Əziz Şuşa, sən Azadsan! - FOTOLAR

A- A A+

“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir!” Noyabrın 8-də Ali Baş Komandan İlham Əliyevdən aldığımız bu xəbərin sevincini, qürurunu izah etmək çox çətindir. 1992-ci il 8 may tarixində işğal olunan cənnətməkan Şuşamız məhz ayın 8-i tarixində azad olundu. Beləcə 2020-ci il 8 noyabr tarixi şuşalıların, azərbaycanlıların qəlbinə qürur, fərəh, zəfər dolu bir rəqəm kimi həkk olundu.

Şuşa mənim xatirəmdə belə qalıb!

Ali Baş Komandan İlham Əliyev: “Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir.”

Füsunkar mənzərəsi, insanların qonaqpərvərliyi, səmimiyyəti ilə xatırlayırdım Şuşanı. Tələbə yoldaşım Əlvanın toyuna getmişdik. Hərəmiz, Azərbaycanın bir bölgəsindən olan tələbələr Şuşaya qədəm qoyduğumuz ilk dəqiqədən valehedici bir mənzərə ilə qarşılaşmışdıq. Sanki gözlərimiz qarşısında sehirli, qeyri-adi bir mənzərə açılmışdı. Cıdır düzü, Topxana meşəsi, Daşaltı çayı, Xəzinə qayası, bir-birinə arxa olaraq baş-başa verən Bağrıqan, Kirs, Qırxqız dağları, dağların ətəyində mürgülənən dərələr, yaşıl çəmənlər çox məftunedici idi. Gəzdikcə doymaq olmurdu. Şəhərin sinəsinə döşənən əyri-üyrü küçələr, qala divarları, köhnə və təzə tikilən binalar sanki açıq bir kitaba bənzəyirdi. Oxuyub başa çatdırmaq mümkün deyildi. Bu gözəlliyə, tarixi simalarına görə Şuşanı "Azərbaycanın emblemi" adlandırıblar.

"Xan qızı" bulağına maraqla tamaşa etdik. 1873-cü ildə Xurşudbanu Natəvan tərəfindən Şuşaya çəkilən su kəmərinin nəticəsində yaradılmış bulağın 12 daş gözü vardı. Muzeydə olduq, şəhərin tarixi barədə öyrəndik ki, XVIII əsrin birinci yarısında Pənahəli xan Cavanşir üç tərəfi sıldırım qayalarla, dərin uçurumlarla, dərələrlə əhatə olunan hündür, əlçatmaz bir yerdə Şuşa qalasının əsasını qoyaraq onu Qarabağ xanlığının inzibati paytaxtına çevirib. Qarabağ tarixçisi Mirzə Camal Cavanşirin yazdığına görə İbrahimxəlil xan qalanı möhkəmləndirmək üçün onun ətrafına 3,7 kilometr uzunluğunda müdafiə hasarı çəkdirmişdi. Üç tərəf təbii sərhəd olduğuna görə həmin yerlərdə müdafiə divarları tikmək lazım gəlməmişdi. Qala divarlarında hər 50 metrdən bir iri və əzəmətli döyüş bürcləri ucaldılmışdı. Qalanın baş girəcəyində - şimal tərəfdə Gəncə qapısı, qərb tərəfdə isə İrəvan qapısı açılırdı. Sonralar İbrahimxəlil xan şəhəri böyütmək üçün qalanın şərq hissəsində yeni yaşayış və sənətkarlıq məhəllələri də saldırıb.

Nahaq yerə Şuşanı Qafqazın konservatoriyası adlandırmayıblar

Rus şairi Sergey Yesenin Şuşanın gözəlliyi, insanların musiqiyə bağlılığı haqqında belə deyib: "Əgər oxumursansa, deməli, şuşalı deyilsən". Bunu Əlvanın toy mağarında bir daha gördük. Aşıqların sazından, qara zurnadan ucalan musiqi, insanın iliyinə işləyən muğam bizi ovsunlamışdı. Bir-birini əvəzləyən səslərin məlahətindən heyrətlənmişdik. Bir daha inandıq ki, Şuşa qeyri-adi şəhərdir. Elə ona görə burada məşhur mədəniyyət xadimləri Üzeyir Hacıbəyli,  Cabbar Qaryağdıoğlu, Məşədi İsi, Hacı Hüsü, Keçəçi Məmməd, İslam Abdullayev, Seyid Şuşinski, Xan Şuşinski, Bülbül, Rəşid Behbudov yetişib. XVIII əsrdə Şuşa şəhərində Vaqif kimi bir şeir tacidarı olub. Qasım bəy Zakir yaşayıb yaradıb. Xan qızı Natəvanın şeir məclisləri dillər əzbərinə çevrilib.

Şuşalılar ümummilli lider Heydər Əliyevin Şuşaya göstərilən qayğısı barəsində qürurla danışır,  "Abidələr şəhəri" adlandırması ilə fəxr edirdilər. Üzeyir bəy Hacıbəylinin, Xurşudbanu Natəvanın və Bülbülün ev-muzeylərinin təşkil olunması, görkəmli şair Molla Pənah Vaqifin məqbərəsinin ucaldılması ümummilli liderin tapşırığı sayəsində həyata keçirilmişdi. Şuşada kurort kompleksinin inkişafı istiqamətində görülən işlər, tar, kamança, ud, nağara alətləri istehsal edən fabrikin istifadəyə verilməsi də ulu öndərin adı ilə bağlı idi.

Şuşalılar 28 il yarım həsrətlə qovruldular

O günlərdə şuşalılar şad-xürrəm idi. Bilmirdilər ki, bəxtəvərliklərinə tezliklə son qoyulacaq. Ermənilər tərəfindən Şuşa işğal ediləcək, mülkləri talan ediləcək, evləri yandırılacaq, şuşalılar qətlə yetiriləcəklər, didərginə, qaçqına çevriləcəklər. Məscidləri, məqbərələri yağmalanacaq, görkəmli şəxsiyyətlərin heykəlləri düşmən gülləsinə tuş gələcək, Xarı bülbülün boynu büküləcək.

Qisas günü yetişdi…

"Qisas qiyamətə qalmaz" deyiblər. İgid əsgərlərimiz qəlblərində qisas, qollarında güc yeridilər mənfur düşmənin üstünə. Haqqı tapdalayanı tapdalayıb keçdilər. Bayrağımızı dalğalandırdılar Şuşada. Bütün dünyaya Azərbaycan əsgərinin gücünü göstərdilər! Murdarlıqdan təmizlədilər məscidlərimizi, minarəyə qalxıb azan oxudular, namaz qıldılar. Cıdır düzündə yallı getdilər,  “Qarabağ şikəstəsi”ni oxudular!  Həsrətli günlər bitdi! Şuşamız qayıtdı! Ulu öndər Heydər Əliyev demişdir: "Şuşasız, Ağdamsız, ümumiyyətlə, Qarabağsız Azərbaycan yoxdur".  Şuşanı əsarətdən qurtaran oğul ata qarşısında hesabat verdi: “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!”

Nəinki xalqımız, bütün dünya bu möhtəşəm qələbəni unutmayacaq. Ali Baş Komandanın dediyi kimi “Çünki bizim qəhrəman hərbçilərimiz Şuşanı dağlardan, meşələrdən, cığırlardan keçərək, yalnız yüngül silahlarla silahlanmış şəkildə azad ediblər.”

Bu gün artıq Şuşaya yol da çəkilir. Daha loğman şəhərimiz Şuşada toy da çalınacaq, Cıdır düzündə Qarabağ atları cövlan da vuracaq. Xarıbülbül doğma əllərdə ətir saçacaq. Artıq yeni çəkilən yolla yolumuz Şuşayadır…

Son söz yerinə: 2012-ci il mayın 8-də “Əsir şəhərimiz Şuşa həsrətlə azad olunacağı günü gözləyir“ başlıqlı, həsrət dolu bir  yazı yazmışdım. Bu gün isə qürurla, həvəslə, sevinclə “Əziz Şuşa, sən azadsan!” yazıram! Bizlərə bu sevinci yaşadan xalqımızın lideri İlham Əliyev oldu. Ordumuzun gücü, xalqımızın dayağı ilə zəfər çaldı. Biz Şuşamıza, Qarabağımıza qovuşduq. Qarabağ Azərbaycandır!

Hafizə Əliyeva

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: