Tbilisidə Dövlət Bayrağı Günü və Şuşanın işğaldan azad olunması geniş qeyd edilib - FOTOLAR

A- A A+

Tbilisidəki Heydər Əliyev Parkında Azərbaycanın Dövlət Bayrağı Günü və Şuşanın işğaldan azad olunmasına həsr edilən bayram şənliyi keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, şənlik Azərbaycanın Gürcüstandakı səfirliyinin hazırladığı tədbirlər planı çərçivəsində Tbilisidəki Mirzə Fətəli Axundov adına Azərbaycan Mədəniyyəti Muzeyi tərəfindən təşkil olunub.

Heydər Əliyev Parkı Azərbaycan, Gürcüstan və Türkiyənin bayraqları ilə bəzədilib.

Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Bayram şənliyi çərçivəsində uşaqlar Azərbaycan bayrağına həsr olunan müxtəlif rəsmlər çəkiblər, onlara Azərbaycan bayraqları paylanılıb.

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev tədbir iştirakçılarını Dövlət Bayrağı Günü və Şuşanın işğaldan azad olunması münasibətilə təbrik edib.

Gürcüstan azərbaycanlılarında vətənpərvərlik hissinin yüksək olduğunu qeyd edən diplomat azərbaycanlı uşaqların bu ruhda tərbiyə olunmasını yüksək qiymətləndirib.

F.Quliyev Azərbaycan dövlətinə və ordusuna göstərilən dəstəyə görə, soydaşlarımıza və gürcü ictimaiyyətinin nümayəndələrinə təşəkkürünü bildirib.

Tədbir konsert proqramı ilə davam edib.

Tbilisidəki 64 saylı məktəbin Azərbaycan bölməsinin nəzdində fəaliyyət göstərən “Ceyran” musiqi-rəqs qrupu, aşıq Nargilə Mehdiyevanın rəhbərlik etdiyi uşaqlardan ibarət aşıqlar qrupu, Rasim və Ramin Pirməmmədov qardaşları ionika və tarda Azərbaycanın xalq və bəstəkar mahnılarını ifa ediblər.

Mərasimdə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, Azərbaycanlı iş adamları, SOCAR və “Akkord” şirkətlərinin bu ölkədəki nümayəndəliklərinin rəhbərləri və üzvləri, gürcü ictimaiyyətinin təmsilçiləri iştirak edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: