Yallılar milli sərvətimizdir

A- A A+

Azərbaycan xalq musiqisinin, musiqi folklorumuzun çox geniş yayılmış və qədim tarixə malik olan janrlarından sayılan  rəqslərin çoxəsrlik tarixə malik olması faktı  göstərir ki, xalq rəqslərimizin əsas qollarından biri sayılan “yallı”ların  yaranması prosesi də çox qədim dövrlərdən başlanıb. Yallı sözünün kökü,  ilkinliyi barədə günümüzə kimi gəlib çatan maraqlı məlumatlar da deməyə əsas verir ki, xalq mədəniyyətində mərasim rəqsi olan yallıların kökləri miladdan əvvəlki dövrlərə gedib çıxır.

Xalqımızın qəhrəmanlıq salnaməsinin bir parçası olan birliyin, həmrəyliyin   ən xoş gündə, çətin anda, dar zamanda göstəricisi olan yallılar el coşqusu ilə ifa olunub. İgidlər döyüşə yallı sədası altında yollanıblar.

Buna görə də hər bir obada, oymaqda, kənd-kəsəkdə indi də bir xeyir iş, hərbi xidmətə gedən olanda səsindən dağlar, daşlar lərzəyə gələn qara zurnanın müşayiəti ilə “Tənzərə”, “Siyaqutu”, “Dönə-dönə”, “Ürfanı”, “Üçayaq” və başqa yallılar elə bir həvəslə ifa olunar ki, hətta yallı getməyi bacarmayanlar belə o dəstəyə qoşular, axıra kimi halayı dağılmağa qoymazlar.

Azərbaycanda “Yallı”nın bu qədər sevilməsi onun burada dərin köklərinin olması faktını bir daha təsdiqləyir. Bu həm də bir çox mənbələrlə, arxeoloji qazıntılarla, tarixi ərazilərdəki  mühüm və maraqlı məlumatlarla təsdiqlənib.

Belə ki, Qobustan ərazisindəki qayaüstü rəqs təsvirləri, Böyükdaş, Kiçikdaş, Cingirdağ, Yazılıtəpə, Şonqar və Şıxqaya dağlarının ərazisində aşkar edilmiş dəlillər bunun göstəricisidir.

Muxtar respublikamızın ərazisində yerləşən, dəniz səviyyəsindən 3906 m yüksəklikdə qərarlaşan Gəmiqayadakı qayaüstü təsvirlərin arasında bəzi rəsmlər “yallı” rəqsini xatırladır.

Yallılar qədim dövrlərdən bəri Azərbaycan ərazisində Şəki, Kəlbəcər, Laçın, Qazax və qərbi Azərbaycan ərazisi olan İrəvan bölgəsində, o cümlədən Naxçıvan ərazisində-Şərurda, Ordubadda, Şahbuzda  çox geniş yayılıb  və həmişə məharətlə ifa olunub. Bu bölgələrdə, əsasən toylarda və el şənliklərində yaşlı insanlardan tutmuş  uşaqlara kimi dəstə halında  yallı getmək  bir adət olub.

Şahbuz rayonunda da uzun illərdir ki, “Köçəri”, “Tənzərə”, “Üçayaq”, “Tello”, “El yallısı” yallı qruplarının  ifasında  maraqla qarşılanır. Rayonun Badamlı, Kolanı və Yuxarı Qışlaq  kənd mədəniyyət evlərinin  tərkibində  də folklor, yallı və rəqs kollektivləri fəaliyyət göstərir. Həmin  kollektivlərin üzvləri milli  rəqsləri, yallıları və xalq oyunlarını məharətlə ifa edirlər. Folklor qruplarının ifasında əsas yeri “Köçəri”, “Tənzərə”, “Uçayaq”, “Tello”, “Çöpüdü” və “El yallısı” tutur.

Şahbuz rayonunun Yuxarı Qışlaq kənd mədəniyyət evinin “Köçəri”   yallı rəqs qrupunun  üzvləri bu qədim oyunun  mahir ifaçılarıdırlar.

Qrup 12 ildir ki, fəaliyyət göstərir, 12 nəfərdən ibarətdir. Kənd mədəniyyət evinin müdiri Elçin Ələkbərov həm də Köçəri yallı qrupunun  rəhbəridir. Köçəri  yallısını  bu qrupun ifasında  hər bir tamaşaçı  yüksək əhval ruhiyyə ilə qarşılayır. Rayon tədbirlərinin fəal iştirakçısı olan  “Köçəri”ni müxtəlif müsabiqələrin, festivalların iştirakçısı, qalibi olmaqla  xalqımıza məxsus olan bu yallının əsil təbliğatçısı hesab etmək olar.

Rayonun Kolanı kənd mədəniyyət evində də bir neçə ildir ki, 8 nəfərdən ibarət “Tənzərə” yallı qrupu bənzərsiz ifaları ilə el şənliklərində, bayram tədbirlərində həmişə tamaşaçı alqışları qazanır. Qrupun rəhbəri Kifayət Orucovadır. “Tənzərə” qrupu muxtar respublikamızda keçirilən yallı festivalında iştirak etmiş və maraqla qarşılanmış, həmçinin keçən il Babək rayonunda keçirilən yallı festivalının qalibləri sırasında yer almışdır. Qeyd edək ki, haqqında söhbət açdığımız yallı qruplarının bu qədər  fəallaşmasının ən başlıca səbəbi muxtar respublikamızda  milli musiqiyə, rəqsə, yallıya, xalq sənətinə, milli dəyərlərə göstərilən qayğı, yaradılan şəraitdir.

Şahbuz rayonunun Badamlı kənd mədəniyyət evinin tərkibində isə 12 nəfərdən ibarət  “Üçayaq” yallı qrupu fəaliyyət göstərir. 10 ildən çoxdur ki, 6 növ yallının mükəmməl ifaçısı kimi qrupun üzvləri  hörmət, ehtiram qazanıblar. Qrupa əvvəldən rəhbərlik edən Azadə Ələsgərova birlik, çağırış, qəhrəmanlıq simvolu olan yallılara yaşından asılı olmayaraq hər kəsin həvəs göstərməsini, marağını, el şənliklərində, məclislərdə, dövlət tədbirlərində, bayram günlərində  ifalarının alqışlarla qarşılanmasını qeyd edir.

 Yallı qruplarının  hansı yerdə, hansı adla  fəaliyyət göstərməsindən asılı olmayaraq  onların  ənənələrə əməl etməsi əsas şərt kimi qarşıya qoyulur. Məlumdur ki, “Yallı” – cərgəyə düzülərək dəstə ilə ifa olunan kütləvi rəqsdir. Oyun zamanı yallıya dəstənin önündə gedən  rəhbərlik edir. Ona xalq arasında “yallıbaşı” deyirlər. Yallıbaşı əvvəldən axıradək rəqsin ümumi gedişinə, iştirakçıların nizamlı hərəkətinə, hər bir ayaq hərəkətinin bütün iştirakçılar tərəfindən  düzgün və eyni qaydada yerinə yetirilməsinə, rəqsin düzgün başlamasına və vaxtında sona yetməsinə nəzarət edir. Bu işdə “yallıbaşı”ya  dəstənin axırında duran sonuncu iştirakçı “ayaqçı” da  kömək edir. “Yallı” gedərkən  yallıbaşının və ayaqçının əlində yaylıq olmalıdır. Onlar əllərini yuxarı qaldıraraq yaylığı yelləməklə dəstənin əvvəlinin və axırının harda olduğunu bildirirlər.

“Yallı” dəstəsinə düzülən iştirakçıların sayı dəqiq müəyyən olmur. Adətən yallı dəstəsində 10-15 nəfər olur. Lakin  məclislərdə iştirak edən yallısevərlərin sayından asılı olaraq  bu say dəyişir. Başqa yerlərdə olduğu kimi Şahbuz  toylarında   yallı iştirakçılarının sayı bəzən  20-30, hətta 40-50 nəfərə çatır. Yallı  həm kişilərdən, həm də qadınlardan ibarət  yaxud da qarışıq ola bilir. Oyun zamanı iştirakçılar ya əl-ələ verərək, ya da qollarını yana geniş açmaqla əllərini digər iştirakçının çiyninə qoyaraq rəqs edirlər. Bu zaman hər bir iştirakçı “yallıbaşı”nın etdiyi bütün hərəkətləri olduğu kimi, onunla bərabər eyni vaxtda təkrar etməlidir. Hər hansı bir hərəkəti düzgün oynamayan iştirakçı ya cəzalanır, ya da dəstədən kənarlaşdırılır.

Elə yallılar da var ki, orada iki dəstə iştirak edir. Üz-üzə dayanmış iki yallı dəstəsi ardıcıllıqla müxtəlif hərəkətlər nümayiş etdirirlər. Bir dəstənin etdiyi hərəkəti digər dəstə təkrar etməyə çalışır. Bəzən sonda hər iki dəstənin başçısı güləşirlər və qalib gələn başçı dəstələri birləşdirməklə onlara rəhbərlik edir. Bütün bunlar onu göstərir ki, bu xalqımızın  əsrlərdən bəri birliyə, həmrəyliyə çağırışı olduğu üçün  həmişə sevilərək icra olunub.

     Şəhla Nəbiyeva

Naxçıvan Dövlət Radiosunun əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: