Üzərindən 4 il keçməsinə baxmayaraq, yaxşı xatırlayıram... Rəşadətli Azərbaycan Ordusunun şanlı və qədim tariximizə öz qanı və canı bahasına qızıl hərflərlə yazdığı Aprel zəfəri zamanı biz hələ tələbəlik dövrünün son kursunda idik. Təbii ki, qəlbi Vətən eşqi ilə yanan hər bir azərbaycanlı kimi dövlətimizin, ordumuzun yanında olmağı özümüzə borc bilirdik. Cəbhədən gələn ardıcıl qələbə xəbərləri, ordumuzun düşmənə layiqli cavabı, müharibə alovlarının güclənməsi hər kəs kimi biz tələbələri də böyük sevinc və həyəcanla Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin önünə gətirmişdi ki, məhz KÖNÜLLÜ olaraq döyüşlərə yollanaq. Bizə verilən bir cavab var idi: “Cəbhədə güclü Azərbaycan ordusu döyüşür. Siz bu gün öz vəzifənizi yerinə yetirin - dərslərinizi oxuyun, ixtisasınızı yaxşı öyrənin”. Təbii ki, verilən cavab da çox düzgün idi. Beləliklə mənim də könüllülük cığırına atdığım ilk addım məhz beləcə başladı.
Əminliklə deyə bilərik ki, ötən dövr ərzində Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında mötəbər tədbirlərin keçirilməsi, beynəlxalq yarışlara layiqincə ev sahibliyinin edilməsi könüllülük hərəkatını daha da genişləndirib.
Könüllülük hərəkatı Azərbaycan üçün yeni bir məfhum deyil...
Müasir və müstəqil Azərbaycan Respublikasının qurucusu və memarı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bir sıra sahələr kimi ölkəmizdə könüllülük hərəkatının inkişafı istiqamətində də mühüm əhəmiyyətə malik tədbirlərin reallaşdırılmasına başlanılıb. Belə ki, 1998-ci ildə Gənclər və İdman Nazirliyi, BMT-nin İnkişaf Proqramı və Könüllüləri Proqramı ilə birlikdə 650 gənci əhatə edən ilk pilot layihə həyata keçirilib. Həmçinin 1998-2000-ci illərdə reallaşdırılan proqram nəticəsində könüllülük prinsipləri daha geniş auditoriyada təbliğ olunmağa başlayıb və ilk könüllü komandası yaradılıb. Ümummilli lider Heydər Əliyev tərəfindən başlanılmış bu hərəkat bu gün Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında uğurla və inamla davam etdirilir.
Bu gün muxtar respublikada könüllülük fəaliyyətləri geniş vüsət alıb
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə bir daha şahidi olduq ki, Azərbaycan gəncliyi könüllülük hərəkatının aparıcı qüvvəsi kimi ölkədə baş verən bütün proseslərin məhz mərkəzində dayanır. Qədim diyarımız Naxçıvanda isə könüllülük hərəkatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamından sonra geniş vüsət almağa başlayıb. Ötən dövr ərzində muxtar respublikamızda müxtəlif əhatəli könüllülük proqramları - Gənclər Fondu könüllüləri, Sosial könüllülər, Gənclər və İdman Nazirliyi, Ekologiya, Ədliyyə, Məhkəmə, Sədərək, Səyyar dövlət qulluğu və Turizm könüllüləri, eləcə də digərləri fəaliyyət göstərməyə başladı. Şübhəsiz ki, cari ildə istifadəyə verilən “Naxçıvan könüllüləri” vebsaytı isə “Könüllülər ili”nə ən gözəl töhfə olmaqla, diyarımızda könüllülük hərəkatına yeni təkan verəcək. Könüllülərlə əlaqələrin daha rahat və operativ şəkildə qurulmasını təmin edən www.naxkonulluleri.nmr.az saytı vasitəsilə gənclər istədikləri qurumlarda könüllü olmaq üçün onlayn qeydiyyatdan keçmək, habelə onları maraqlandıran suallara cavab tapmaq imkanına malikdirlər.
Fərdi inkişafın mühüm mərhələsi ‐ könüllülük
Könüllülük insanlarda hələ gənc yaşlarından etibarən formalaşmağa başlayır. Avropa ölkələrində psixoloqların fikrincə, könüllülük fəaliyyətinin özü nə dərəcədə sosial faydalıdırsa, bir o qədər də şəxsi inkişaf konseptidir. Könüllülük vicdanın səsidir. O, insana, təşkilata, ətraf mühitə, cəmiyyətə göstərilən köməkdir. Hər bir şəxs könüllü fəaliyyətə başladığı gündən arzularının, məqsədlərinin təməlini qoyur. Kitab oxumaq, səyahət etmək şəxsi inkişaf üçün nə qədər faydalıdırsa, könüllülük fəaliyyəti də ən azı onlar qədər daxilən zənginləşməyə xidmət edir.
Könüllü fəaliyyətin cəmiyyətə faydalarından danışarkən, xüsusilə qeyd etmək lazımdır ki, könüllülüyün yalnız digər şəxslərə yardım etməkdən ibarət olmadığının, eyni zamanda, könüllü fəaliyyətin ictimai yardımlaşmasında, ictimaiyyətin sağlam birliyinin formalaşmasında mühüm rol oynayır. Könüllülük cəmiyyətdə insanlararası münasibətlərin möhkəmlənməsində, mənəvi dəyərlərin qorunmasında, ictimai məlumatlılığın artmasında, yaranan sosial problemlərin həllinə fərqli yanaşmaların formalaşmasında da çox əhəmiyyətli faktordur.
Milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyi – könüllülük
Könüllülük mərhəmət, məsuliyyət, mənəvi zənginlik, ədalət hissi deməkdir. Könüllü olmaq həm də ümid yeri olmaq, savab qazanmaq, xalqına, vətəninə xidmət etmək deməkdir. Könüllülük həm də kollektiv əmək, birlik deməkdir. Bərabər işləmək istedadıdır. Heç bir qarşılıq gözləmədən digər insanlara, bütün canlı varlıqlara sevgi ilə xidmət etmək, həmin sevgini könüldən paylaşmaq, bölüşməkdir. Lazım gəldikdə könüllü əsgər kimi Vətənin müdafiəsində canından və qanından keçməkdir. Tariximizin ən böyük, təsvirolunmaz təmənnasız könüllülük aktı, əlbəttə ki, vətənin müdafiəsinə könüllü yollanmağımızdır. Heç şübhəsiz ki, biz gərəkdiyi vaxt yenə könüllü əsgər olacağıq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi: “Könüllülük insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir”.
Arif Bayramov
Dövlət Miqrasiya Xidmətinin
mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi
Məqalə “Könüllülük: tarix və müasirlik” mövzusunda yaradıcılıq müsabiqəsinə təqdim olunmaq üçündür