Payız... Adətən sən gələndə gözlərin bulud olur, kirpiklərindən göz yaşı axıdırsan. Bir az ərköyün, bir az çılğın, bir az da kövrək olursan. Gəlişinlə təbiət sükuta dalır, ətrafa sakitlik çökür. Nə quşların nəğməsi, nə də cırcıramaların səsi eşidilir. Səni həm də “ayrılıq fəsli” də adlandırırlar, payız.
Bu dəfə isə başqa bir ovqatla qapımızı döydün. Zəfər ruhu ilə yurdumuza qədəm qoydun. Şairlərin, yazıçıların, bəstəkarların, rəssamların payız ətirli mövzularına vətənpərvərlik ruhu qatdın. Qızılı payız... 28 ildən sonra sən də dözmədin torpaq həsrətimizə. Gəlişinlə illərlə çəkdiyimiz yurd həsrətinə son qoydun.
Qələbə müjdəli payız... İndi sənin xəzan qoxulu saçlarını boynuma dolayıb Şuşanı, Cəbrayılı, Zəngilanı gəzmək, həsrət qaldığımız yerlərin qoxusunu ciyərlərimə çəkib, xarıbülbülün ətrini duymaq üçün tələsirəm. O yerlərə doğan və qulac-qulac sarı saçlarını ətrafa səpələyən günəşə doğru yüyürüb Üçrənglimi Qarabağ səmasında izləmək istəyirəm... Payız, indi yerə düşən hər yarpağın üstündəki cizgilərdə nəğmə olmaq istəyirəm. O nəğmə ki, hər notunda Vətən sevgisi, torpaq sevdası var.
Payız, eşidirsən?... Daha bizim köksümüz dağlanmayacaq, ruhumuz sarsılmayacaq. Çünki musiqimiz, mədəniyyətimiz, incəsənətimiz öz beşiyinə, məbədinə, 28 ildir bizi bağrına basacağı günü gözləyən Şuşamıza geri döndü. Xan qızı Natəvanın, dahi Üzeyirin, nəğməkar Bülbülün ruhu azad oldu.
Qələbə müjdəli payız... Zaman bizi çox sınadı. Düz 28 payız qələbəmizin yolunu gözlədik. Və o gün bu gündür. İndi bizim məscidlərimizdən azan səsi ucalır, Cıdır düzündə at oynadır. Tarixi bir payız günündə Şuşanın başı üzərindən qara buludlar, duman, çən çəkildi.
Biz öz yurdumuza geri dönürük. Sən də zəfər yürüşümüzə şahidlik edirsən, payız. Daha bizim üçün ayrılıqların, həsrətin fəsli deyilsən. Birliyin, bütövlüyün, vüsalın rəngisən, qızılı payız. İndi o müqəddəs torpaqlar payız ətirli qələbə libası geyinib...
Təhminə Babayeva
Naxçıvan televiziyasının əməkdaşı