Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində kollegiya iclası keçirilib - FOTOLAR
NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsində keçirilən kollegiya iclasında komitənin sədri Müslüm Cabbarzadə görülən işlər və qarşıda duran vəzifələr barədə məruzə edib.
Qeyd olunub ki, 6 ay ərzində Naxçıvan şəhəri üzrə 4050, Şərur rayonu üzrə 3236, Babək rayonu üzrə 536, ümumilikdə muxtar respublika üzrə 7822 daşınmaz əmlak obyekti plana alınıb. Daşınmaz əmlakın qeydiyyatı sahəsində müvafiq işlər aparılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınan daşınmaz əmlak obyektlərinin sayı 12,6% artıb.
Bildirilib ki, beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin səkkizinci sessiyasında Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinə də bir sıra tapşırıqlar verilib. Komitənin mərkəzi aparatı, tabeliyində olan qurum və struktur bölmələri tərəfindən həmin tapşırıqların icrasının təmin edilməsi üçün lazımi tədbirlər həyata keçirilməli, qarşıya qoyulmuş vəzifələr yüksək səviyyədə icra olunmalıdır. Bir sıra məsələlərlə bağlı əməkdaşlar çıxış edib.
Müzakirə olunan məsələlərlə əlaqədar qərar qəbul olunub.
Rəmzi İbrahimov