Xəyalına qurban olum, əsgər... Heç ayaq basdığın yerlərin daha öncə xəyalını qurdunmu? Səngərdəki təpənin arxasında vurulanda son dəfə göy üzünü seyr edib, mavi səmanı bəzəyən dumanda bütün həyatın canlandımı gözündə? Gözünü bürüyən bu duman sənin həyatındır - xəstələnəndə ananın yuxusuz gecələri, atanın nigaran baxışıdır, sevdiyini gizlətdiyin qız, səni qəmgin yola salan nişanlındır, nazlı yar kimi yanından ayırmadığın silahın, namərdcə səni yaralayan güllədir... Bu duman yolunu səbirsizliklə gözləyən dostun, şəhid olsan-tabutunu qarşılayan doğmalarındır. Bəli, əsgər, son dəfə səmaya baxanda ilk addım atdığın evini, uşaqlığını, bayraq əlində qaçdığın küçənizi, hərbi hissənin həyətində reallaşan arzularını xatırladınmı? Əlindən tutub addım atmağına kömək edən doğmalarının çiynində ən uca zirvəyə yola salındığını, şəhid xəbərin gələndə ananın qürurlu duruşunu göz önünə gətirdinmi?
Bilirsən ki, anan "Oğul Vətən üçündür! Qanı bu torpağa halal olsun!" deyib dik dayanacaq. Amma atan "Mən şəhid atası olduğum üçün xoşbəxtəm" deyib yoluna həsrətlə baxacaq, ürəyindəki hıçqırtıları boğacaq, tabutun gələndə ən əziz qonağı tək qarşılayacaq. Axı özü səni gəlişi olmayan gedişində yola salmışdı. Hər dəfə gələndə səni ən əzizi kimi qarşılayan anan nələr düzməzdi süfrənə. Boğazından kəsib yedirtdiyi nemətləri, atanın əlinin qabarı ilə qazandığı və öyrətdiyi düzlüyü, mərdliyi, halallığı...
Danış, ər oğul, bunların xəyalını qurdunmu? Şəhid xəbərinin gəlməsini, daim çiyinlərdə, alqışla yola salınmağının xəyalını qurdunmu? Qurma, əsgər qardaşım! Xahiş edirəm, dağıt, yox elə bu xəyalları! Möhkəm dayan, cəsarətlə, ölümsüzlüklə silahlan! Özünü qoru! Qoru ki, bu müqəddəs torpağı da qoruya biləsən, qoru ki, oğul dağı ilə qocalan anaların, şəhid dostlarının, qardaşlarının qisasını ala biləsən. Sən də bizi işğaldan azad olan torpaqlarda qarşıla. Azad olunan torpaq demişkən, igid əsgər, işğaldan azad olan hər qarış torpağa görə sənə minnətdaram. Hər qarışda alnından axan tərə, yorulan ayaqlarına, qubar edən ürəyinə, bir sözlə övladının iyinə, ana-bacının nəvazişinə həsrət qalan canına borcluyam. Mən rahat işimdə olanda, istirahət edəndə yayın istisində dodaqları parçalanan, qışda ayazda kirpiklərinə qədər donan qəhrəman oğula minnətdaram. Mən güllə səsi eşitmədən həyatıma davam edərkən güllə səsi eşitməyəndə narahat olan əsgər qardaşım, doğmalarımla doya - doya vaxt keçirərkən aylarla yaxınlarınla görüşəcəyin günü sayan sənə borcluyam. Amma bunu da unutma ki, üstünə hopan toz zərrəciklərindən, ayağına dəyib keçən hər daş parçası ürəyimizi dəlib keçir. Hətta, yağış yağsın deyə dua edən bir əkinçi, bir kəndli sən islanarsan, ayağın palçıq olar deyə “yağma yağış” deyib dua edir, qarın yağmasını istəyən o balaca körpələr də sən üşüyərsən deyə bu istəyindən də keçir. Çünki bütün arzu və xəyallarımız sizdə cəmləşir. Qarabağda görüşənədək...
Songül Vəliyeva
Naxçıvan Dövlət Universiteti
“Jurnalistika” ixtisası üzrə IV kurs tələbəsi