadlığının müjdəsini doğmalarına verib Qarabağa-ata-baba yurduna doğru yolçuluğa çıxan Şuşa. Sənə elə bu da yaraşırdı. Axı sən qala qürurlu, şiş dağ vüqarlı, əzəmət mücəssəməsi, yenilməzlik simvolusan, Qarabağın ağsaqqalısan. Salamlar olsun sənə, ey Qarabağın gözü, döyünən ürəyi, Azərbaycanın baş tacı... Azadlığın, hürriyyətin mübarək! Ey igid oğlu dağlar, mərd qızı qayalar olan gözəlliklər məskəni Şuşa.  Bayrağının qırmızısından gözəllərinə köynək, yaşılından ətək biçən, mavisini göy üzünün buludları, dumanı-çəni ilə qarışdırıb gözəllərinə örpək edən Şuşa, qayıdışın mübarək!  Ey tarixin əzəli, mədəniyyətin beşiyi, şeiriyyətin məskəni Şuşa!

                   Pişvazına Azərbaycan çıxdı, Şuşa!

Sən Qarabağa yolçuluğa çıxdın, sənin pişvazına isə bütün Azərbaycan çıxdı. Onların arasında kimlər vardı, gördünmü? Yolunun başlanğıcında Ali Baş Komandanımız, sonra Şəhidlər Xiyabanında bağrına basdığın şəhidlərin ailələri, 28 il əvvəl köksündən qoparılaraq Azərbaycanın müxtəlif bölgələrinə ümid aparan qaçqın, köçkün övladların qarşıladı səni. Paytaxt Bakı, Qoca Naxçıvan çıxmışdı pişvazına. Qarabağ uğrunda yenicə mərmi yağışına tutulub neçə-neçə günahsız insanlarını itirmiş, minlərlə ev-eşiyi dağılmış, lakin düşmənə qorxusuzluğu, əyilməzliyi ilə meydan oxuyan Gəncə, Bərdə, Tərtər şəhərlərinin övladları qarşılayırdı səni. Azərbaycanın bütün rayon, şəhər, qəsəbə, kəndləri  böyük coşqu ilə  bayraq meydanlarında, küçələrdə, xiyabanlarda 28 il həsrət qaldığın üçrəngli bayrağımızla qarşıladı səni. Bayraq günün, bayraq vüsalın mübarək, Şuşa!     

                   28 il əvvəlki və 28 il sonrakı 8 

Yaxşı yadımdadır işğal olunduğun gün. Azərbaycanın başının üzərini dumanların aldığı, Naxçvanın blokadasının ağrılı-əzablı ilk illəri idi. Hərtərəfli blokada şəraitində yaşayırdıq. Sədərəkdə döyüşlər gedirdi. Bir tərəfdən də 3-4 saatdan bir işıq yanarkən baxa bildiyimiz televizordan yalnız Qarabağdan acı xəbərlər alırdıq. Əliyalın insanların canları-qanları bahasına yurd yerlərimizin müdafiəsinə qalxmasını, onların Azərbaycan rəhbərliyindən dəfələrlə kömək istəməsini, lakin heç bir kömək ala bilmədiklərini eşitmişdik, bilirdik.  Onlara heç bir köməyin gəlməyəcəyini də bilirdik. Çünki Qarabağ da, ətrafındakı rayonlar da o zamankı ölkə rəhbərləri tərəfindən imperiyaya hədiyyə olunmuşdu. Ona görə də ardıcıl şəkildə gedəcəkdilər. Getdilər də. Bizə qalan isə şəhid övladlarımız, yurdları talanmış didərginlərimiz, bir də 28 illik nisgil, həsrət oldu. Hələ Naxçıvan da sizlərin ardınızca gedəcəkdi. Bilirsən niyə getmədi? 1990-cı ildə ulu öndərimiz Heydər Əliyev Moskvadan Bakıya gələrkən törədilən əngəllərə görə onun Bakıya deyil, Naxçıvana gəlişi qurtardı Naxçıvanı. Əgər O, Naxçıvana gəlməsəydi, indi Naxçıvan da həmin işğal olunmuş şəhərlərin sırasında idi. Naxçıvandan Azərbaycan rəhbərliyinə işğala son qoyulması, kömək göstərilməsi üçün böyük ürək yanğısı ilə üz tutdu ulu öndər. Lakin bütün bunlara baxmayaraq, alındı əlimizdən torpaqlarımız. 

İşğal altındakı torpaqlarımızı hər zaman təəssüf hissi ilə anan, onların geri qaytarılmasına böyük inam bəsləyən ümummilli liderimiz ömrünün sonunadək bu sözləri dedi: “Hər bir azərbaycanlı bilməlidir və hazır olmalıdır ki, əgər bizim bütün cəhdlərimiz nəticə verməsə, nəyin bahasına olursa-olsun, canımızın, qanımızın bahasına olsa da, işğal olunmuş torpaqlarımızı azad etməli, Azərbaycanın sərhədlərinin toxunulmazlığını, ərazi bütövlüyünü  təmin etməliyik. Bu, qarşımızda duran vəzifədir və biz onu nəyin bahasına olur-olsun yerinə yetirəcəyik”.

Ulu öndər torpaqlarımızın geri alınması üçün beynəlxalq aləmdə böyükmiqyaslı işlər həyata keçirdi. Lakin dünya susdu. 17 ildə ölkə Prezidenti də eyni ulu öndər kimi bu istiqamətdə danışıqlar apardı, Qarabağ problemini beynəlxalq səviyyədə həll etməyə, düşmənin sülh yolu ilə  torpaqlarımızdan çıxarılmasına çalışdı. Lakin dünya yenə də susdu. Mənfur düşmən isə hələ üstəlik yeni ərazilər işğal etmək xülyasına düşdü. Belə olanda isə ulu öndərimizin həm mənəvi, həm də siyasi varisi Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusu düşməni yerlərində oturtmağı bacardı. Şəhər, qəsəbə və kəndlərimiz artıq ikinci aydır ki, qarış-qarış, kənd-kənd geri alınır.  Biz övladlarımızı itiririk, lakin onların qanı ilə Azərbaycan tarixinin yeni səhifələrini yazırıq.   

8 noyabr 2020-ci il. Qarabağın döyünən ürəyi Şuşanın azadlıq müjdəsini xalqına çatdıran Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun, dünya azərbaycanlıları! Mən bu günlərdə dünya azərbaycanlılarından və Azərbaycanda yaşayan insanlardan minlərlə məktub alıram. Hər gün minlərlə məktub. Sadəcə olaraq, heyfsilənirəm ki, bütün bu məktubları oxuya bilmirəm. Sadəcə olaraq, vaxt çatmır. Nə qədər gözəl sözlər, nə qədər böyük dəstək göstərilir. Bu gün biz bir daha bütün dünyaya sübut edirik ki, biz böyük xalqıq, biz məğrur xalqıq! Biz yenilməz xalqıq! Biz döyüş meydanında düşmənə yerini göstəririk!

Bəli, 28 il əvvəlki 8-in üzərindən 28 il sonrakı 8 xətt çəkdi. Şuşa əbədiyyən Azərbaycana-öz doğma anasına qaytarıldı. Artıq qovuşub iki doğma. Onlar indi Azərbaycan bayrağını çiyinlərinə salıb Şuşanın ən uca zirvəsində oturub bir-biri ilə ötənlərdən söhbət edir, biçib-tikəcəkləri yeni qırmızı köynəklərdən, yaşıl ətəklərdən, mavi kəlağayılardan danışırlar. 

Zamanın o başındakı səkkizlə bu başındakı səkkiz bir-birindən nə qədər fərqli olsa da, Şuşanın taleyində  o səkkizlərin  hər ikisi var imiş...

                    Alınmaz qaladır  Şuşa

Tarix də göstərib, zaman da sübut edib ki, Şuşanın işğalı mümkün olmayan məsələdir. Bəs necə olmuşdu ki, millətdən, Vətəndən, ordudan məhrum ermənilər bunu edə bilmişdilər? Elə yuxarıda bu məsələyə yenidən qayıtmaqda məqsədim bir daha xatırlatmaq idi ki, Şuşa işğal oluna bilməzdi. Tarixə nəzər salaq: Feodal müharibələri dövründə Şuşa bir neçə dəfə tarixin sınağından uğurla çıxaraq qalib gəlib. Bu qalaya hücum edən Məhəmməd Həsən xan Qacar, Fətəli xan Əfşar, Ağa Məhəmməd şah Qacar onu ala bilməmişlər. Qarabağ hökmdarı Pənahəli xan ərazini düşmənlərdən qorumaq məqsədilə xanlığın ən strateji mövqelərində müdafiə qurğularının tikintisinə başlamışdır. 1747-ci ildə İran hökmdarı Nadir şah Əfşarın ölümündən sonra Pənahəli xan özünü bu torpaqların xanı elan edir və xanlıq ərazisini düşmən hücumlarından qorumaq məqsədilə mükəmməl qala tikdirməyi qərara alır. 1748-ci ildə Bayat qalası, 1752-ci ildə isə Şahbulaq qalası inşa edilmişdir. Lakin Pənahəli xan müharibələr dövründə əhalinin sığınması üçün daha etibarlı, üç tərəfi keçilməz sıldırım qayalarla əhatə olunmuş əlçatmaz dağ yaylasında yeni bir qala ucaltmağı qərara almışdır. Yeni qala ilk illərdə öz banisinin adı ilə “Pənahabad”, sonralar isə “Şuşa” adlandırılmağa başlanmışdır.

Beləliklə, tarixə, sərkərdələrə meydan oxuyan Şuşa alına bilməzdi, o, 1992-ci ildə düşmənə verilmişdi və  2020-ci ildə tarix yazan igidlərimiz tərəfindən geri alındı. O tək geri alınmadı, həm də alınmaz qala olduğunu sübuta yetirdi.

 

      8 noyabr: “Dağlarda toy”un qara bayramı

Ermənilər 1992-ci ildə Şuşanın işğalı üçün həyata keçirdikləri əməliyyatları məxfi olaraq “Dağlarda toy” adlandırıbmışlar. Tarixən Azərbaycanda gözü olan mənfur düşməndən bundan başqa nə gözləmək olardı ki? Yüzlərlə insanı himayədarlarının köməyi, yardım əli ilə qətlə yetirən, minlərlə insanı yurdsuz-yuvasız edən, evini dağıdan, insanların göz yaşı, faciəsi üzərində öz səadətini quran,  hələ üstəlik bunu toy adlandıranlar insanlıq adına layiq deyillər. 

1992-ci il mayın 8-də Ermənistanın silahlı quldur dəstələri işğala məruz qoyduqları Şuşada bütün beynəlxalq hüquq normalarını pozaraq mədəniyyət nümunələrinə qarşı vandalizm aktları törətmiş və 600-ə yaxın tarixi-memarlıq abidəsini, o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa və Aşağı Gövhər ağa məscidlərini, Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmiş, 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini, 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, o cümlədən Şuşa Tarix Muzeyi, Azərbaycan Xalça Muzeyinin filialı və xalq tətbiqi sənəti muzeyi, Qarabağ Dövlət Tarix Muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmış, buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. Şəhərin tarixi muzeyinin 5 minədək əşyası, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin Şuşa filialı, Dövlət Qarabağ Tarixi Muzeyinin 1000-dək əşyası, peşəkar Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın (100-dən çox əşya) xatirə muzeylərinin fondları qarət edilmişdir.

“Dağlarda toy” əməliyyatı 30 ilə yaxın bir dövrdə davam etdirilibdir. Ermənistanın baş nazirinin Şuşadakı “qələbə” xülyalı  son rəqsi də həmin əməliyyatın bir xəttini təşkil edirdi.

Lakin Şuşa dağları əli qavallı Xan Şuşinskinin, Bülbülün, Cabbar Qaryağdıoğlunun, Hacı Hüsünün, Məcid Behbudovun, İslam Abdullayevin Mirzə Sadığın sinəsinə basdığı tarının müşayiətindəki möcüzəli səsləri toy-bayram hesab edib hər zaman. Bu dağlar ermənilərin hər xalqdan bir not, bir akkord oğurlayıb düzənlədikləri musiqidən heç nə alammaz. Bağrından süzülən Turşsu, İsabulağı, Səkinə bulağı, İsti bulaq, Soyuq bulaq, Çarıx bulaq, Saxsı bulaq, Qırx bulaq, Yüz bulağın paklığı, saflığı ilə  “Şüşə” adlanan Şuşanın dağları  sərxoş ermənilərin murdar rəqsindən heç nə anlamaz.  Bu dağlar  öz insanının ayaq səslərini, toxunuşlarını  toy, bayram bilir, yad tapdağından heç nə anlamaz. Elə bütün bunlara görə də bu dağlarda “Dağlarda toy” əməliyyatını Ali Baş Komandanımız və Azərbaycan  Ordusu  noyabr əməliyyatı-Şuşanın azadlığı ilə  ermənilərin qara bayramına  çevirdi.      

Ölkəmizin rəhbəri dəmir yumruğunu düşmənin başına endirməklə, bu dağlara təşnəsi olduğu Azərbaycan toyunu bəxş etdi: "Bu günlərdə dəfələrlə Azərbaycan xalqına müraciət edərək düşmənə yumruq göstərmişdim, yumruq göstərmişdim. Demişdim ki, bu yumruq elə belə yumruq deyil. Bu, dəmir yumruqdur. Bu dəmir yumruqla düşmənin başını əzirik və əzəcəyik! Eyni zamanda, bu yumruq birliyimizin rəmzidir. Bax, bu gün Azərbaycan xalqı bu yumruq kimi birləşib! Həmişə belə olacaq! Bu birlik əbədi olacaq! Bu birlik bizə gələcəkdə də bütün vəzifələri icra etmək üçün imkan yaradacaq. Mən bütün bu illər ərzində - 17 il ərzində Azərbaycan xalqının dəstəyini hiss etmişəm, görmüşəm, inamını, mənə olan xoş münasibəti görmüşəm. Bu, mənə güc verir. Bu, mənim siyasətim üçün əvəzolunmaz dəstəkdir. Həmişə Azərbaycan xalqını əmin edirdim ki, mən Vətənə, doğma xalqıma ləyaqətlə, sədaqətlə xidmət edəcəyəm. Şadam ki, sözümün üstündə durmuşam. Həmişə olduğu kimi, sözümə sadiq olmuşam.

Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"

 P.S.  Erməni xalqı 8 rəqəmini bundan sonra dünya durduqca “Dağlarda toy” əməliyyatı ilə başlayıb qara bayramla bitən “müqəddəs” rəqəm kimi xatırlayacaqlar. Qara bayramları davamlı olsun!

Bayramın mübarək, Şuşan mübarək, qələbən mübarək, əziz xalqım! 

Mətanət Məmmədova

Əməkdar Jurnalist

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: