Naxçıvanda 29 sosial qayğıya ehtiyacı olan ailəyə özünüməşğulluq proqramı çərçivəsində köməklik olunub

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oktyabr ayında muxtar respublika üzrə, ümumilikdə 29 sosial qayğıya ehtiyacı olan ailə müəyyənləşdirilib və 12 nəfərin hər birinə iki baş iribuynuzlu, 8 nəfərin hər birinə 20 baş xırdabuynuzlu mal-qara, 1 nəfərə ev quşları və quş yemi, 4 nəfərə mini yerşumlayan aqreqat, 2 nəfərə dərzi avadanlığı və ləvazimatları, 1 nəfərə döşəmə hamarlayan dəzgah, 1 nəfərə isə unlu və qənnadı məmulatların hazırlanması üçün avadanlıq və ləvazimatlar verilib. Proqrama cəlb olunan şəxslərdən 2 nəfərini gənclər təşkil edib.

Bununla əlaqədar keçirilən tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev bildirib ki, özünüməşğulluğa cəlb olunmuş ailələrin təsərrüfatlarında qısa müddət ərzində artımlar olub, bu da həmin ailələrin sosial rifah halının yaxşılaşmasına müsbət təsir edib.

Verilmiş aktivlərdən səmərəli şəkildə istifadə olunmasının stimullaşdırılması məqsədilə ötən dövr ərzində təsərrüfatlarını nümunəvi qaydada inkişaf etdirən Şərur rayon Yuxarı Aralıq kənd sakini Gülnarə Məmmədova və Ordubad rayon Qoşadizə kənd sakini Mahir Səttarova südsağan aqreqatlar, Ordubad rayonu Aza kənd sakini Sahibə Heydərovaya isə otdoğrayan aqreqat verilib. İlk dəfə olaraq, özünüməşğulluq proqramı çərçivəsində hazırlanmış məhsullar noyabrın 7-də keçirilmiş “Ailə Təsərrüfatları Məhsullarının” Yarmarkasında  satışa çıxarılıb.

Qeyd edək ki, sosial qayğıya ehtiyacı olan ailələrin özünüməşğulluğunun təmin edilməsi  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq həyata keçirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: