Xəzəl ayı və ya qızıl payız

A- A A+

Adətən noyabr görüləcək işlərə görə ilin yekun ayı hesab edilir.Çünki ilin son ayı olan dekabrda qar yağır, şaxtalar düşür. Uzun illər boyu təbiətdə baş verən dəyişiklikləri izləyən ata-babalarımız bunu bildikləri üçün dekabr ayına qədər bütün işləri yekunlaşdırmağa çalışardılar. Müxtəlif illərdə noyabr ayının fərqli günlərində ilk soyuqlar və bunun nəticəsi olan qırov düşür. Xalq təqvimində müşahidələrlə yanaşı, konkret astronomik vaxt bölgüsü də iştirak edir. Belə ki, noyabr ayının 6-7-də payız yarı olur. Eləcə də qədim Avesta təqvimində, 1925-ci ilə qədər Türkiyə Cümhuriyyətində istifadə edilən Rumi təqvimində noyabr ayının 8-də iki fəsildən biri olan qış – “Qasım” başlayır. Vaxtilə bu dövrdə xalqımız “Kövsəc” mərasimini təntənə ilə qeyd edərmiş.

Şaxtaların gec və ya tez düşməsindən asılı olmayaraq oktyabr ayının sonu, noyabr ayının əvvəllərindən başlayaraq ağacların yarpaqları tam şəkildə saralır və ya qızarır. Təbiət ilin, demək olar ki, heç bir dövründə olmayan gözəlliyə bürünür. Elə ona görə də bu dövr “qızıl payız” adlanır. Lakin bu gözəllik uzun müddət davam etmir. Saralıb-qızarmış yarpaqlar son anda “anasından qopmaq istəməyən uşaq” kimi budaqlardan aralanır. Zaman öz işini görür, ağacların altına tökülən saralmış yarpaqların sayı hər gün artır. Ağacların yarpaqlarının saralması həm də bağçılıqda ting əkilməsinin başlanmasının vaxtıolduğundan xəbər verir. Həmin dövrdən şaxtalar düşüb yer donana qədər yeni fidanlar əkmək olar.

Naxçıvan bağlarında xüsusi sahə təşkil edən üzümlüklərdə oktyabr ayının sonu, noyabr ayının əvvəllərində  suvarma işləri aparılır. Bu dövrdə aparılan suvarma tənəklərin asan basdırılmasına şərait yaradır. Torpaq yaş olduqda götürülən barata dağılmır, kolun üstünü örtür. Noyabr ayında insanların sərt qışı qarşılamaq üçün gördüyü  hazırlıqlardan biri də Naxçıvan brendi sayılan qovurma bişirməkdir. Ata-babadan adətdir ki, bu ayda hər bir ailə öz imkanına görə qovurma qovurar. Əvvəllər qovurmalıq üçün əsasən, övəc (erkək) ətinə üstünlük verilərdi. Toğlu (bir illik) qovurması isə ən çox xörəkdə işlətmək üçün yox, yumşaq olduğundan yemək üçün nəzərdə tutulurdu. Sibir ətinin qovurmasına da üstünlük verilirdi. İmkanları daxilində qoyun, keçi qovuranlar da olurdu. Əvvəllər dana ətindən qovurma edənlər az olardı. İndi isə dana ətinə üstünlük verənlər çoxalıb. Ət isə quyruq yağı ilə yox, mağazada satılan müxtəlif yağlarla qızardılır ki, bu da əsl qovurma dadını vermir. Adətən noyabr ayının birinci ongünlüyündən sonra qovurmalıqlar kəsilməyə başlayır. Bunun isə bir neçə səbəbi var. Birinci, yerdə olan otlar tükəndiyi kimi, ağacların da yarpağı tökülüb qurtarmağa başlayır. Xüsusən, bu dövrdə qısa müddətdə olan kəskin şaxtadan sonra Günəş çıxan kimi ağacların yarpağı kütləvi surətdə tökülür və iyləndiyi üçün heyvanlar yemir. İkinci səbəb odur ki, havalar soyuyur, soyuq havada ət qovurmaq isə çətin olur. Üçüncü səbəb isə xalqın inancına görə qovurma qırx gün qalmalıdır ki, “dəysin”, yəni, yetişsin. Doğrudan da təzə qovurma ilə qalıb dəymiş qovurmanın tamında fərq olur. Hətta qədimdə elə hesablanırdı ki, dekabrın 20-si, yəni, qış düşəndə qovurma küpləri açılmalı idi. Qovurma hazırlamaq dövrü xüsusi bir bayrama çevrilirdi. Qovurmalıq heyvanın ciyəri bişirilən zaman ailənin yaxın qohumu, dostu olan bir neçə nəfər qonaq çağırılardı. Sosial yardımlaşma forması olan “təngov” – ət suyu (bəzi kəndlərdə buna işgənə, “çığatay” da deyilir) paylama adəti bu gün də yaşayır. Qonşulara və yaxın qohumlara qovurma ətini qaynadan zaman alınan ət suyundan bir qabda içinə bir neçə tikə ət də qoyaraq paylayardılar.

Noyabrın axırı el arasında “naxırqovan”, “naxırtökən”, “naxırqoyan” adlanır. Havaların soyuması ilə əlaqədar olaraq naxırçı malı daha çölə aparmır, yəni, “naxırı yerə qoyur”. Yaşlı heyvandarlar söyləyirlər ki, belə vaxtlar malı çöldə açıq havada saxlamazlar. Bəzi yaşlı adamlar bu dövrü “danaqıran” da adlandırır. Heç şübhəsiz ki, Naxçıvanın sərt iqlimi Naxçıvan əhalisinin dözümlü, mətin olmasına təsir edib. Naxçıvan əhalisi qışa ciddi hazırlaşır, amansız qışın heç kəsə güzəşt etməyəcəyini yaxşı bilir.

Xalq arasında belə bir rəvayət var ki, Naxçıvanın mülayim keçən bir qışında Qarabağdan olan tərəkəmə öz sürüsü ilə Naxçıvana gəlir. Görür ki, heyvan bəsləyib artırmaq üçün çöldə bol yem, yumşaq hava, bir sözlə, hər cür şərait var. Belə bir əlverişli məkanda yerli əhali arasında heyvandarlıqla məşğul olmayanları tənbəl və bacarıqsız hesab edir. Növbəti il sürüsünü ikiqat artıraraq qışlamaq üçün yenidən Naxçıvana gəlir. Burada qış başlayır, nə başlayır. İsti tövləsi və yem ehtiyatı olmayan tərəkəmənin bütün heyvanları aclıqdan və soyuqdan qırılır. Yapıncısını çiyninə ataraq “Əşi, bunlar bilirmişlər ki, nə edirlər”, – deyə kor-peşman çıxıb gedir.

Bu dövrü el arasında həm də “payızın qəpsi” (qəfsi) də adlandırırlar. Yaşlı adamlar bu ifadənin yaş, nəm palçığın donunun bütün günü açılmadığı dövrə aid olduğunu deyirlər. Buna görə də bütün işlər “payızın qəpsi”nə qədər yekunlaşmalıdır. Çünki havalar hər gün bir qədər soyuyur, hər dəqiqə qarın yağması, yolların bağlanması mümkündür. Müxtəlif səbəbdən dəni üyüdüb qış tədarükü görməyənlər əl-ayaq edirlər. Beləliklə, noyabr ayında təsərrüfat qayğılarından azad olan ata-babalarımız bu dövrdən etibarən başlayardılar qış istirahətinə…

                                                                                                                                 “Şərqin səhəri”

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: