NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 2018-ci ilin birinci yarısının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib. Komissiyanın sədri İsmayıl Qəribli bildirib ki, iyulun 14-də keçirilmiş beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında komissiyaya da müvafiq tapşırıqlar verilib. Belə ki, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya dövlət qulluğuna qəbul imtahanlarının dövriliyini, kadr hazırlığı üzrə kursların təşkilini və test bankının yenilənməsini təmin etməlidir.
İsmayıl Qəribli 2018-ci ilin ötən 6 ayı ərzində komissiya tərəfindən görülmüş işlər barədə məlumat verib. Qeyd olunub ki, hesabat dövründə komissiya öz fəaliyyətini gücləndirib, qanunvericilikdən, əsasnamədən və iş planından irəli gələn vəzifələri icra edib. 2018-ci ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasında vətəndaşların dövlət qulluğuna qəbulunun mərkəzləşdirilmiş qaydada müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi təşkil edilib. Dövlət orqanlarında 294 vakant vəzifənin tutulması məqsədilə elan olunmuş müsabiqədə iştirak etmək üçün 395 nəfər sənəd təqdim edib, test imtahanında iştirak etmiş 370 namizəddən 136-sı keçid balını toplayıb. Cari ilin 7 və 22 iyun tarixlərində komissiyanın test mərkəzində attestasiyaya cəlb olunmuş dövlət orqanlarının mətbuat və ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşlarının test və esse imtahanı mərhələsi keçirilib. Test imtahanı mərhələsində 16 nəfər iştirak edib, 13 nəfər keçid balını toplayaraq esse mərhələsində iştirak etmək hüququ qazanıb.
Bildirilib ki, komissiyanın rəsmi internet saytının internet portalına çevrilməsi istiqamətində işlər görülüb, əlavə bölmələr yaradılıb. Komissiya tərəfindən maarifləndirici tədbirlərin və seminarların keçirilməsi də diqqətdə saxlanılıb.
Sonra şöbə müdirləri Samiq Salayev, Mahir Abbasov, sektor müdiri Türkan Gülməmmədli məruzə ətrafında çıxış ediblər.