Tələbə - həkimlər Türkiyədən qayıdıblar - FOTOLAR
Naxçıvan Dövlət Universitetinin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NUHÇIXAN-a bildirilib ki, universitetin tibb fakültəsinin tələbələri Türkiyədə yay istehsalat təcrübəsi keçiblər.
Türkiyənin 4 universitetində- Ərzurum Atatürk Universiteti, Trabzon Qaradəniz Texnik Universiteti, Ərzincan Binəli Yıldırım Universiteti, Kayseri Erciyes Universitetinin kliniki xəstəxanalarında iyulun 2-dən 13-nə qədər davam edən təcrübədə, ümumilikdə, 115 nəfərlik tələbə-müəllim heyəti iştirak edib. Tələbələr Cərrahiyyə, Pediatriya, Təcili Tibbi Yardım, Ginekologiya və Terapiya bölmələrində praktiki məşğələlərdə, xəstə müayinə və müalicələrində iştirak ediblər. Universitetin rezident-həkimləri ixtisaslarına uyğun olaraq müxtəlif müayinə-müalicə proseslərində iştirak edib, öz bilik və bacarıqlarını artırıblar.
Naxçıvan Dövlət Universiteti ilə Qaradəniz Texnik Universiteti arasındakı müqaviləyə əsasən, tələbələr bu il ilk dəfə olaraq Trabzon şəhərində təcrübə kursu keçiblər. Qarşılıqlı razılaşmaya görə həmin universitetin Tibb, Əczaçılıq və Stomatologiya fakültələrinin professor-müəllim heyətinin növbəti tədris ilində Naxçıvan Dövlət Universitetində dərs deyəcəklər.
Universitetin Baytarlıq ixtisasının tələbələri isə hal-hazırda Qars Qafqaz Universitetində təcrübə kursu keçirlər.