İflasa tərəf gedilən yallı

A- A A+

“Hər bir millətin milli mənsubiyyəti onun qürur mənbəyidir” - bu məşhur ifadə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevə məxsusdur. Hər bir milləti elə qoruyub saxlayan, onu gələcəyə aparan, qurduğu dövləti, apardığı siyasəti də bu milli dəyərlər idarə edir. Hər bir xalq özünəməxsus hakimiyyətə sahibdir. Bu ifadənin təməlində hər hansı dövlətin- istər dini, istər monarxiya, istərsə də parlamentli olsun, idarə edilməsində milli düşüncə dayanır, milli şüurun diktə etdiyi prinsiplərə əsaslanma durur.

Türk ənənələri, davamlı olaraq çoxmillətli coğrafiya, Qafqaz regionu, İslam dininin əxlaqı və min illik dövlətçilik prinsipləri ilə tərbiyələnən Azərbaycanda bütün bu amillər xalqın həyatında öz izlərini buraxıb. Bəli, biz azərbaycanlılar xalq olaraq davakarıq, çünki qafqazlı qanımız, dağların təsiri ilə formalaşan xasiyyətimiz var.

Həddindən artıq tolerantıq, hər bir millətin, xalqın milli dəyərinə, adətlərinə, dini inancına sayğı ilə yanaşırıq. Çünki geniş coğrafiyanı əhatə edən dövlətimiz olub.

Milli dəyərləri həddindən artıq mühafizəkarlıqla yaşadırıq. Çünki min illərin sınağından çıxan yasalarımızdır. Qonşuluq sevən, sülhpərəstik, çünki böyük olduğumuzu həmişə dərk etmişik. Amma hər şeyin bir həddi var.

1990-cı illərin əvvəlində Ermənistanın çoxdan bəri, hələ ötən əsrin əvvəlindən öz himayədarları, daha güclü dövlətlərin yardımı ilə gizlində hazırladığı planla Azərbaycanın Dağlıq Qarabağı işğal edildi. Həmin zamanda bizim əleyhimizə işləyən çoxlu ictimai-siyasi və hərbi şərait vardı. Bunlar haqqında 30 ildir ki yazılır, ona görə də bu məsləyə toxunmuram.

Biz Birinci Qarabağ savaşında döyüşü uduzduq. Amma müharibə davam edirdi. Və 1993-cü ildən başlayaraq  Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi idarəçiliyi ilə əvvəlcə ölkənin iqtisadi potensialı gücləndirildi, sərvətlərindən, təbii ehtiyatlarından düzgün istifadə üçün layihələr hazırlandı, yeni müstəqil olan dövlətin təməlinin möhkəmlənməsi naminə mühüm addımlar atıldı. Sonra isə 17 ildir ki, bu siyasi kursu uğurla davam və özünəməxsus şəkildə inkişaf etdirən ölkə başçımız İlham Əliyevin səriştəsi, uzaqgörənliyi ilə təkcə iqtisadi deyil, hərbi gücümüzü də artırdıq. Nəticədə isə 30 illik gərgin zəhmətdən sonra ermənilərin 100 il boyu hazırladıqları və həyata keçirdikləri planları alt-üst edildi. 2020-ci il sentyabrın 27-dən Ermənistana qarşı  başlanan anti-terror əməliyyatları uğurla Vətən müharibəsinə çevrildi və cəmi 44 gün sonra noyabrın 10-da işğalçı dövlətin kapitulyasiya-məğlubiyyət aktını imzalaması ilə yekunlaşdı. Bu tarixə yazılacaq səviyyədə əldə edilən qələbədə isə təbii ki, Azərbaycan xalqı, Silahlı Qüvvələri və bunlara uğurlu siyasətçi kimi rəhbərlik edən Prezident, Ali Baş Komandan İlham Əliyevin səyi, zəhməti və səriştəsi dayanır. Qalib ordunun qalib komandanı!

Artıq biz öz torpaqlarından düşməni iti qovan kimi qovub çıxaran Qalib gəlmiş xalqıq. Azərbaycan bu gün dünya üçün təkcə iqtisadi qüdrət deyil, döyüş taktikasına, öz ərazi bütövlüyünü qoruma prinsiplərinə görə  bir nümunədir. Çünki bizdən daha böyük dövlətlər var ki, onlar öz ərazilərində yaradılan bu cür problemlərin həllini hələ də tapa bilmirlər.

İndi isə yazının başlığına qayıdaq; niyə iflasa tərəf gedilən yallı?    

Məğlub Ermənistanın özündənrazı baş naziri, siyasi təlxək Nikol Paşinyan ötən il Şuşada həyasızcasına, sərxoş halda yallı getdi. Bununla da guya bu torpaqların onlara məxsus olduğunu və əbədi olaraq onlarda qalacağına əminliyini ifadə etmək üçün indiyədək sərgilədiyi həyasızlığın son həddi kimi bu yanlış addımı atdı. Amma bir şeyi unutdu ki, Cıdır düzü də bizimdir, Qarabağ da və yaşı insan sivilizasiyası ilə ölçülən Yallı da. Bununla o artıq hər bir azərbaycanlının milli hissiyyatı ilə oynadığını və artıq bu qədər gücü olan bir dövləti, onun ordusunu, Ali Baş Komandanını hansı dərəcədə hiddətləndirdiyini başa düşmədi. İndi isə başına vurulan “Dəmir yumruqla” dərk etdi ki, özünün olmayanı özününküləşdirəndə  nəticəsi bu cür kapitulyasiya-məğlubiyyət aktını imzalamaqla bitir!

Ölkə başçımızın xalqa müraciətində bu məqama toxunması, mövzuya hər dəfə yenidən qayıtması və Azərbaycan əsgərinin atdığı güllə səslərinin altında bu dəfə Qarabağda “ordusu ilə əl-ələ tutaraq qaçan” Paşinyana ünvanladığı sözlər təkcə bu “dabanyalayan” üçün deyildi, həm də erməni xalqına ünvanlanan mesaj idi. Yəni, sizin küçədən tutub gətirdiyiniz, siyasi səviyyəsizliyini dəstəklədiyiniz və özünüzə başçı seçdiyiniz budur- təlxək, dabanyalayan, sərxoş, düşük Nikol Paşinyandır. İndi parlament binasında, hökumətin rəsmi idarələrində Paşinyanı axtaran erməni xalqı bu təlxəyinə vaxtında, bu sözlərdən sonra sahib çıxmalı idi. Onun Cıdır düzündə çəkdiyi halay-yallının bir gün elə Cıdır düzünə Azərbaycan əsgərinin çıxması ilə sonlanacağını görməli idi!

...Və sonda günün və qələbə ilə başa vurduğumuz 44 günlük müharibənin ən gözəl sualı: “Bə nooldu Paşinyan?..” 

Səməd Canbaxşiyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: