Çin və ABŞ-dan olan bir qrup tədqiqatçı tektonik subduksiyalar nəticəsində Çinin şimal-şərqinin altına çəkilən yerin litosfer plitəsinin aşağı hissəsini aşkarlayıblar.
NUHÇIXAN İnformasiya Agentliyi bu barədə “nat-geo.ru” saytına istinadla məlumat yayıb. Bu plitənin qədim zamanlarda Sakit Okeanın dibində olduğu bildirilir.
Litosferin xarici səth təbəqəsi yavaş hərəkət edən, bəzən də bir-biri ilə toqquşan parçalanmış tektonik lövhələrdən ibarətdir. Belə toqquşmalar zamanı subduksiya adlandırılan geoloji proses baş verə bilər. Bu proses zamanı digər plitənin aşağı hissəsinə itələnən plitə sonda planetin dərinliklərinə irəliləyir.
Çinin şimal-şərqinə səpələnmiş 313 seysmik stansiyadan ibarət nəhəng bir şəbəkənin köməyi sayəsində alimlər bu hadisələrin nəticələrini müşahidə edirlər. Bundan əlavə, onlar əvvəllər Sakit okeanın altında yerləşmiş və indi mantiyanın ortasına itələnən tektonik plitənin hissələrinin təsvirlərini əldə edə biliblər.
Alimlər seysmometrlərdən istifadə etməklə seysmik təlatümlərin böyüklüyünü və yerini ölçə bilirlər. Seysmik dalğaların bəzi süxurlarındakı sürətlənmə və bəzilərindəki yavaşıma prosesləri alimlərə tibbi ultrasəs metodu ilə yerin təkinin təsvirlərini əldə etmək imkanı verir.
Tədqiqatçılar 67 mindən çox ölçü vahidini analiz etdikdən sonra Çin ərazisində Yerin səthindən 410 kilometrdən 660 kilometrədək dərinlikdə yertləşən tektonik plitənin alt və üst hissələrini müəyyənləşdiriblər.
Subduksiyanın nəticələrinin Çinin ərazisi altında müşahidə etmək mümkün olsa da, subduksiya zonasının özü daha uzaq şərqdən başlayır. Bu plitənin nisbətən 25 dərəcə bucaq altında aşağıya doğru əyildiyi bildirilir.
“Yaponiyanın ərazisi Sakit okean plitəsinin təxminən 100 kilometr dərinliyində olduğu yerdə yerləşir”, - deyə Raysa Universitetinin seysmoloqu Fenlin Niu bəyan edib.
Alimlər yeni şəkillər sayəsində subduktiv plitənin keçid zonasına çatdığı zaman onda hansı dəyişikliklərin, o cümlədən hansı deformasiyaların baş verdiyini və həmin plitənin özünə məxsus olan okean qabığından nə qədər su itirdiyini daha yaxşı təsəvvür edə bilirlər.
Niunun sözlərinə görə, tədqiqat işlərinin çoxu mantiyanın keçid zonasındakı plitələrin daha çox deformasiyaya uğradığını sübut edir. Bundan əlavə, plitənin altındakı mantiyanın qismən əridilmiş hissələrinin istilik siqnalları plitənin suyun bir hissəsini keçid zonasına ötürdüyünü göstərir. Alimlər plitədə, onu mantiyanın dərinliyinə batmaqdan qismən qoruyan dəliyin meydana gəldiyini ehtimal edirlər.