Biz birlikdə güclüyük

A- A A+

Müxtəlif dövrlər üçün eşitdiyim, oxuduğum məlumatlara əsasən çoxsaylı viruslar insanlarda ciddi, qarşısıalınmaz xətərlər və xəstəliklər ortaya çıxarıb. Maraqlıdır ki, dövrünün alimləri, təbibləri də bu qəbildən olan xəstəliklərin tam mənbəyini, yaranma səbəblərini tapa bilməyib. Bu cür dəhşətli xəstəliklər dövrümüzdə də insan həyatını təhdid etməkdədir.

Təəssüflər ki, 2019-cu ilin sonlarından başlayaraq dünya daha bir ağır xəstəliklə, virus infeksiyası ilə üz-üzə gəlib. Heç bir ölkənin, heç bir kəsin gözləmədiyi anda meydana gələn, qəfil, çağırılmamış qonaq olan bu virus qısa bir vaxt ərzində sərhədləri aşaraq bütün dünyanı cənginə aldı. Sanki dünya və bu dünyanın sakinləri gözlənilmədən, bir andaca ən ağır, qatı burulğanın içərisinə yuvarlandı. "Covid-19" adlı xəstəlikə mübarizəyə Amerika Birləşmiş Ştatları, ən inkişaf etmiş Avropa dövlətləri və digər ölkələr bütün güclərini vermələrinə baxamayaraq, məğlub oldular. Belə ki, virus milyonlarla insanın yoluxmasına, yüz minlərlə insanın ölümünə səbəb oldu.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı və dünya dövlətləri düşdükləri bu çətin və ağır vəziyyətdən çıxmaq haqqında ciddi-ciddi düşünməyə, müxtəlif çarələr tapmağa çalışdılar. Bütün ölkələr öz sərhəd qapılarını bağlamaqla digər ölkələr və millətlərlə əlaqələrini kəsməyə qərar verdi. Çünki virus insandan-insana yayılmaqla bütün sərhədləri aşmağa başlamış, bununla da insanlar arasında dəhşətli itkilərin olacağını şübhəsiz etmişdir.

Xəstəliklə mübarizədə isə sosial izolyasiya tədbirləri, özünütəcrid ən optimal variantlardan biri hesab olundu.

Sözsüz ki, tarixin ağır sınaqlarından, ciddi təcrübələrindən çıxmış, miqyasa gəlməyəcək kəşflərə, ixtiralara imza atmış və atmaqda davam edən insan övladının bir virus qarşısında aciz qalacağını heç kəs təsəvvür edə bilməzdi. Pandemiyaya daha çevik reaksiya verən, qabaqlayıcı tədbirlər görən ölkələr isə bu fəlakətin təsirlərini minimum həddə endirə bildilər. Sevindirici haldır ki, Naxçıvan Muxtar Respublikasında da "Covid-19" pandemiyasına qarşı dərhal və təxirəsalınmaz mübarizə aparıldı və müvafiq tədbirlər görüldü. Belə ki, virusun yayılmağa başladığı vaxtdan vəziyyətin tam nəzarətə götürülməsi, təhlil edilməsi, mövcud vəziyyətin düzgün analiz edilməsi, lazımi mübarizə tədbirlərinin görülməsi, pandemiyanın nəticələrinin minimuma endirilməsi ilə şərtləndi. Koronavirus bütün dünyada pandemiya kimi dövr etsə də, Naxçıvanda epidemiya həddində saxlanıla bildi.  

Digər tərəfdən pandemiyanın təsir etdiyi bütün fəaliyyət sahələri üzrə, səhiyyə, təhsil, nəqliyyat, kənd təsərrüfatı və digər aidiyyəti dövlət qurumları tapşırıqlara və tövsiyələrə uyğun olaraq paralel və əlaqəli fəaliyyət göstərməyə başladılar.

İşlərin sistemli və müvafiq qrafik üzrə aparılması, operativliyin təmin edilməsi muxtar respublika sakinləri arasında narahatlığa səbəb olmadan daha etibarlı mübarizənin təmin edilməsinə əsaslı inam yaratdı. Görülən qabaqlayıcı sosial tədbirlər, yeni və müasir qorunma vasitə və cihazlarının alınıb gətirilməsi zərərləri minimuma endirildi. Naxçıvanda qurulan yeni və müasir laboratoriya isə koronavirus testlərinin qısa vaxtda və dəqiq aparılmasına yaxşı imkan yaratdı.  

Təbii ki, bununla yanaşı, dünyanın dörd bir yerində yaşayan, işləyən, təhsil alan vətəndaşlarımız, soydaşlarımız yaddan çıxarılmadı. Müvafiq səfirlik və konsulluqlarımız vasitəsilə əlaqə saxlanılaraq onların muxtar respublikamıza qayıtması işləri həyata keçirildi. Karantin qaydalarını başa vuran soydaşlarmız xəstəlik aşkarlanmadığı təqdirdə öz evlərinə, ailələrinin yanına buraxıldı. Hazırda statistik nəticələrə və bu nəticələrin dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisəli təhlilinə nəzər salsaq, görülən işlər və atılan addımlar sevindiricidir.

Sonda isə vurğulamaq istərdim ki, muxtar respublikanın ayrı-ayrı qurumları tərəfindən aztəminatlı, ahıl insanlara, xarici tələbələrə ərzaq, tibbi qoruyucu məhsullardan ibarət çoxsaylı yardımlar da paylanıldı. Şəhər, rayon və kəndlərdə davamlı olaraq dezinfeksiya tədbirləri aparıldı. Küçə, yol və prospektlər, inzibati və yaşayış binaları xüsusi məhlullarla dərmanlandı. Naxçıvanda bu istiqamətdə həyata keçirilən tədbirlər bu gün də qətiyyətlə davam etdirilir.

Bu gün verilən qərarla ölkəmizdə koronavirusa qarşı tədbirlər sərtləşdirildi. Bu tədbirlər insanlarımızın həyatını qorumaq, xəstəliyə qalib gəlmək üçün vacibdir. Ümid edirəm ki, bu təhlükə dünyamızdan tamamilə aradan qalxacaq. İnsanlarımız xoşbəxt, firavan və təhlükəsiz günlərinə geri qayıdacaq. Bunun üçün hər birimiz sosial izolyasiya qaydalarına əməl etməli, özümüzü qorumaqla cəmiyyətimizi də qorumalıyıq. Çünki biz birlikdə güclüyük.

                                                                                                                                                               Nərmin Rüstəmli

Naxçıvan Dövlət Radiosunun baş redaktoru

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: