NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Ali Məclis Sədrinin tapşırığı ilə bu gün Kəngərli rayonunun yeni qapalı suvarma şəbəkəsi qurulan Böyükdüz kəndində badam bağı salınıb.
Badam bağının sahəsi 1.2 hektardır. Ərazidə meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq əkinəyararlı hala salınıb. Yeni salınan bağa 700 badam tingi əkilib.
Qeyd edək ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrasına uyğun olaraq hər il ənənəvi və məhsuldar meyvə sortlarından ibarət yeni bağlar salınır. İqlim şəraiti və torpaq xüsusiyyətləri muxtar respublikada badamçılığın inkişafına və bu sahə üzrə məhsul istehsalının artırılmasına imkan verir. Buna görə də badamçılıq Naxçıvanda gəlirli sahələrdən biri kimi inkişaf etdirilir.
Kəngərli rayonunun Böyükdüz kəndinin ərazisində bir neçə gün əvvəl qapalı suvarma şəbəkəsinin istifadəyə verilməsi də həm əkin sahələrinin, həm də badam bağının dayanıqlı su təminatına da imkan verəcək.
Mahmud Hüseynov