Ali Baş Komandan tarixi qələbəmizin memarı və müəllifidir

A- A A+

Tarix dəfələrlə sübut edib ki, həqiqi lideri, rəhbəri olmayan xalqın müstəqilliyi də, dövlətçiliyi də hər zaman sual altında olub. Təəssüf ki, Azərbaycan bu ağır praktikanı ən yaxın tarixdə – ötən əsrin 90-cı illərində yaşayıb. Həmin vaxt xalqına xidməti həyat amalına çevirməyən, hakimiyyət davası edənlərin səriştəsizliyi ucbatından ölkəmizdə siyasi böhran daha da dərinləşdi və torpaqlarımızın 20 faizi mənfur düşmənin tapdağı altına düşdü. Əgər həmin vaxt ümummilli lider Heydər Əliyev real vəziyyəti düzgün qiymətləndirib ikinci dəfə siyasi hakimiyyətə qayıtmasaydı, bugünkü güclü, müstəqil, müasir Azərbaycan barədə danışa bilməzdik. Xalqın həyatını, taleyini dəyişən MÜDRİK LİDER təkcə qanımız və canımız bahasına əldə etdiyimiz müstəqilliyimizi xilas etmədi, həm də özündən sonra hərtərəfli dövlətçilik təcrübəsinə malik olan siyasi varis yetişdirdi. XXI əsrin SƏRKƏRDƏsi adını qazanan, xalqının qürur və fəxarət yerinə çevrilən cənab İlham Əliyev  44 günlük Vətən Müharibəsi dövründə hərbi, diplomatik, eləcə də informasiya müstəvisində düşməni xar etdi. Ən böyük gücünü Azərbaycan xalqının sevgisindən və dəstəyindən alan  Ali Baş Komandan yeni tarixi reallıq yaratdı. Reallıq budur ki, biz 30 ildir həsrətində olduğumuz doğma Qarabağımıza qovuşmuşuq.

Biz bu 44 gün ərzində bir daha gördük ki, müharibə təkcə səngərdə hərbi qulluqçunun şücaəti və döyüş texnikası ilə aparılmır. Yeni dövr artıq “informasiya müharibəsi” anlayışını da ortaya çıxarıb. Cənab İlham Əliyev mütəmadi olaraq Azərbaycan xalqına müraciət edir, düşmənin məhv edilən texnikasını və işğaldan azad edilmiş şəhər və kəndlərin adlarını açıqlayırdı. Demək olar ki, Ali Baş Komandanın hər müraciəti Azərbaycan xalqı üçün zəfər müjdəsi idi. Milyonlar ekranları qarşısında ölkə başçısını böyük qürur və sevgi ilə izləyirdi. Çünki həsrətində olduğumuz, 30 illik ümumxalq arzumuz reallığa çevrilirdi. Bu dövrdə Ali Baş Komandanın tapşırığına uyğun olaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən daim düşmənin canlı qüvvəsinin, mühüm hərbi obyektlərinin və texnikasının məhv edilməsinin görüntüləri paylaşılırdı. Bu, Azərbaycan reallığı idi, bu, Azərbaycan əsgərinin döyüş meydanındakı hünərinin, qətiyyətinin, gücünün, düşməni ata-baba torpaqlarımızdan necə qovmasının əyani ifadəsi idi.

Ermənilər isə informasiya cəbhəsindəki müharibəni elə döyüşlərin ilk günlərindən uduzmuşdular. Xalqını aldatmaqla məşğul olan hərbi-siyasi rəhbərlik tez-tez guya Azərbaycan Ordusunun hansısa istiqamətdə döyüş təyyarəsinin, hərbi texnikasının “məhv edilməsi” ilə bağlı kadrları ictimaiyyətə çatdırmaq istəyirdi. Boş, cəfəng, reallıqdan çox uzaq, qeyri-müəyyən döyüş yerlərində çəkilmiş videokadrları xalqa sırıyanlar indi hər gün İrəvanın mərkəzinə toplaşan qəzəbli kütləyə məğlubiyyətin hesabatını verə bilmir.

Sentyabrın 27-dən başlanan əks-hücum əməliyyatları dövründə ölkə başçısı dəfələrlə dünyanın tanınmış media qurumlarına müsahibələr verdi. Təəssüf ki, həmişəki ermənipərəst mövqeyindən əl çəkməyən bəzi qərb jurnalistləri reallıqları görmək, düşmənin Gəncədə, Bərdədə, Tərtərdə törətdiyi müharibə cinayətlərini dünyaya çatdırmaq əvəzinə Ali Baş Komandana əsassız, qərəzli, müharibə mövzusu ilə yaxından-uzaqdan əlaqəsi olmayan suallar ünvanlamağa çalışdılar. Cənab Prezident informasiya savaşının bu cəbhəsində də parlaq qələbə qazandı. Ölkəmizi istəməyən dairələrin, erməni lobbisinin sifarişi əsasında hazırlanan bu suallara cənab İlham Əliyev tutarlı faktlarla cavab verdi. Tarix dərsi keçdiyi həmin jurnalistləri aynaya baxmağa, öz ölkələrində cərəyan edən hadisələrə nəzər salmağa dəvət etdi.

Birinci Qarabağ Müharibəsindən bəhs edən, yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkilən “Dolu” filmində əsas qəhrəmanlar “Drakon” və “Pələng” arasında bir dialoq var: “Bu BTR-lərdən 4-5-i bizdə olsaydı, Əsgəranı çoxdan şumlamışdıq”. O vaxt nəhəng imperiyanın caynağından yenicə xilas olan gənc dövlətin nə nizami ordusu, nə texnikası, nə də silah-sursatı var idi. Elə bu və başqa səbəblərə görə 30 il torpaq həsrəti ilə yaşadıq. Amma müstəqillik illərində ölkəmizdə ordu quruculuğu işinə böyük diqqət göstərildi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu strategiya ötən 17 il ərzində Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Hərbi arsenalını hər keçən gün gücləndirən, Cənubi Qafqazın ən güclüsü, dünyanın isə 50 ən yaxşı ordusundan birinə çevrilən Azərbaycan Silahlı Qüvvələri hər zaman döyüş meydanında öz sözünü deməyə hazır idi. Vətən Müharibəsi göstərdi ki, Azərbaycan döyüşü müasir formada aparır. Azərbaycan əsgəri ixtiyarında olan pilotsuz uçuş aparatlarından, dronlardan, hava hücumundan müdafiə vasitələrindən, zenit raket komplekslərindən, müasir atıcı silahlardan istifadə edərək düşmənə yerini göstərdi. İllərdir erməni ordusu ilə bağlı formalaşdırılan mifi, nağılı darmadağın etdi. Onların 30 ildir ki, möhkəmləndikləri səngərləri, istehkamları hərbi qulluqçularımız bir neçə saata yarıb keçdilər. Azərbaycan Prezidenti “Dağlıq Qarabağ münaqişəsinin hərbi həlli yolu yoxdur”,– deyən Ermənistan baş nazirinə və bəzi siyasi dairələrə göstərdi ki, məsələni müharibə yolu ilə də həll etmək olar. Sadəcə, biz hər zaman sülhün, qan tökülməməsinin tərəfdarı olmuşuq. Amma mənfur düşmən işğala son qoymayanda, aqressor, işğalçı lazımi təzyiqlə üzləşməyəndə DƏMİR YUMRUQ işə düşməlidir.

Cənab Ali Baş Komandan bu illər ərzində ordunun təkcə müdafiə potensialını gücləndirməmişdi. Həm də Vətənini ən müqəddəs varlıq hesab edən, döyüş meydanında hansı amal, hansı məqsəd uğrunda döyüşdüyünü yaxşı bilən, müasir hərbi biliklərə malik olan vətənpərvər əsgər və zabit kontingenti formalaşdırmışdı. Düşmən öz əsgərini döyüş meydanından qaçmasın, fərarilik etməsin deyə texnikaya və səngərə zəncirlədiyi halda Azərbaycan əsgəri ölümün gözünə dik baxıb müqəddəs şəhid adı hesabına torpaqlarımızı düşmən işğalından azad etdi. Bu gün yaşadığımız ümummilli qələbə sevincini əsgər və zabitlərimizə, şəhid və qazilərimizə borcluyuq.

Ali Baş Komandan dəfələrlə bildirmişdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli döyüş meydanından sonra diplomatik müstəviyə keçməli və düşmən torpaqlarımızdan çıxması ilə bağlı cədvəl verməlidir. Belə də oldu. Uzaqgörən SƏRKƏRDƏ Ermənistan rəhbərliyini konkret olaraq kapitulyasiyaya məcbur etdi. Çünki müharibə bir neçə gün də davam etsəydi, düşmənin barmaqla sayılacaq qədər hərbi texnikası və canlı qüvvəsi qalacaqdı. Beləliklə, noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Federasiyası Prezidentinin imzaladığı birgə bəyanata əsasən, atəşkəsə nail olunur və düşmən işğal altındakı Kəlbəcər, Laçın və Ağdam rayonlarını da boşaldır. Bu, Ermənistan hərbi-siyasi rəhbərliyi üçün rəzil məğlubiyyət, Azərbaycan üçün parlaq qələbə deməkdir. Ölkə başçısı cənab İlham Əliyevin dediyi kimi: “Onlar bundan sonra rəzalət damğası ilə yaşayacaqlar. Biz isə müzəffər və qürurlu yaşayacağıq.”

İmzalanan birgə bəyanatın ən mühüm bəndlərindən biri də qədim Naxçıvan torpağı ilə bağlıdır. Həmin bənddə qeyd olunur: “Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.”

Bu, möhtərəm Prezidentin diplomatik səviyyədə Ermənistan üzərində növbəti parlaq qələbəsidir. Bilirik ki, mənfur düşmənin Naxçıvanla bağlı hər zaman məkrli planı olub. Amma yuxarıda qeyd olunan bənd 30 ildir ki, düşmən tərəfindən məqsədli şəkildə blokadaya salınan muxtar respublikaya quru yolunu bərpa edir. Ali Baş Komandanın bu tarixi addımı sayəsində yaxın gələcəkdə Naxçıvan logistik mərkəzə çevriləcək və qədim diyarın sosial-iqtisadi inkişafı daha da sürətlənəcək.

Qarşıda isə nəinki Naxçıvanı, ümumilikdə ölkəmizi parlaq günlər gözləyir.  Çünki biz doğma Qarabağımıza qayıtmaqla 30 illik yaramızı sağaltmışıq. Biz yenidən o yerləri qurmağa, yaratmağa gedirik. Ölkə başçısının sözləri ilə desək: “Çünki biz gəlməli idik, qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan, Azərbaycanın Dövlət Bayrağını ucaltmışıq. Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki, əsrlərboyu biz yaşamışıq, bizim xalqımız yaşayıb.”

Bu sözləri bir neçə gün bundan öncə işğaldan azad olunmuş Füzuli şəhərinə səfəri zamanı deyən Ali Baş Komandan Füzulidən Şuşa şəhərinə uzanan yeni yolun təməlqoyma mərasimində də iştirak etdi. Bu, Cocuq Mərcanlıdan başlanan BÖYÜK QAYIDIŞın davamıdır. QƏLƏBƏN MÜBARƏK, AZƏRBAYCAN!.

Muxtar Rzazadə

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: