Əvvəllər payız fəsli olanda çox darıxardım. Çünki payız mənə ömrün xəzan çağını xatırladırdı. İndi isə payız təkcə mənim üçün deyil, bütün xalqımız üçün azadlığa qovuşmağın, illərin həsrətinin bitməsinin və yenidən bütün gücümüzlə dirçəlməyimizin təməlinin qoyulduğu bir fəsildir. Bu payız bizim üçün sözün əsl mənasında Qızıl Payız oldu. Bu payız zəfərimizin dünyaya nümayiş olunduğu Qarabağımızın ilk baharı oldu. Ağaclar yarpaqlarını tökür, otlar, çiçəklər quruyur, torpağa qarışır. Onlarla birlikdə həsrətimiz, kədərimiz də yox olur. Gələn baharda bütün ağacların, otların, çiçəklərin ətri eyni olacaq. Çünki onlar azadlıq ətirli olacaq.
Ulu öndərin imperiyanın 70 illik əsarətindən sonra ilk dəfə Naxçıvanda ucaltdığı azadlığımızı, türklüyümüzü, imanımızı özündə birləşdirən üçrəngli bayrağımızı bu gün Azərbaycan igidləri Qarabağda dalğalandıraraq yenidən dirçəltdi xalqımızı. Artıq o gün gəlib çatdı, azadlığa qovuşan Qarabağımız özü ilə əbədi günəş gətirdi Azərbaycana.
Dünyaya gələn hər bir insanın doya-doya yaşamaq istədiyi azadlıq qanla yazıldı vətən torpağına. Azadlıq günəşi bir daha sönməsin deyə vətən üçün canlarından keçdi igidlərimiz. Şəhid qanı ilə islanan Qarabağda türk dünyasının Çanaqqala savaşından sonra ikinci dastanı yazıldı dünyanın tarixinə.
Bu dastanla yenidən bütünləşib dirçəldi Azərbaycan. Şanlı bayrağımız Şuşanın ən yüksək zirvəsində qartal kimi süzərək salamlayır Vətəni.
İşğal etdiyi yerləri tərk etməyə məcbur qalan düşmən gedərkən yenə öz xislətini gizlətməyərək evlərə, məktəblərə od vurub yandırır. Onların xislətindən doğan bu yanğın sondürüləcək, əvəzində isə bayram tonqalı qurulacaq bu müqəddəs torpaqlarda. Cıdır düzündə min illərdən bəri qoruyub saxladığımız Novruz adət-ənənələri yenidən nümayiş ediləcək. Azadlıq, Vətən müharibəsində bir yumruq kimi birləşən xalqımız o tonqalın ətrafında birləşərək milli rəqsimiz olan “Yallı”nı oynayacaq.
Ulu Öndər hər zaman deyirdi: “Azərbaycan xalqı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalıdır. Azərbaycan Respublikası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalıdır.... Mən bu yoldan dönməyəcəyəm”.
Ali Baş Komandanımızın ətrafında birləşən xalqımız bu vəsiyyəti gerçək etdi. Bu payız arzular, niyyətlər, vəsiyyətlər gerçək oldu. Ruhun şad olsun, Ulu Öndər! İgidlərimizin canı, qanı bahasına qazandığımız azadlıq milli dirçəliş uğrunda apardığımız mübarizəmizin zəfəridir. Əbədi dirçəlişin mübarək olsun, Vətən!
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universiteti
“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi