“Gəmiqaya Mineral Sular” Məhdud Məsuliyyətli Cəmiyyətinin ixrac potensialı ildən-ilə artır. Hazırda “Badamlı” mineral suyu Rusiya Federasiyasına və Birləşmiş Ərəb Əmrliyinə ixrac olunur. NUHÇIXAN xəbər verir ki, mineral su yaxınlarda Çin Xalq Respublikasına da ixrac ediləcək.
Zavodda məhsulun keyfiyyətinə ciddi nəzarət edilir. Burada Almaniya istehsalı olan müasir avadanlıqlarla təmin edilmiş xüsusi laboratoriya qurulub. Zavodda tələbata uyğun olaraq 0,5, 1, 1,5 litrlik plastmas butulkalarda qazlı və qazsız, 0,3, 0,6 litrlik şüşə butulkalarda qazlı və qazsız, 5 və 19 litrlik plastmas taralarda qazsız su buraxılır. İstehsal olunan məhsul muxtar respublikamızın tələbatını ödəməklə yanaşı Bakı şəhərində və ölkəmizin digər regionlarında da satışa çıxarılır.
Badamlı” mineral suyuna tələbat ildən-ilə artdığı üçün hazırda Şahbuz rayonunun Badamlı qəsəbəsində yeni zavod tikilir. Qəsəbədə tikilən zavod hazırkı müəssisədən daha böyük və yüksək texniki imkanlara malik olacaq.
Əbülfəz Dünyamalıyev