Milli kimliyimizin üç rəngi var: mavi, qırmızı, yaşıl.
Ucalığımızın üç rəngi var: mavi, qırmızı, yaşıl.
Sevincimizin üç rəngi var: mavi, qırmızı, yaşıl.
Qürurumuzun üç rəngi var: mavi, qırmızı, yaşıl.
Milli kimliyimizə, ucalığımıza, sevincimizə, qürurumuza, bütün milli dəyərlərimizə, duyğularımıza bu üç rəngi üçrəngli bayrağım verib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan və ikinci dəfə ümummilli liderimiz Heydər Əliyev tərəfindən Naxçıvanda qaldırılaraq enməzliyinə qovuşan 102 yaşlı bayrağım...
Şanlı bayrağımda ulu xalqımın türk-müsəlman kimliyi, müasirliyi və mübarizliyi, dünəni, bugünü, gələcəyi əks olunur. Vətənə, yurda sahibliyimizin, yiyəliyimizin möhürüdür bayrağımız. Ay-ulduzlu gecələrimiz, aydın səhərlərimiz, hünərimiz, qələbəmizdir bayrağımız. El-obamızdan ötrü darıxanda evimizin istiliyi, anamızın nəvazişidir bayrağımız. Vətəndən ayrı düşəndə özümüzlə gəzdirdiyimiz vətənimizdir bayrağımız. İnamımız, imanımızdır bayrağımız.
Dalğalan, şərəfim, şanım, dərdi, həsrəti unutdur,
Dalğalan sən, hər titrəyiş varlığıma bir sübutdur.
Bu il Azərbaycan xalqı 9 noyabr Dövlət Bayrağı Gününü tarixi qələbələrimizin işığında qeyd edir. Bu il bizim ən xoşbəxt, ən qürurlu, ən şanlı bayramımızdır. Bu vaxtacan bütün bayramlarımızda duyduğumuz nisgil, yarımçıqlıq indi öz yerini könül xoşluğuna, ürək açıqlığına verir. Artıq 44 gündür ki, Azərbaycan xalqı işğal altındakı torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüzün bərpası uğrunda Vətən müharibəsi aparır. Vətən müharibəmiz başlayan gündən hər bir azərbaycanlı öz bayrağını əlinə alaraq Ali Baş Komandanımıza, müzəffər Ordumuza, şəhid ailələrimizə, milli birliyimizə dəstək nümayiş etdirir. Vətən müharibəmizin, demək olar ki, hər günü doğma torpaqlarımızın erməni işğalından azad olunması ilə tarixə düşür. Tarixi qələbələrimiz dədə-baba yurdlarımızda qəhrəman əsgər və zabitlərimiz tərəfindən Azərbaycan bayrağının qaldırılması ilə bayram sevincinə çevrilir. 30 ilə yaxın davam edən işğaldan sonra Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Hadrutda, Suqovuşanda, Azərbaycan xalqının milli-mənəvi birliyinin rəmzi olan Xudafərin körpüsündə qaldırılmış şanlı bayrağımız dünəndən etibarən tarixi şəhərimiz Şuşada da dalğalanır. Əsası 1751-ci ildə Qarabağın ilk xanı Pənahəli xan tərəfindən qoyulan və Qarabağın ürəyi olan Şuşa qürurumuzun, mənəviyyatımızın, mədəniyyətimizin beşiyidir.
Azərbaycanın peyk müharibəsinə qarşı “feyk müharibəsi” aparmaqla yetinən mənfur Ermənistan hər gün cəbhənin bütün istiqamətlərində acı məğlubiyyətə uğradılır. Şuşanın azad edilməsini Azərbaycan tarixinin ən vacib hərbi qələbəsi hesab edən ekspertlər Ordumuzun bu şanlı zəfərinin müharibənin taleyinə həlledici təsir göstərəcəyi qənaətindədirlər. İndi erməni əsgərinin nə texnikası qalıb, nə də döyüş əzmi. Erməni ordusu döyüş əzmini mübaribənin başladığı ilk günlərdə - hərbi hissənin döyüş bayrağını qoyub qaçan gündən itirib. Şuşanın azad olunması ilə Laçın dəhlizi də Azərbaycan Ordusunun nəzarətinə keçib. Dağlıq Qarabağdakı separatçıların və terrorçuların nəfəs yolu tıxanır. Xankəndidən “yankəndi”nə qaçış sürətlənib.
“Etmə, edərlər” ilahi ədalətin düsturudur. Azərbaycan xalqının birliyi, Ali Baş Komandanımızın qətiyyəti, ordumuzun qüdrəti ilə tarixi ədalət bərpa olunur. Xalqımıza, vətənimizə qarşı 200 illik məkrli planlar pozulur, terror yuvaları dağıdılır. Vaxtilə soyuqdan və qorxudan titrəyə-titrəyə anasının qucağında, atasının kürəyində, yalınayaq və ac-yalavac şəkildə doğma el-obasını, isti ocağını tərk etməli olan uşaqlar indi tank üstündə Şuşaya, Qarabağa qayıdırlar.
Ucalıq, paklıq yalnız müqəddəs dəyərlərə aid olan məqamdır, mərtəbədir. Haqlı olaraq hamımız istəyirik ki, müqəddəs bayrağımız həmişə ən ucalarda – hər kəsin görə biləcəyi, dosta sevinc, düşmənə gözdağı olacağı yerlərdə dalğalansın. Elə ucaldıqca böyüyən bayrağın özü də ucalarda olmaq istəyir. Böyümək üçün, öz qürurunu, əzəmətini saxlamaq üçün, el-obaya keşik çəkmək üçün. İndi Şuşada dalğalanan Azərbaycan bayrağı Qarabağın hər yerindən görünür. Azərbaycan bayrağı Şuşaya qayıdıb, biz Şuşaya qayıtmışıq.
Necə ki, 1900-cü ildə Şuşada anadan olmuş Cümhuriyyət şairimiz Əli Yusif vaxtilə yazırdı:
Ey vətəndaş, bu gün sənin taleyinə
Bir əbədi sönməyəcək ulduz doğur.
Bundan sonra Azərbaycan ölkəsində,
Azadlığın, istiqlalın kölgəsində
Sənin dəxi bir müqəddəs vətənin var,
Bayrağın var, buludlardan uca qalxar!
P.S. Naxçıvanda müqəddəs ziyarətgahlara, xüsusən də Əshabi-Kəhfə niyyət edib yolun bir hissəsini piyada, yalınayaq getmək ənənəsi var. Dünən Prezidentimizin dilindən Şuşanın azadlıq müjdəsini eşidəndə niyyət etdim ki, pir şəhərimiz olan bu müqəddəs yurdumuza yalınayaq və piyada gedəcəyəm.
Arzularımızın, niyyətimizin üç rəngi var: mavi, qırmızı, yaşıl.
Rahil Tahirli
jurnalist