10.11.2020. Tariximizin silinməz səhifəsinə çevrilən yeni bir təqvim. Azərbaycanın dilbər guşəsi Qarabağın işğaldan azad edildiyi, Dağlıq Qarabağ münaqişəsinə son qoyulduğu gün. 27 payızı düşmən əsarətində keçirən Qarabağımız igid vətən oğullarının cəmi 44 günlük hünəri ilə bir payız günündə yenidən bizə qayıtdı. Bu uğur, bu qələbə naminə igidlərimiz vuruşdu, şəhid, qazi - qəhrəman oldu. Şuşa qalasını dişi ilə, dırnağı ilə fəth etdi. Hər bir azərbaycanlının qəlb yarasına çevrilən Qarabağ adlı yaramız sağaldı deyə bükülmüş boynumuzu dikəltdik. Qələbə ilə gələn gecə uzun oldu. Prezidentin müraciətindən sonra qələbə sevincini yaşamaq üçün qalib ölkənin vətəndaşları gecənin bir yarısı sevincini hayqırmaq üçün küçələrə axışdı. Bu şad xəbəri naxçıvanlılar da böyük coşqu və sevinclə qarşıladılar. İnsan selinə qərq olan küçələrdə uşaqdan böyüyə hamının simasında qürur hissi, qələbə sevinci, vətən sevgisi var idi. Hər kəs bir bayraq olmuşdu. Gecənin zülmətinə göy, qırmız, yaşıl bayraqların ayı, ulduzu işıq salırdı. Avtomobillərin siqnal səsləri ilə “Qarabağ, Qarabağ!” deyərək zəfər xəbərinin pişvazına çıxdı xalqım. Vətənimin ən böyük toy büsatı quruldu. O gün hər bir azərbaycanlı ömrünün ən qürurlu anlarını yaşadı. Kiçikdən-böyüyə hər kəs qol götürüb oynadı. Azərbaycanımızın hər evindən, hər elindən, hər küçəsindən gəldi zəfər səsləri. Qarabağ sevgisi Azərbaycan sevgisinə döndü.
Yaddaşlardan heç zaman silinməyəcək o gecəni, müqəddəs torpaqlarımıza qayıdışımızı əsl toy-bayram havası ilə qeyd etdik. 10 noyabr səhərini beləcə açdıq. Səmamızda doğan qələbə günəşi də sevincimizə şərik oldu.
Xəyallar, arzular gerçək oldu deyə həddi-hüdudu olmayan sevincimiz yerə, göyə sığmadı. Qundaqdakı körpə də duydu bu sevinci, dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları da. Xəstəxanalarda müalicə alan qazilərimizi də ayağa qaldırdı QƏLƏBƏ səsi. Bir qolunu vətənə qurban verən oğul digər qolunu köksünə qoyaraq sevindi xalqının bu xoş gününə. “90-cı illərin zülmü, şəhid olan döyüş yoldaşlarımın qanı yerdə qalmadı”,- dedi.
O xoş günümüzdə Şəhid ailələri də unudulmadı, Şəhidlər xiyabanı da. Mübarək qanları ilə vətənləşən o torpaqların işğaldan azadlığı xəbərini onlara da çatdırdıq. "Qanınız yerdə qalmadı" deyib, ruhları qarşısında baş əyərək halallıq aldıq. Döyüş meydanında şəhidlər verərək qazandığımız tarixi qələbə ilə biz aldıq yağı düşməndən qisasımızı. Bu elə bir qisas oldu ki, türkün hünəri mənfur düşmənin canına qorxu saldı, yaddaşının bir küncünə yazıldı. Yazıldı ki, bir daha dönüb qonşu torpağına baxmasın.
Dünyanın hər yerində yaşayan azərbaycanlılar, dost-qardaş ölkələrdə də qeyd edilən tarixi qələbə sevincini bizə bəxş edən isə hər şeydən əvvəl, vətən naminə bir yumruğa dönməyimiz, onlarla mülki şəxsin, yüzlərlə şəhidin ölümü bahasına da olsa, bir an belə dayanmamağımız, kədər göz yaşlarını sevinc yaşları ilə əvəz etməyimiz, sınmayan qürurumuz, ölməyən vətən sevgimiz, yenilməz ordumuz və bütün bunların memarı olan Ali Baş Komandanımız oldu.
İlahi, bu vətənə, bu millətə qələbə sevinci çox yaraşır. Sən nə şirin nemətimişsən, QƏLƏBƏ... Böyük şairimiz Məmməd Arazın “Qalx Ayağa, Azərbaycan!” nidası ilə xalqım ayağa qalxdı, gücünü göstərdi dünyaya və haqqı olanı aldı. İgid oğulların hünəri ilə qartalımızın yaralanmış qanadı sağaldı, bütövləşdi, əzmlə dalğalandırdı üçrəngli bayrağını caynağında... Bu qələbə biz naxçıvanlılar üçün isə iki qat sevinc oldu. Blokada yarıldı. Naxçıvanımız bütöv Azərbaycan ilə quru yolla qovuşmaq imkanı əldə etdi. Şükür sənə, ilahi, bu sevinci bizə yaşatdığın üçün! İndi yağışların daha gur yağsın, payız. Yağsın ki, mənfur düşmənin ayaq izlərini müqəddəs torpaqlarımızdan silib aparsın. Və xalqım gələn baharla cah-cəlalına bürünəcək Qarabağımıza əbədi qayıtsın, o dağların sinəsindən, çəmənlərindən xarıbülbüllər dərsin.
Türkanə Əmoyeva
“Nuhçıxan”