Tariximizin ən şanlı səhifəsi - Söz tələbə jurnalistlərindir

A- A A+

Xalqımız tarixi qələbəsini qeyd edir. Artıq 30 illik həsrətə son qoyuldu. Cənab Prezident, Ali Baş Komandanın dövlət-xalq-ordu birliyindən doğan dəmir yumruqla Ermənistanın başından vurduğu zərbə nəticəsində düşmən yalanlarla dolu olan yuxudan ayılıb həqiqəti gördü. Bu həqiqət Azərbaycan xalqının yenilməz iradəsi, qüruru, Azərbaycan ordusunun şanlı qələbəsidir. İgidlərimizin düşmənə nifrətdən doğan alovlu hənirtisini başının üstündə ölümün soyuq nəfəsi kimi duyan düşmən ağ bayraq qaldırdı. Bu ağ bayraq düşmən üçün yalan və rəzalətin gətirdiyi ölümün kəfəni oldu. Azərbaycan xalqı üçün isə  təmiz, şanlı tarix yenidən yazılır...

Birinci Qarabağ müharibəsində hələ ordusu formalaşmamış, silahlı texnikası çox az olan Azərbaycanın torpaqlarını işğal edən düşmən bu gün rəşadətli Azərbaycan ordusu ilə hesablaşmalı oldu. Budur artıq nəticə: 44 günə azad edilmiş Qarabağ və tarixi zəfər. Bu qələbə tariximizin ən şanlı, ən qürurlu, ən unudulmaz səhifəsidir. Şuşanı süngü, bıçaqla azad edərək bizə milli qürurumuzu qaytaran ordumuz bütövlükdə Qarabağımızı azad etməklə azərbaycanlıların haqq yolunda apardığı mübarizəsini, yenilməz ordumuzun gücünü dünyaya sübut etdi.

Bu adi bir qələbə deyil, bu 30 illik əsirlikdən sonra anamız Azərbaycanın balası, göz bəbəyi Qarabağına qovuşduğu tarixi bir zəfəridir. Vaxtilə Qarabağda həyatlarına son qoyulan şəhidlərimizin ruhları da Qarabağda yazılan azadlıq dastanını görmək üçün bu torpaqlara qayıdıb. Qarabağda yandırılan evlərin divarındakı həsrət alovunu bu gün Vətən sevgisindən ağlayan gözlər söndürdü.

Qarabağda yağan azadlıq yağışının ardından səmada möhtəşəm bir göyqurşağı görünür. Bu göy qurşağının 3 rəngi var- göy, qırmızı, yaşıl. Bu, bizim qürurumuz, varlığımız, şəhidlərimizin qanı ilə müqəddəslik zirvəsinə ucalmış və elə o yüksək zirvədə də əbədi dalğalanan bayrağımızdır. Bu gün torpaqlarımız uğrunda canından keçən igidlər də, bu müqəddəs məkanlara qələbələri ilə can qazandıran aslanlarımız da bayrağımızın kölgəsindən salamlayır Azərbaycanı.

Cıdır düzündə Qarabağ atlarının ayaq səsləri eşidilir, “Sarı gəlin”in musiqisi, “Qarabağ şikəstəsi” səslənir Şuşanın, Kəlbəcərin dağlarında. Gözün aydın olsun, Azərbaycanım! Gözün aydın olsun, şəhid anası, oğlunun qanı yerdə qalmadı! Salam olsun sənə, əsgər anası, igid oğlun qələbə ilə yanına dönür! Var olun, xalqı bir yumruq ətrafında birləşdirən Ali Baş Komandanımız! Yaşasın azad, müstəqil Azərbaycan!

 İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universiteti

“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: