Naxçıvan döyüşçülərinin böyük vətənpərvərliyi, yaxud bir qardaş itirib, min qardaş qazananlar

A- A A+

Günü-gündən gözəlləşən diyarımız həm də abadlığı, təmizliyi, nizam-intizamı, gəzməli-görməli yerləri ilə göz oxşayır. Naxçıvan həm də qəhrəmanlar diyarıdır. Rəşadətli ordumuzun zəfər yürüşündə Naxçıvan döyüşçüləri də mətanətlə vuruşub, Naxçıvandan Şuşaya qədər döyüş yolu keçib, şəhidlər veribdir. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi: “Naxçıvanlılar da ikinci Qarabağ müharibəsində digər bütün bölgələrdən olan vətəndaşlar kimi fəal iştirak ediblər. İndi müharibə başa çatır, bu günə qədər açıqlanmayan bəzi məsələlər də üzə çıxacaq və hər kəs biləcək ki, başqa bütün bölgələrdən olan hərbçilərlə bərabər naxçıvanlılar da böyük qəhrəmanlıq göstəriblər və torpaqlarımızın azad edilməsi işində fədakarlıq göstəriblər, şəhidlər veriblər”.

44 günlük şərəfli və müqəddəs Vətən müharibəsində xalqımızın bütün diqqəti cəbhəyə, oradan gələn xəbərlərə yönəldi. Gözlər televiziyalarda, saytlarda idi: Prezident İlham Əliyevdən yeni paylaşım: Müzəffər Azərbaycan ordusu 23 kəndi işğaldan azad etdi. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!  Və yaxud, “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edəcək”.

Necə də gözəl və həyəcanlı anlar idi. Və daha bir möhtəşəm müraciət 10 noyabr 2020-ci il tarixində oldu. Müharibə Azərbaycanımızın qələbəsi ilə bitdi, Ermənistan məğlub oldu.  Biz bilirdik ki, belə sərkərdəyə və illərə alınan torpaqları çox qısa zaman kəsiyində azad etməyə qadir olan orduya sahibiksə, əksi ola da bilməzdi. Bəli, həmin gün-zəfər yürüşümüzün başa çatdığı gün Prezidentimiz digər bölgələrlə yanaşı, naxçıvanlıların qəhrəmanlıqlarını, fədakarlıqlarını xüsusilə vurğuladıqda böyük fəxarət hissi yaşadıq. Bu müharibə bir daha təsdiq etdi ki, Azərbaycanın dövlətçilik tarixində müstəsna rol oynayan Naxçıvan özünün tarixi missiyasını bu gün də davam etdirir. İllərdir blokada şəraitində yaşayan Naxçıvan güclü ordusu, iqtisadiyyatı, vətənpərvər gəncləri ilə Qələbəmizdə böyük pay sahibi oldu. Naxçıvan hərbi liseyinin bacarıqlı komandirlər olan məzunları, Naxçıvanın xüsusi təyinatlı qüvvələri Şuşaya bayraq sancdılar, son damla qanlarına qədər döyüşüb yüzlərlə şəhidlər verdilər. Atalar, analar öz şəhid övladlarını son mənzilə yola salarkən yalnız bir cümlə deyirdilər: Vətən sağ olsun!

Birinci Qarabağ müharibəsində olduğu kimi, Vətən müharibəsində də Naxçıvandan olan igidlərimiz Qarabağ uğrunda döyüşlərdə şücaətlə vuruşdu, digər tərəfdən düşmənlə sərhəddə olan Naxçıvanımızı qoruyurdu. Onlarla gəncimizin bu təşəbbüsə könüllü qoşulması, müharibəyə və Naxçıvanın müdafiəsinə qalxması ən böyük vətənpərvərlik nümunəsidir.

Və şəhidlərimiz... Ən uca zirvə olan şəhidlərimiz Ali Məclisin Sədri cənab Vasif Talıbov və muxtar respublika sakinləri tərəfindən ən böyük ehtiramla qarşılandı, çiyinlərdən yerə qoyulmadı. Şəhidləri öz övladları kimi böyük ehtiramla qarşılayan, şəhid övladlarını bağrına basan, hər bir şəhid yaxını ilə tək-tək görüşüb başsağlığı verən, onların qayğı və problemlərini həll edən Sədrimiz xalq-dövlət-ordu birliyinin layiqli nümunəsini bir daha əyani şəkildə ortaya qoydu. Hər dəfə şəhidlər son mənzilə yola salınanda şəxsən özüm də efir çəkilişləri üçün şəhid ailələrində olurdum. “Mənə göz aydınlığı verin, oğlum şəhid olub”,-deyən Rəna ananı gördüm, “Mən fəxr edirəm ki, şəhid qızıyam”,-deyən balaca Laləni, “Mən bir qardaş itirib, min qardaş qazandım”,-deyən şəhid qardaşını, “Təki vətən sağ olsun, bu dəqiqə özüm də döyüşə getmək istəyirəm”,-deyən atanı gördüm. Dünən isə Qarabağda döyüşən qəhrəman əsgərlərimizin bir qrupu Naxçıvana qayıtdı. Sədərək gömrük keçid məntəqəsində böyük izdihamla qarşılanan qəhrəmanlarımızın şərəfinə Naxçıvana qədər bütün yolboyu bayram əhval-ruhiyyəsi vardı. Bu, milli birliyin, Ana Vətənin azadlığının bütün məhfumlardan ucada dayandığının daha bir bariz nümunəsi idi.

Yeri gəlmişkən, bu günlərdə izlədiyim bir video məni çox qürurlandırdı. Videoda Naxçıvan cəngavəri Azıx mağarasına bayrağımızı asırdı. Məktəb zamanı Azərbaycandakı ilkin yaşayış məskənlərinin adlarını, onların coğrafi mövqelərini kortəbii şəkildə əzbərləyirdim. İndiki nəsil necə də şanslıdır ki, Azıx mağarasını öz gözləri ilə görəcək, orada  təcrübi tarix dərsləri keçəcək, ekskursiyalarda olacaqlar. Azıx mağarası kimi, digər tarixi abidələrimiz də ən böyük milli dəyərimiz, xalqımızın daş pasportlarıdır. Bu gün dünyada elə ölkələr, elə xalqlar var ki, böyük maddi və texniki imkanlara malikdirlər. Lakin onların nə Azıx mağarası, nə də Şuşa, Şahbulaq qalası kimi qalaları vardır. Bizim tariximiz bizim ucalığımız, bəşəriyyətə bəxş etdiyimiz əvəzolunmaz mədəni irsimizdir.

Qələbəmiz və Qarabağımızın qayıdışı mübarək olsun!

Elnurə Tahir

Naxçıvan televiziyasının əməkdaşı

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: