Vətən sizə minnətdardır

A- A A+

17.11.2020. Naxçıvan, Culfa. Şəhid dəfni. Zabitin çıxışı: Yaqub Məhəmməd oğlu Azərbaycan mədəniyyətinin, incəsənətinin beşiyi, Qarabağın qəlbi Şuşa şəhəri uğrundakı döyüşlərdə qəhrəmancasına həlak olub. Azərbaycan xalqı cənab Ali Baş Komandanın ətrafında yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbə endirdi. Bu yumruq dəmir yumruğa çevrilərək  düşmənin başına elə bir  zərbənin endirilməsi ilə nəticələndi ki, düşmən gözlədiyindən də ağır acınacaqlı və dəhşətli məğlubiyyətə düçar oldu. Azərbaycan xalqının, Azərbaycan ordusunun qarşısında təslim oldu. Əldə olunmuş qələbə bizim qəhrəman oğullarımızın, qəhrəman şəhidlərimizin canı bahasına qazanılıb. Ona görə torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə həlak olmuş qəhrəman oğullarımızın, şəhidlərimizin xatirəsi xalqımızın yaddaşında daimi yaşayacaqdır. Şəhidlər ölməz, Vətən bölünməz. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır. Və sizin hüzurunuzda Azərbaycanın üçrəngli, şanlı bayrağını şəhidimizin atasına təqdim edirəm.

Alqış sədaları altında bayraq şəhidin atası Məhəmməd Nəcəfova təqdim olunur. Bayrağı öpərək bağrına basan ata danışır: “30 ilə yaxın idi ki, torpaqlarımız işğal altında idi. Qəhrəman ordumuzun sayəsində işğala son qoyuldu. Rəşadətli ordumuzun tərkibində mənim 3 oğlum da iştirak edib. Döyüşlərdə iştirak edən övladlarımdan baş leytenant İsmayıl Nəcəfov yanımdadır, İbrahim Nəcəfov yaralıdır, Bakıda xəstəxanada müalicə alır, Yaqub balamız isə şərəfli yol keçərək şəhadətə ucaldı. Kim idi Yaqub? İlk təhsilini Culfa şəhər 1 nömrəli tam orta məktəbdə alıb. Heydər Əliyev adına Naxçıvan şəhər Hərbi Liseyinin məzunu olub. Bakıda ali hərbi təhsilini bitirdikdən sonra xidmətə başlayıb. Zəngilanın, Qubadlının, Füzulinin azad olunmasında, ən sonda Şuşanın azad olunmasında əməyi olub. Eşq olsun, Azərbaycan ordusuna!"  Atanın çıxışı alqışlarla qarşılanır. 3 qəhrəman oğul böyüdən atanın çıxışı qədər ananın mətanətli duruşu da qürurvericidir.  Bu hər hansısa bir əsərdən epizod deyil, bunlar günümüzün insanlarıdır: vətənpərvər, məğrur, birlik nümayiş etdirən insanlar. Dövlətinə sonsuz inam və sevgi bəsləyən xalqın nümayəndələri. Min bir əziyyətlə övlad böyüdən və onu Vətənə qurban verən Azərbaycan qadınının mərdanə duruşu, atanın qürurlu çıxışı əslində hər bir Azərbaycan qadını və kişisinin ümumiləşdirilmiş obrazıdır. Silah, sursat, texnika öz yerində. Xalqın əzmkarlığı, ordusunun, Ali Baş Komandanının ətrafında sıx birləşməsi qələbənin həlledici məqamlarından idi…

İgid ölər adı qalar, müxənnətin nəyi qalar?

Aprel zəfərindən sonra Naxçıvan televiziyasının əməkdaşları olaraq yolumuzu Lələtəpədən salmışdıq. Yazın ilk günləri olmasına baxmayaraq dağlıq ərazi, məlum, soyuq olur. Hər yer dağ, daş və bu dağların başında illərdir bizi qoruyan ordumuzun igidləri. İsti demədən, soyuq bilmədən, bəzən aylarca ailəsindən ayrı düşən, lakin Vətənin bir qarışını belə gözdən qoymayan  Vətən oğulları. Lələtəpə yüksəkliyindən göz oxşayan Cocuq Mərcanlının iki ildə inkişafını  seyr etmək nə qədər xoş idisə, digər tərəfdə isə dağınıq, pərişan halı ilə ovqatımızı təlx edən işğal altındakı torpaqların mənzərəsini görmək bir o qədər acınacaqlı idi…

Azərbaycanın Milli Qəhrəmanı, polkovnik Şükür Həmidovla görüşüb həmsöhbət oluruq. “Aprel zəfəri ilə ordumuzun gücü, şəxsi heyətin döyüş ruhu  ortaya çıxdı. Çox gözəl bir tarixi an yaşandı”,-deyir. “Düşmənə və havadarlarına sübut olundu ki, Azərbaycan Ordusu 90-cı illərdəki ordu deyil və ordumuzun vahid komandanlığı, orduda xidmət edə biləcək peşəkar zabitlər var”. Sağollaşarkən qısa dialoq olduğu kimi hələ də xatirimdədir:

-Döyüş varsa, şəhadət də var.

-Qəhrəmanlar ölmürlər.

-Mən ölmək demədim, şəhidlik dedim.

Bəli, şəhidlik ali məqamdır, elə bir məqam ki, bu, hər kəsə nəsib olmaz… Hələ sağlığında ikən Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən qorxmaz oğullarımızdan idi Şükür Həmidov. Qubadlıdan olan qəhrəmanımız elə Qubadlının azad olunması uğrunda döyüşlərdə qəhrəmancasına şəhadətə qovuşdu.

Hərb peşəsi çətin, çətin olduğu qədər də şərəflidir. Bu peşənin fərqi bir də ondadır ki, ölümün gözünə dik baxırsan. Heç nə səni qorxutmur, pərişan etmir. Bir amalın, bir sevgin var, adı Vətən! O amal uğruna şirin canını fəda etməyə, ömrünü yarımçıq buraxmağa hazırsan və buna qadirsən! Sıravi əsgərindən tutmuş ta generalınadək. Təki Vətən sağ olsun!

Noyabrın 16-da qəhrəman Azərbaycan Ordusunun işğaldan azad etdiyi tarixi torpağımızda üçrəngli bayrağımızı qaldıran Ali Baş Komandanın çıxışı isə hələ uzun müddət cinayətkarların yaddaşından silinməyəcək: “Biz Ermənistan ordusunu çökdürdük və eyni zamanda, Ermənistana uzun illər rəhbərlik etmiş cinayətkarlara da dərs verdik. Paşinyan son iki il ərzində öz ölkəsini məhv edib və indi, sadəcə olaraq, fikirləşir ki, öz canını erməni xalqının qəzəbindən necə qurtarsın?! Biz Koçaryan-Sarkisyan ordusunu məhv etdik. Onlar bizim torpaqlarımızı dağıdıblar. Onlar bu dəfə qorxaqcasına heç burunlarını soxa bilmədilər Dağlıq Qarabağ ərazisinə. Bəs hanı sizin qəhrəmanlığınız? Döşünüzə taxmısınız saxta “qəhrəman” ordenlərini, çıxardın atın eşiyə o dəmir-dümürləri, sizi biz məğlub etmişik. Paşinyan heç kimdir. Koçaryan və Sarkisyan, Azərbaycan xalqının cəlladları, Xocalı cəlladları, sizi biz məğlub etmişik, sizin ordunuzu məhv etmişik”.

Atalar doğru deyib: “İgid ölər, adı qalar, müxənnətin nəyi qalar?”

Gecikmiş məktub, gerçəkləşən arzular və Qələbə!

44 günlük müharibə həm də bir sınaq dövrü idi. Hər səhəri həyəcanla açırdıq. Hər gün xəbərləri izləyir, eynilə də informasiya cəbhəsində döyüşürdük. Təsadüfən telefonumda oxunmamış bir mesaja rastladım: “İrəliləyirik, müəllimə” Əslində bu bir cümlə çox şeyi ifadə edirdi: Yəni bizə bugünədək bəslədiyiniz etimadı doğrulduruq, bizə güvənin, biz qalib gələcəyik! Lakin məktub ünvanına gec çatmışdı. 4 oktyabrda yazılan məktubdan 5 gün sonra Cəbrayıla bayraq sancan igidimiz baş leytenant Telmanlı Allahyar şəhadətə yüksəlir.  Müqəddəs bayrağı o torpaqlara sancaraq arzusunu gerçəkləşdirən qəhrəmanımız ali məqamına- məcnunu olduğu Vətən torpağına qovuşur. Torpaq öz qəhrəman oğlunu qoynuna alır.

“Azərbaycan Ordusu” qəzetinin 18.04.2018-ci il tarixli sayında dərc olunan “Lələtəpəyə sancılan bayraq, Cocuq Mərcanlıda qaynar həyat, qələbəyə gedən yol” adlı məqaləmin sonluğu bu cümlələrlə bitir: “Bəli, hər birimiz bu Vətənin əsgəriyik. Kimimiz səngərdə, kimimiz seçdiyimiz peşə ilə bu Vətənə xidmətdə. Amalımız birdir: əzəli ata-baba yurdlarımıza qayıtmaq. Ermənistan ordusu aprel döyüşlərində bir daha anladı ki, bu dəfə könlümüzün keçdiyi Qarabağdan ordumuz keçəcək!" Artıq amalımıza qovuşduq: Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyi, Ordumuzun qəhrəman döyüşçüləri və birliyimiz sayəsində. Sınaqdan üzüağ çıxdıq! Rahat uyu, şəhidim, irəlilədiniz və bu qələbəni bizə qazandırdınız.

Ölkə başçısı İlham Əliyevin də dediyi kimi:Haqq-ədalət zəfər çaldı. Müzəffər Azərbaycan Ordusu zəfər çaldı. Düşmənin beli qırıldı. Düşmən torpaqlarımızdan qovuldu. Azərbaycan bayrağı işğaldan azad edilmiş torpaqlarda qaldırıldı və əbədi dalğalanacaq.

Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Kəbəmdir, Məkkəmdir Qarabağ mənim!

Basdığın yerləri torpaq deyərək keçmə, tanı

Düşün altındakı minlərcə kəfənsiz yatanı!

Qarabağı mənim kimi çoxları ancaq kadrlardan izləyib, kitablardan oxuyub, fotolardan görüb. Lakin əminəm ki, bu gün kiçikdən-böyüyə hər kəs görmək eşqindədir. Bu gün hər birimiz qarabağlıyıq. 10 noyabr tarixi qələbə günündə küçələrə axışan, qələbə sevincini hayqıran hər kəsin bir şüarı vardı: “Qarabağ Azərbaycandır!” Qarabağda doğulan da, doğulmayan da, hər kəs Vətənin bu parçası uğrunda döyüşdü. Şəhid verdik, lakin geri çəkilmədik. Vətənin yaralarını sardıq, bütövləşdirdik. Deyirlər, torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olur. Qarabağ torpaqlarının hər qarışı uğrunda can verdik, buna görə də o torpaqlar müqəddəsdir, lap elə Məkkə, Mədinə kimi.

Ziyarət edək, şəhidlərimizin ruhunu şad etmək üçün, səyahət edək, sevgili Vətənimizin bu cənnət guşəsini kəşf etmək üçün.

Noyabrın 16-da işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərində olan Prezident İlham Əliyev çıxışı zamanı işğaldan azad edilmiş  yerlərin bərpa olunacağını bildirdi: Bizim bütün hərbçilərimiz, Füzuli və işğaldan azad edilmiş başqa torpaqlarda yaşamış sakinlər bilməlidirlər ki, biz bütün bu yerləri bərpa edəcəyik. Mən demişdim, Füzulidə bir dənə də bina tapılmadı ki, orada Azərbaycan bayrağı ucaldılsın. Amma biz bərpa edəcəyik. İndi müvafiq göstərişlər verildi, planlı şəkildə bunu edəcəyik, beynəlxalq ekspertləri dəvət etmişik, onlar da gələcəklər. Bütün dəymiş ziyanı birlikdə hesablayacağıq. Ondan sonra şəhərsalma üzrə mütəxəssisləri - həm Azərbaycan mütəxəssislərini, həm xarici mütəxəssisləri dəvət edəcəyik. Onlar da gələcəklər, yeni bir şəhərsalma planı qurulacaqdır. Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası – bütün bu planlar var. Hamısını icra edəcəyik, İnşallah, hamısını! Allahın köməyi ilə hamısını icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq, düşməni məhv etdik, bu üçrəngli bayrağımızı ucaltdıq, bütün qalan məsələləri də həll edəcəyik. Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bəli, həsrət sona çatdı. O müqəddəs torpaqları görmək nəsibimiz olacaq. Bu qələbəni bizə bəxş edən müzəffər Azərbaycan Ordusunun qalib döyüşçüləri,  Vətən sizə minnətdardır!

                                                      Ruhiyyə Rəsulova

Naxçıvan televiziyasının baş redaktoru

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: