Xeyirxah və nəcib əməlləri ilə könüllülər ilinə töhfə verən gənclər - FOTOLAR

A- A A+

Könüldən gələn, sevgi ilə, təmənnasız görülən işdən daha gözəl bir iş ola bilərmi bu həyatda? Vətənpərvərlik, xeyirxahlıq, əməksevərlik, köməyə ehtiyacı olana əl uzatmaq... Adını bu dəyərlərdən alıb könüllülük. Böyük ürəyə sahib olan insanlardır könüllülər. Maddi yox, mənəvi qazancı var onların, bir də könüllərinin rahatlığı... Kimliyindən asılı olmayaraq bir məqsəd ətrafında birləşib bir adla tanınırlar- könüllü. Məqsədləri xeyirxah işlər görmək, tarixi keçmişimizi, zəngin mədəni irsimizi, milli dəyərlərimizi yaşatmaq və təbliğ etməkdir. Yaşla məhdudlaşan bir fəaliyyət deyil könüllülük. Hər yaşda, hər zaman könüllü olmağı bacarmalıyıq.

Könüllü gənc, könüllü həkim, könüllü əsgər... Dönüb geriyə baxsaq, ölkəmizdə könüllülüyün Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra apardığı dövlət gənclər siyasəti nəticəsində böyük bir ictimai hərəkata çevrildiyini görərik. 1998-ci ildə Gənclər və İdman Nazirliyi BMT-nin İnkişaf və Könüllülər Proqramı ilə birlikdə 650 gənci əhatə edən ilk pilot-layihə həyata keçirdi. Məhz 1998-2000-ci illərdə reallaşdırılan bu proqram nəticəsində könüllülük prinsipləri daha geniş auditoriyada təbliğ olundu və ilk könüllü komandası yaradıldı. Ulu Öndər Heydər Əliyev tərəfindən başlanılan  bu hərəkat isə sonralar daha geniş vüsət aldı. 2009-cu ildə qəbul edilmiş "Könüllü fəaliyyət haqqında” qanun Azərbaycanda bu hərəkatın yeni inkişaf mərhələsinə qədəm qoymasına yol açdı.

Gəncləri sevən və hər zaman onların yanında olan Prezident İlham Əliyevin 2020-ci ili  “Könüllülər ili” elan etməsi isə ölkəmizdə könüllülük hərəkatının daha da genişlənməsinə təkan verdi və gənclərin potensialından lazımınca istifadə olunmasına şərait yarandı. Bir araya cəm olan gənclər xalqına və  vətəninə xidmət etdi, əhatə dairələrini genişləndirdi. Ən möhkəm dostluqlar, ən gözəl insani keyfiyyətlər könüllülükdə qazanıldı.

Könüllü fəaliyyət ölkəmizin hər yerində olduğu kimi muxtar respublikamızda da geniş vüsət aldı “Könüllülər ili”ndə. Gənclərin özlərini hər sahədə  göstərmələri üçün münbit şərait yaradıldı. Naxçıvanda xüsusilə Gənclər Fondunun, Gənclər və İdman, Əmək və Əhalinin sosial Müdafiəsi Nazirliklərinin Könüllülük hərəkatının inkişafındakı rolu və mövqeyi böyük oldu.

Heç bir çətinlik çəkmədən, könül rahatlığı ilə könüllülük fəaliyyətlərinə qoşulan, savab işlərə qol qoyan, sağlamlıq imkanları məhdud insanlar, əhalinin aztəminatlı təbəqəsi ilə görüşən gənclər yaşlı insanlara qayğı göstərdi, mədəni tarixi sərvətlərimizi təbliğ etdi, ətraf mühitə, ekoloji tarazlığa öz töhfələrini verdilər, muxtar respublikada baş tutan bir çox kütləvi tədbirlərdə yaxından iştirak etdilər, eyni zamanda dövlət qurumlarında könüllü fəaliyyət göstərərək gələcək iş fəaliyyətləri üçün təcrübə qazandılar. Pandemiya dövründə də dövlətimizə, insanlarımıza dəstəklərini əsirgəmədi könüllülər. Tənha ahıllar, fiziki məhdudiyyətli insanlara evlərində olaraq onlara qayğı göstərdi, ərzaq yardımlarının verilməsində köməklik etdi. Könüllü həkimlərimiz ağ libaslı mələklər kimi gözəgörünməz düşmənlə ön sırada döyüşür, insanlara nəfəs verir, həyat bəxş edir.

Könüllülər II Qarabağ müharibəsində-işğal altında olan torpaqlarımızın azad olunması uğrunda apardığımız vətən müharibəsində könüllü olaraq ön cəbhədə döyüşən oğullar idi. Ali Baş Komandanın ölkədə qismən səfərbərlik elan edilməsi ilə bağlı sərəncamından ruhlanaraq torpaqlarımızın müdafiəsi uğrunda könüllü əsgər kimi ordumuzun sıralarına yüzlərlə oğul yazıldı və cəbhəyə, düşmənə layiq olduğu cavabı verməyə yollandı.  Vətən torpağını yağı düşməndən xilas etmək üçün əlbəyaxa oldu. Bu cür qeyrətli oğullarımızın hünəri ilə biz II Qarabağ müharibəsində qələbə qazanaraq erməni kimi  murdar xislətli bir düşməni bizim olan torpaqlardan qovduq. Könüllü  əsgərlərimiz, hərbçilərimizin biri qolunu, biri ayağını, biri canını vətənə pay verdi. Belə oğulları olan vətən basılmaz! 

Cəmiyyətimizi, həyat tərzimizi gözəlləşdirən könüllü qəhrəmanlarımızdan olan Məhərrəm Həsənov Naxçıvan Universitetinin ıv kurs tələbəsidir. Oxuduğu ali təhsil ocağının TGT-nin üzvü olmaqla yanaşı, 2019-cu ildən muxtar respublikadakı bir sıra dövlət müəssisələrində könüllü kimi fəaliyyət göstərir. Düşünür ki,  ictimai işlərdəki fəallıq, könüllü fəaliyyət hər bir  gəncin inkişafına müsbət təsir göstərir.

Məhərrəmin könüllü olmaqda məqsədi, asudə vaxtlarını səmərəli keçirmək, yeni dostluqlar qazanmaq və ən əsası cəmiyyətə bir gənc kimi fayda verməkdir. Könüllü kimi iştirak etdiyi layihələr, qazandığı uğurlar fərdi və sosial inkişafına, gələcək karyerasına təsir edib. “Sosial könüllülük”, “Ekoloji  könüllülük”, “Səyyari dövlət qulluğu könüllülüyü” layihələrinin fəal könüllüsü olan Məhərrəm Gənclər Fondunun  keçirdiyi  müxtəlif intellektual yarışlar və təlimlərdə iştirak edib, layihələrini reallaşdırıb və bir çox gəncləri könüllü fəaliyyətə cəlb edib. Ötən il 5 Dekabr “Beynəlxalq Könüllülər Günü” münasibətilə “ilin ən fəal könüllüsü”adına layiq görülən Məhərrəm bu ilin “Könüllülər ili” olmasını isə gəncliyə göstərilən daha bir diqqət kimi dəyərləndirir.   

Alsu Məmmədli əslən Şəki rayonundandır. Ali təhsil üçün Naxçıvan Universitetini seçib. II kurs tələbəsi olan Alsu könüllü olmağı özünə mənəvi borc bilib. Əslində Alsu o qədər də ünsiyyətcil, aktiv gənc olmayıb. Lakin könüllü fəaliyyətinə başladıqdan sonra  bu problemlərinin öhdəsindən gələrək özünə çoxlu dostlar və gələcək iş fəaliyyəti üçün təcrübə qazanıb. Könüllü gənc kimi bir sıra layihələrin birbaşa iştirakçısı olan, təşəbbüslərə qoşulan Alsu deyir ki, gəncliyə qayğı olmasa idi,  bunların öhdəsindən təkbaşıma gələ bilməzdim. Tənha ahıllarla görüşüb, fiziki qüsurlu insanları ziyarət edib qayğı göstərdim, onlarla birlikdə vaxt keçirdim, gülər üzlərlə qarşılanıb, xeyir-dualarla yola salındım. Bütün bunlar xatirimdən heç vaxt silinməyəcək. Gördüm ki, insanlarımız dövlətimizin daim onlarla olduğuna əmindirlər. Müxtəlif səbəblərdən tənha yaşayan ahıllarımız qətiyyən tək və kimsəsiz deyillər. Bundan sonra da könüllü fəaliyyətimi davam etdirəcəyəm. Gələcəkdə həyata keçirmək istədiyim layihələr  isə “Sosial layihələr” olacaq.

“Könüllülük mənəvi zənginlikdir”- deyən Alsu “Sosial könüllü” kimi həssas qrupdan olan insanlara  pandemiya şəraitində könüllü fəaliyyəti ilə seçilib və bu fəallığına görə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mükafatlandırılıb.

“İnsanlara sevgi, təbiətə sevgi, vətənpərvərlik, ideyaların həqiqətə çevrilməsi-bunların hər biri bizim bir komanda olaraq ətrafında sırf birləşdiyimiz dəyərlərdir. Əslində sadə səslənən və kənardan asan görünən könüllülük çətin, həm də məsuliyyətli bir fəaliyyətdir”.

Bu fikirləri Çimnaz Abbasova deyir. O da könüllüdür. “Sosial” və “Ekologiya könüllüsü”. Könüllülük hər şeydən öncə bir dəyərdir və biz bu dəyəri yaşatmağa  çalışırıq.  Hər bir insanın həyatında bu fəaliyyət olmalıdır. Biz gənclər tələbəlik zamanı iş həyatı ilə bağlı təcrübəsiz oluruq və təəssüflər olsun ki, bu təcrübəni dərs kitablarından əldə etmək mümkün deyil. Könüllü olaraq çalışdıqda  isə qazandığımız təcrübə özümüzə inam hissi yaradır və bizi gələcək iş həyatına hazırlayır. Bir sözlə, könüllü olmaq həyatımıza müsbət təsir edir, daxilimizdəki istedadı üzə çıxarır, ideya və layihələrimizi reallaşdırmağa imkan verir. Deyə bilərəm ki, könüllülük bizim üçün bir yoldur və bu yolu seçərək uğurlarımıza doğru getməyə çalışırıq. Maraqlı və təcrübələrlə dolu olan könüllü fəaliyyətimizlə, əslində, biz həm özümüz xoşbəxt oluruq, həm də insanları xoşbəxt edirik. Könüllü kimi Naxçıvan Gənclər Fondunun bir çox layihələrində iştirak edən Çimnaz üçün ən unudulmaz layihə isə ötən il qatıldığı “Yer saatı” aksiyası olub.

Könüllü fəaliyyəti bitsə də, o, özünü hər zaman könüllülər ailəsinin bir üzvü bilir. “Ekoloji könüllülük”də təbiətə qarşı sevgisini nümayiş etdirir, eyni zamanda kitab müzakirələrinə qatılaraq oxuduğu kitablardan qazandıqlarını başqaları ilə də bölüşür. Gələcəkdə hansı sahədə çalışmağımdan asılı olmayaraq Çimnaz könüllü fəaliyyətini davam etdirməyi düşünür. Çünki  artıq ruhuna hopan könüllülük onun  həyat tərzinə çevrilib.

Sayları onlarla yox, yüzlərlə olan belə gənclər böyük bir ailənin, könüllülər ailəsinin üzvüdürlər. Bu səmimi ailədə fərqli - fərqli düşüncəyə malik gənclər var. O gənclər boş vaxtlarını səmərəli keçirir, cəmiyyət üçün faydalı işlər görür, gələcək fəaliyyətlərində təcrübə qazana bilir və hər birimizə nümunə olurlar.   

İllər keçir, nəsillər dəyişir, ötüb keçən zaman çox şeyi dəyişir. Dəyişməyən şüarlardan biri də “Gənclər gələcəyimizdir”. Könüllülərin də əsas hərəkətverici qüvvəsi olan gənclərin bir neçəsi ilə söhbətimiz zamanı bir daha əmin olduq ki, ölkəmizin bu günü və gələcəyi üçün sağlam bir nəsil yetişir. Deməli, gələcəyimiz vətənpərvər, yardımsevər, milli-mənəvi dəyərlərə bağlı olan bacarıqlı gənclərlə daha parlaq olacaq!

Bu gün daha geniş vüsət alan, dəstəklənən, inkişaf etdirilən könüllülük fəaliyyəti ulularımızdan gələn gözəl ənənələrin davamıdır. 2020-ci il Azərbaycanın  qazandığı Qarabağ zəfəri, sosial-iqtisadi, mədəni nailiyyətlərlə yanaşı, "Könüllülər ili”nin məzmunu ilə də tariximizdə yeni bir işıqlı səhifə oldu. Vətən naminə görülən işlərə qəlbinin sevgisini qoyan insanlarımıza, onların nəcib, xeyirxah əməyinə verilən qiymət – “Könüllülər ili” artıq bitir, könüllü fəaliyyət isə davam edir. Hələ neçə-neçə nəsil xalqımızın milli-mənəvi dəyərlərində mühüm yer tutan bu missiyanı yaşadacaq.

Könüllü gəncliyimiz, sizinlə qürur duyuruq! Könüldən gələn xeyirxah əməllərinizlə  siz bu vətən üçün gözəl gələcək inşa edirsiniz. Biz isə sizdən ilham alaraq könlümüzün saflığını qoruyuruq. Hər zaman xeyirxah işlər görək ki, gələcəyimiz işıqlı, əməllərimiz nurlu olsun.

                                                                 Türkanə Əmoyeva

                                                                    NUHÇIXAN

 Yazı Naxçıvan Muxtar Respublika Gənclər Fondunun elan etdiyi “Könüllülük: tarix və müasirlik” müsabiqəsinə təqdim etmək üçündür.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: