8 noyabr tarixi, əbədi həkk olundun yaddaşlarımıza. Səhər saatları idi. Günə yenicə başlamışdıq. Ürəyimə, beynimə qəribə hisslər hakim kəsilmişdi. Qəlb atışlarımın daha da artdığını hiss edirdim. Nahara az bir zaman qalırdı ki, Ali Baş Komandanımızın xalqımıza qısa bir zamanda müraciəti olacağını efir vasitəsilə öyrəndim. Elə bu zaman niyə bu qədər təlaş içərisində olduğumu başa düşdüm. Budur cənab Prezidentimiz, Ali Baş Komandanımız xalqımıza müraciətində dedi: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”
...Sevinc göz yaşlarımı saxlaya bilmədim. Bu yuxudurmu, gerçəkdirmi deyə özümə sual edirdim. Həyatımın ən sevincli anını, bənzəri olmayan həyəcanını 33 yaşımda yaşamaq qismətimdə imiş.
İllərdir həsrətində olduğumuz torpaqların baş tacı idi Şuşa. Şuşa bizim qürur yerimizdir. Şuşa bizim nəfəsimizdir. İgid əsgərlərimiz səsimizi, nəfəsimizi qanı bahası ilə bizlərə yenidən bəxş etdi. Bu gün biz haqqımız olanı aldıq. Əziz Şuşam, necə xoşbəxt nəsilik ki, bu kəlməni hayqıraraq deyə bilirik: Şuşam, artıq sən doğmalarına, əzizlərinə qayıtdın. Sən bizim 28 ildir göynəyən yaralarımıza məlhəm oldun gəlişinlə, azadlığınla. Artıq uzun həsrətdən sonra gəlişin möhtəşəm oldu.
Şuşam, artıq dağlarında olan qara duman geri çəkildi. Şuşam, sən minarələrini görə bilmədiyimiz, torpağında azan səsini eşitməyə həsrət qaldığımız cənnətməkansan. Şuşam, sən Xan Qızının şeiri, sözüsən, havamızın, suyumuzun adı, ünvanısan. Sən bizim həsrətimizsən, qazandığımız zəfərin zirvəsisən.
Əziz Şuşam, yoxluğunda səni vəsf etmişdim qəzet səhifələrində, yuxularımın ərşə çəkildiyini dilə gətirmişdim və tez bir zamanda sənə qovuşacağımıza əminlik hissimi ifadə etmişdim. Bu gün artıq xəyalını qurduqlarım gerçəkləşdi. Sənin hər bir qarış torpağından düşmənin ayaq izini silməyə gəlirik. Cəbrayılda, Zəngilanda, Füzulidə, Suqovuşanda, Hadrutda, Qubadlıda, Xudafərin körpüsünün üzərində şanlı bayrağımızı dalğalandıran qəhrəman oğullarımız Şuşa qalasında da üçrəngli qürurumuzu öz zirvəsinə yüksəltdi. Ölkə başçımızın dediyi kimi: “Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik, 28 ildən sonra Şuşada yenə də azan səsi eşidiləcəkdir. Bir neçə il bundan əvvəl 2016-cı ilin Aprel döyüşlərindən sonra işğaldan azad edilmiş Cocuq Mərcanlı qəsəbəsində mənim göstərişimlə tikilmiş məscidin açılışında bəyan etmişdim ki, bu məscid Şuşa məscidinin bənzəridir, ölçülərinə, memarlıq üslubuna görə eynidir. Demişdim ki, gün gələcək biz Şuşa şəhərində erməni vandalları tərəfindən dağıdılmış məscidlərimizi bərpa edəcəyik və bu gün gəlir. Bu gün Azərbaycan bayrağı Şuşada dalğalanır. Bu gün bütün Azərbaycan xalqı qürur hissi ilə bu xoş xəbəri qarşılayır”.
...VƏ BÖYÜK QƏLƏBƏ...
Şuşa xəbərimizin qürurunu yaşarkən bu gün gecə cənab Prezidentimizin xalqa müraciəti oldu. “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır. Bu bəyanatı Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş naziri imzalamışlar." Bu müjdəli xəbəri biz illərdir gözləyirdik. Nəhayət, bu xoşbəxt günləri görmək bizlərə, bizim övladlarımıza nəsib oldu. Bu QÜRURU, bu FƏXARƏTİ, bu QƏLƏBƏNİ bizlərə yaşadan Ali Baş Komandanımız və igid əsgərlərimizlə qürur duyuruq. Təşəkkürlər, gözlərini dünyaya əbədi olaraq yuman oğullar!!! Təşəkkürlər, qəhrəmanlar yetişdirən Qəhrəman analar... Hamınızın qarşısında baş əyirik. Hər bir Azərbaycan vətəndaşı sizlərə borcludur.
Dünən gecə saatlarından başlayaraq Vətənimizdə böyükdən-kiçiyə hər kəs böyük bayram ab-havası yaşayır. Meydanlara axışır, zəfər nəğmələrini uca səslə hayqırırlar. İnsanların sevincini təsəvvür etmək çox çətindi. Şəhərimizin sakinləri də Qarabağ müharibəsində qazanılan qələbəni qeyd edirlər. Gecə saatlarından başlayaraq əllərində üçrəngli bayrağımızla küçələrə çıxan insanlar qələbəni böyük sevgi və coşqu hissi ilə qarşılayıblar. Hazırda da küçələrə çıxan sakinlərin zəfər aksiyaları davam edir. Yürüş iştirakçıları “Qarabağ Azərbaycandır”, “Qarabağ bizimdir”, “Ordumuza eşq olsun” şüarları səsləndirirdi. Artıq çətin, ağrılı, acılı günlərimiz geridə qaldı. “Pis günün ömrü az olar” deyiblər. Doğurdan da, belə oldu. Oğullarımız yeni tarixə imza ataraq işğalda olan torpaqlarımızın hər qarışını azad etdi, Qələbə sevincini yaşatdı.
Sənə Qələbə yaraşır, Vətən! Zəfərimiz mübarək, Azərbayan, əzəmətli QƏLƏBƏMİZ mübarək, Azərbaycan! Qürur günümüz mübarək, Azərbaycan! Qarabağ Azərbaycandır! Eşq olsun Şanlı Ordumuza...
Nuray Əsgərova