Ölüm var ki...

A- A A+

Ölkə olaraq illərdir ki, müharibə şəraitində yaşayırdıq. 1994-cü ildən "Atəşkəs"in hökm sürdüyü bu torpaqlarda vaxtaşırı da olsa, atəş səsi susmur, itkilər bitmək bilmirdi ki, bilmirdi. Lakin döyüş əzmimizlə haqq-ədaləti özümüz bərpa etməyə qərar verdikdən sonra məsələ tam başqa hala çevrildi. Canlar qurban verdik, ancaq bu haqq davasında haqlı qalibiyyətə çatdıq.

Qələbəyə elə köklənmişdik ki, hər gün zəfər xəbərlərini səbirsizliklə gözləyirdik. Deyirlər ki, xeyirlə şər qardaşdır. Müharibənin davam etdiyi günlərdə qələbə xəbərləri ilə yanaşı, şəhid xəbərləri də aldıq. Lakin, necə deyərlər, Torpaq, uğrunda ölən varsa, Vətəndir. Əks halda bir ovuc qumdan, daş-qayadan savayı bir şey deyildir ki…

Ah uşaqlıq... Göy üzü ilə müəyyən bir bağlılığımız var idi. Gah baş barmağımızla işarət barmağımızı birləşdirərək halqa forması yaradıb Günəşi “mühasirəyə” alardıq. Başqalarının küçəsinə, həyətinə getdiyini düşünüb yorulana qədər həmin halqadan bir gözümüz də qapalı şəkildə izlərdik onu...Bir maraqlı məqam daha var idi. Göy üzündə üfüqi istiqamətdə hərəkət edən işarət barmağı. Bu dəfə də ağ zolağı xatırladan təyyarələrin izinə düşmüşdük. Kimi kimdən apardığını düşünmədən, elə dərk eləmişdik ki, o, mütləq kimlərisə qovuşdurur, uzaqda yaşayan doğmaları bir-birinə yaxınlaşdırır. 

İllərlə belə davam etdi düşüncələrimiz. Zamanla kimlərisə bir-birindən ayırıb qoparmağına da şahid olmadıq deyə bilmərəm. Şahid olduq. Lakin bu dəfəki missiyası fərqli idi bu qanadlı ixtiranın. Digər vaxtlarda sadəcə bəzilərinin evinə ya sevinc, ya da kədəri qonaq edən təyyarə budəfəki gəlişi ilə hər kəsin evinə eyni hissləri daşıdı. Bir qanadında nisgil, bir qanadında qürur səpələdi göy üzündən Naxçıvan torpağının hər qarışına. Və öz missiyasını yerinə yetirərək son yolçularını təhvil verdi yurduna, torpağına, doğmalarına. Tanıdı-tanımadı, hər kəs qucaq açdı şəhidlərinə, Naxçıvan səmasından yerə enəndən Naxçıvan torpağına tapşırılana kimi böyük izdiham müşayiət etdi onları. Və doğma torpaq qoynuna aldı onun uğrunda canından keçən həmin igidləri.

Səməd Vurğun poeziyasından bir misra ilə davam edək...

Unudulmaz el yolunda canı qurban olanlar,

Vətən mülkü abad yaşar vəfadarı görəndə.

Mənim sevimli şairim Xəlil Rza Ulutürk isə bu məqamı öz söz çələngi ilə belə ifadə edir: 

Vətən məfhumunun özəyindəki

Vətənin vüqarlı oğullarıdır. 

Bu müddət ərzində biz də cəbhədəkilərlə bərabər vuruşurduq. Bəli, kimimiz apardığı təbliğatla, kimimiz onlar üçün Tanrıya açılan əllərimizlə, kimimiz də sağlıqlarına payladığımız nəzir-niyazlarımızla. Əlində silah Vətənin keşiyində dayananlar, siz, ola bilsin ki, doğmalarınızın hər gecə yuxularındasınız, lakin eyni zamanda bütöv bir xalqın, Türkün və onun dostlarının dualarındasınız. 

Bu yolda biz Vətənsiz qalmayaq deyə kimisi övladsız qaldı, kimisi atasız, kimisi qardaşsız, kimisi də yol yoldaşsız. Hə, şəhidlər, biz sizə vaxtilə Şah İsmayıl Xətayinin 3 vəsiyyətindən birini-Vətəni əmanət etdik. Siz sinənizi sipər edib canınız bahasına sahib çıxdınız əmanətimizə. Ölüm var ki, bu həyatdan köçməkdir. Ölüm var ki, əbədiyyətə qovuşmaqdır. Siz, xalqımın qəhrəman övladları, ölümünüzlə bizim üçün illərdir ki, susdurulan haqqı dindirdiniz. Geridə buraxdıqlarınız isə sizin bizə, bu Vətənə əmanətiniz olsun…

                                                                        Fatma Babayeva

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: