NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət Baytarlıq Xidmətində və Baytarlıq laboratoriyasında keçirilən istehsalat təcrübəsində Naxçıvan Dövlət Universitetinin baytarlıq ixtisasının V kurs tələbələri iştirak ediblər.
Dövlət Baytarlıq Xidməti himayəsində olan tələbələrlə növbəti görüş zamanı xidmətin əməkdaşı Flora Səfərova “Kənd təsərrüfatı heyvanları arasında aparılan profilaktiki peyvəndləmənin əhəmiyyəti” mövzusunda açıq dərs keçib.
Mərkəzi baytarlıq laboratoriyasının bakterioloji bölməsində infeksion xəstəliklərə görə müayinələrin aparılması prosesini də əyani olaraq izləyən tələbələrə buradakı avadanlıq və cihazların funksiyaları barədə ətraflı məlumat verilib.
Kimyəvi-toksikoloji müayinələr aparılan tədris otağında yerləşdirilən müasir tipli avadanlıq və cihazlarla da tanışlıq zamanı tələbələrə məlumat verilib ki, buradakı aparatlarla balın, südün və kəsmiyin təmizlik dərəcəsini, havadakı radiasiyanı öyrənmək mümkün olur.
Laboratoriyanın bakteriologiya bölməsində patoloji materialların bakterioloji müayinəsi də həyata keçirilib. Keçirilən dərslər, aparılan istehsalat təcrübəsi gənclərdə böyük maraq doğurub.
Tələbələr müxtəlif mövzularda dərsləri dinləyib, qarşılıqlı fikir mübadiləsi aparıblar.
Sonda onları maraqlandıran suallar mütəxəssislər tərəfindən cavablandırılıb.
Məhəmməd Fərəcov